Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7916/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı3, iddiaçılar İddiaçı3 və İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “evə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Suraxanı rayonu, Çöllük küçəsində yerləşən 28M №-li fərdi yaşayı evi ilə bağlıdır (bundan sonra – ev). Ev qeydiyyatsız tikilidir, 1 mərtəbəli, 3 otaqlıdır. Evdə cavabdeh Yeganə Mustafayevə yaşayır. X1 İddiaçı2 keçmiş arvadı, İddiaçı3 keçmiş gəlini, İddiaçı1 anasıdır. Cavabdeh Yeganə Musatafayevə ilə İddiaçı2 2001-ci ildə faktiki ailə münasibətlərinə daxil olublar, xx.xx.2005-ci ildə nikah bağlayıblar, nikah məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulub. Cavabdeh Yeganə Mustafayevə 2001-ci ildə İddiaçı2 ilə ailə qurduqdan sonra qayınanasın - İddiaçı3 məxsus, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, ev № 20-də yerləşən 37 №-li mənzilə gəlin köçmüşdür. Mübahisə predmeti olan ev isə 2015-ci ildə qeyri-rəsmi satın alınıb. Cavabdeh tərəf bildirir ki, ev ailə büdcəsinin hesabına alınıb. İddiaçı tərəf isə bildirir ki, İddiaçı2 2015-ci ildə özünə məxsus mənzili – Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev № 3-də yerləşən 75 №-li mənzili satmış, əldə edilən pulla hazırda mübahisə predmeti olan evi satın almışlar. Bundan sonra cavabdeh və iddiaçılar həmin evə köçmüşlər. İddiaçı3 özünə məxsus, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, ev № 20-də yerləşən 37 №-li mənzili kirayəyə vermiş, kirayə haqqı ilə ailənin dolanışığını təmin etmişlər. 2020-ci ilin əvvələrində İddiaçı2 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, cəza çəkdiyi müddətdə İddiaçı3 və İddiaçı1 evdə yaşayıblar. Lakin İddiaçı1 Tükiyədə universitetə qəbul edilməsi ilə əlaqədar İddiaçı3 nəvəsi İddiaçı1 ilə 2021-ci ilin sentyabr ayında Türkiyəyə getmişdir. Türkiyədən qayıtdıqdan sonra cavabdeh onları evə buraxmamışdır. İddiaçı2 cəzasını çəkib qurtarıb, evdə qayıtmaq istəsə də cavabdeh onu da evə buraxmamışdır. İddiaçıların əşyaları hal-hazıra kimi həmin evdədir. Hazırda evdə cavabdeh yaşayır. Cavabdeh tərəf bildirir ki, İddiaçı3 mülkiyyətində Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, ev № 20-də yerləşən 37 №-li mənzil olub. İddiaçı3 cavabdehi qanunsuz olaraq bu mənzildən qeydiyyatdan çıxarıb, bundan sonra mənzili öz qızına bağışlayıb, daha sonra isə mənzil satılıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddiaçılar evə köçürülsün. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçılar evə köçürülsün. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirdi ki, apellyasiya şikayəti təmin olunmalıdır. Belə ki, ev 2015-ci ildə 35.000 manata alınıb, bu pul ailənin büdcəsi hesabına ödənilib. Cavabdeh ev alınan gündən orada yaşayır, o cümlədən cavabdehin oğlu İddiaçı1 da ev alınan gündən orada yaşayıb. Cavabdehin keçmiş əri İddiaçı2 ev alınan gündən (cəzaçəkmə müəssisəsində olduğu müddət nəzərə alınmadan) orada yaşayıb. Cavabdehin keçmiş qayınanası İddiaçı3 isə heç vaxt həmin evdə yaşamayıb. Cavabdeh qətnamnin oğluna aid hissəsini mübahisələndirmir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 bildirdi ki, apellyasiya şikayəti əsassızdır. 2016-cı ilin əvvəlindən 2021-ci ilin sentyabr ayına qədər həmin evdə yaşayıb, bundaın sonra cavabdeh onun evdə yaşamasına imkan verməyib. Ev onun yaşayış yeridir, əşyaları da həmin evdədir. Məhkəmə iclasında iştirak edən, iddiaçılar İddiaçı3 və İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh İddiaçı1 şəxsən və ya nümayəndəsi vasitəsilə məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Ev üzərində heç kəsin mülkiyyət hüququ yoxdur, o, özbaşına tikintidir. İddiaçılar evi zəbt etməyiblər, ev onların yaşayış yeridir. Lakin tərəflərin münasibətləri pozulduqdan sonra cavabdeh iddiaçıların evdə yaşamasına imkan vermir. Cavabdeh tərəf etiraf edir ki, iddiaçılardan İddiaçı1 və İddiaçı2 həmin evdə yaşayıblar. Cavabdeh digər İddiaçı3 evdə heç vaxt yaşamadığını bildirsə də, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər İddiaçı3 həmin evdə yaşadığını təsdiq etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Həmin normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, evə, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçılar köçmək istədikləri evdə yaşayıblar və yaşadıqları evdən məhrum ediliblər. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, güc tətbiq etməklə evə buraxmama və s.) yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ və ya digər əşya hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində qeydə alınan hüququ olmadığından onun iddiaçılara qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Ona görə də qanun pozuntusunun nəticələri aradan qaldırılmalı, iddiaçılar məhrum edildikləri evə köçürülməlidir. Beləliklə, birinci instansiya məhkməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7916/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7916/2022
20.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver