Məhkəmə qərarları › İş №2(103)-7914/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7914/2021

14.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7914/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-479/21 saylı 30.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, onun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, döngə 16, 54 ünvanında yerləşən evə köçürülməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə rəsmi nikah əsasında ailə qurmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında olan nikah pozulmuşdur. Birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən yaşayış evini tikmişlər. Lakin cavabdehlə nikah münasibətlərinə xitam verildikdən sonra sonuncu onu evə buraxmır. Sözü gedən yaşayış sahəsi onun faktiki və yeganə yaşayış yeri olmuş və evin kommunal xərclərini ödəmişdir. O, cavabdehlə ayrıldıqdan sonra kirayə qalır buna görə də maddi və mənəvi əziyyət çəkir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçı və cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X1 ifadəsində göstəmişdir ki, o 11-ci sinifdə oxuyanda onların qaldığı Nərimanov rayonu ərazisində yerləşən evi valideynləri satmışlar. Həmin mənzilin satışından əldə olunan vəsait İddiaçı və Cavabdeh arasında bərabər bölünmüşdür. ünvan 2 ünvanında yerləşən yaşayış evini öz hesabına əvvəlki mənzilin satışından əldə etdiyi pul hesabına tikilmiş və iddiaçının bu evin tikintisində iştirakı olmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 11.10.2019-cu il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1/100№-li, 09.10.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, döngə 16 da yerləşən fərdi evdə qeydiyyatsız yaşayır. İşdə olan Azərbaycan Respulikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti 4 saylı Rabitə Xidmətləri Mərkəzinin 28 MXŞ 3/1118 saylı 25.08.2020-ci il tarixli Arayışına əsasən ünvan 2 ünvanında yerləşən yaşayış evində çəkilmiş telefon İddiaçı adınadır. İş materiallarına əlavə edilmiş Abonent Saldosuna əsasən ünvan 2 ünvanına çəkilən işiq xətti İddiaçı adınadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer-onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və hazırda cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamalıdır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddiaçıya münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçını mübahisəli evə buraxmaması qanunsuzdur. Göründüyü kimi cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur və bu pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. İşə baxan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Kollegiya hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada təmin etməklə işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hazırkı iş üzrə olan 30 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar