Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-791/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(004)-382/2020 saylı qətnaməsindən cavabdehlərin apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 17239,43 manat əsas borc, əsas borca hesablanmış faiz borcu 2085,38 manat olmaqla, cəmi 19324,81 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 17 fevral 2016-cı il tarixli, 100810-113177/4 nömrəli kredit müqaviləsinin şərtlərinə görə ASC tərəfindən sonuncuya illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 24500 manat məbləğində kredit verilmiş, müqavilənin təminatı olaraq, Cavabdeh2 tam mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi 17 fevral 2016-cı il tarixli, 100810-113177/4 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(004)- 382/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 17239,43 manat əsas borc, 2085,38 manat faiz borcu olmaqla, cəmi 19324,81 manat və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının iddiaçı olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılması, torpaq sahəsinin ilkin satış qiyməti 35000 manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra torpaq sahəsinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh2 verilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən apelyasiya şikayəti verilərək, ASC-nin qanunsuz olaraq hesabladığı 2085,38 manat faiz borcunun ləğv edilməsi, ümumi məbləğin hissə-hissə ödənilməsinə şərait yaradılması, «Sovetski»dəki evə görə alacağı kompensasiya nəzərə alınaraq vaxt verilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, bank əlavə müddət ötürərək, əlavə faiz hesablamışdır. Ümumi məbləğin hissələrə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, əmlakına tutma yönəldilməklə onsuz da pis vəziyyəti daha da çətinləşdirilmişdir. Pulu ödəməkdən boyun qaçırmır. «Sovetski»də olan evi plana düşmüşdür, əgər karantin olmasaydı artıq həmin evi satıb pulu bağlamışdır, buna görə vaxt verilməsini xahiş etsə də nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, ipoteka predmetinin ilkin satış qiymətinin 35000 manat müəyyən edilməsi ilə razıdırlar. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdeh məhkəməyə gəlmədiyinə görə, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 17 fevral 2016-cı il tarixli 100810-113177/4 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə illik 24 faiz olmaqla 24500 manat məbləğində kredit verilmiş, 17 fevral 2016-cı il tarixli 100810-113177/4 saylı ipoteka müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 məxsus ünvan 2 ipoteka ilə yüklü edilmişdir. 25.02.2020-ci il tarixli, LP-024/20 saylı Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin hazırki bazar dəyəri 35000 manat təşkil edir. Tərəflər ipoteka predmetinin dəyərini mübahisələndirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 17.10.2019-cu il tarixli maliyyə arayışına əsasən həmin tarixə borcalanın banka 17239,43 manat əsas borc və 2085,38 manat faiz borcu olmaqla, cəmi 19324,81 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 1093 gün təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31575 saylı 28.02.2020-ci il tarixli rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi 17.02.2016-ci il tarixli 100810-113177/4 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 17.10.2019-cu il tarixə İddiaçı ASC-yə 17.239,43 manat əsas borc, 2.085,38 manat faiz borcu müəyyən edilmişdir. Ekspert rəyi ilə faiz borcu maliyyə arayışının verildiyi 17.10.2019-cu il tarixə hesablandığından Kollegiya tərəfindən əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5767 saylı 04.03.2021-ci il tarixli rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları nəzərə alınmaqla 17.02.2016-cı il tarixli 100810-113177/4 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 17.10.2019-cu il tarixə İddiaçı ASC-yə olan borcu 17.239,43 manat əsas borc, 2.085,38 manat faiz borcu müəyyən edilmişdir. Qeyd edilmişdir ki, ilkin ekspertiza tədqiqatı zamanı tədqiqat aparılarkən hesabdan çıxarış və maliyyə arayışı nəzərə alınmışdır. Belə ki, maliyyə arayışında göstərilən borc məbləği ilə tədqiqat zamanı hesablanmış borc məbləği arasında fərq yaranmışdır. Yəni, bank tərəfindən borcalana faiz borcu üzrə güzəşt olunmaqla (bank tərəfindən hansı səbəbə görə güzəşt olunması ilə bağlı iş materiallarında sənəd və ya məlumat mövcud deyildir) maliyyə arayışında göstərilən faiz borcu azaldılmışdır. Ona görə ilkin ekspertiza tədqiqatında maliyyə arayışı da nəzərə alınmaqla borc yuxarıda qeyd olunduğu kimi göstərilmişdir. Bundan sonra əlavə məhkəməmühasibat ekspertizası təyin olunmuş və hər iki sənədlərlə hesablamalar qərardadda qeyd olunduğu kimi müqavilə müddətindən sonra illik 5 faiz dərəcəsi ilə hesablamalar aparılmışdır. Beləliklə, yalnız hesabdan çıxarış nəzərə alındıqda müqavilə müddəti bitdikdən sonra illik 5 faiz tətbiq edilməklə 17.02.2016-cı il tarixli 100810-113177/4 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 17.10.2019-cu il tarixə İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 17.10.2019-cu il tarixə əsas borc üzrə - 17.239,43 manat, faiz borcu üzrə - 12.721,11 manat müəyyən edilmişdir. Həmçinin yalnız hesabdan çıxarış nəzərə alındıqda 17.02.2016-cı il tarixli 100810-113177/4 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 17.02.2019-cu il tarixə İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 17.02.2019-cu il tarixə əsas borc üzrə - 20.350,55 manat, faiz borcu üzrə - 12.202,25 manat müəyyən edilmişdir. Ekspert rəyindən də göründüyü kimi, bank tərəfindən borcalana faiz borcu üzrə güzəşt olunmaqla faiz borcu azaldılaraq, maliyyə arayışında göstərilən məbləğdə faiz borcu tələb edilmişdir, ekspert rəyi ilə isə hesabdan çıxarışa əsasən müəyyən edilmiş faiz borcu daha yüksək məbləğdədir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddənin tələblərindən göründüyü kimi işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılır, odur ki, Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq iddia tələbi həcmində maliyyə arayışında göstərilən məbləğdə faiz borcunun tutulması qənaətinə gəlmişdir. Apelyasiya şikayətinin əlavə faiz hesablanması barədə dəlilləri əsassızdır. Bundan başqa cavabdehlər apelyasiya şikayətində ümumi məbləğin hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etsələr də, Kollegiya qeyd edir ki, qeyd edilən məsələ qətnamənin icrası qaydasında həll edilən məsələdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə kollegiya hesab edir ki, cavabdehlərin apelyasiya şikayətində irəli sürdüyü dəlillər formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehlərin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-382/2020 saylı iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-791/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-791/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver