Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7905/2023 25.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Cəfər qızına qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, e-2(010)-5478/2019 nömrəli qətnaməsindən Cavabdeh apellyasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanılmış 22 iyun 2017-ci il tarixli, 4428/1 SAK nömrəli “Kredit müqaviləsi”nin vaxtından əvvəl ləğv edilməsi, Cavabdeh 9892,21 ABŞ dolları əsas borcun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh məxsus, “Kia Sportage” markalı avtomobilə (qeydiyyat nömrəsi: ** GH ***; mühərrik: G4KDDH424763, ban: KNAPB8118E7498975) yönəldilərək, avtomaşının açıq hərracdan satılması və həmin avtomaşının satışından əldə edilən pul vəsaitinin 9892,21 ABŞ dolları borc tələbinin təmin edilməsi üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, əmlakın satışından əldə edilən vəsait 9892,21 ABŞ dolları borc tələbinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, e-2(010)- 5478/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2017-ci il tarixli, 4428/1 SAK nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 22 iyun 2017-ci il tarixli, 4428/1 SAK nömrəli kredit müqaviləsi üzrə 9892.21 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) məbləğində borcun və 30 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və tələbin banka girov qoyulmuş “Kia Sportage” minik markalı, **-GH-*** qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 361.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;
5. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
6. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
7. İşdən müəyyən olunur ki, şikayətdə mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formasına və cədvəl daxilində məzmuna uyğun tərtib edilməmişdir. Yəni, cədvəlin “Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” bölməsində qətnamənin tarixi, alınma tarixi və mübahisənin predmetinə dair heç bir məlumat qeyd olunmamış, “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər”, “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, “Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər”, “Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər”, “Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər”, “Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər” bölmələri tərtib olunmamaqla şikayətin məzmununda da bu xüsusatlar barədə heç bir qeyd aparılmamışdır.
8. Bundan başqa, cədvəlin “Apellyasiya şikayəti verən şəxsin tələbi” bölməsində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməli olduğu halda bu tələbə də riayət olunmamış, qeyri – müəyyən olaraq “Suruxanı Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli qətnaməsində ləğv edilməsinə, faiz dərəcələri silinməsinə və preztdentimiz İlham Əliyev cənablarının Fərmanda irəli gələn kredit borclarının ödənişlərinə güzəştin mənə tətbiq edilməsinə, xəstə balamın dadına yetirmək üçün ipoteka predmeti olan avtomobilinin həbsinin üzərindən götürülməsinə qərar qəbul edəsiniz.” məzmununda tələb irəli sürülmüşdür. Məhz bu tələb əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməni hansı hissəsini ləğv etməli və ya dəyişdirilməli olması, mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsi mümkün deyildir.
9. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
10. Birinci instansiya məhkəməsi də qanunun müzakirə edilən məcburi tələblərinə zidd olaraq, MPM-in 361.1-ci maddəsinə uyğun verilməyən apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
11. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
12. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, e-2(010)- 5478/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev