Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-792/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi X5, Cavabdeh3 Şəmşəddin oğlunun hüquqi varisi X4, Cavabdeh4 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və başqalarına qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(004)-201/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 Şəmşəddin oğlunun və Cavabdeh4 birgə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şəmşəddin oğluna və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 cəmi 113323,46 ABŞ dolları məbləğində borcun (əsas borc 76524,75 ABŞ dolları, faiz borcu 36498,71 ABŞ dolları, dəbbə borcu 300 ABŞ dolları) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, Cavabdeh2 cəmi 112192,87 ABŞ dolları məbləğində borcun (əsas borc 79258,44 ABŞ dolları, faiz borcu 32634,43 ABŞ dolları, dəbbə borcu 300 ABŞ dolları) tutularaq ona ödənilməsi, tələblərin Cavabdeh3 Şəmşəddin oğlu tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi, 19 saylı bağ evinə və Cavabdeh4 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 mənzil 155-ə yönəldilməsi, göstərilən əmlakların açıq hərracdan satılması, qeyd olunan əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əmlakların açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına ona ümumilikdə 225516,33 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bankla Cavabdeh1 arasında 04 avqust 2015-ci il tarixində 5000 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 dövriyyə vəsaitinin artımı məqsədi üçün 24 müddətinə illik 22 % hesablanmaqla 110000 ABŞ dolları məbləğində kredit verilmişdir. 19 fevral 2016-cı il tarixində 5000 saylı Kredit müqaviləsinə Əlavə bağlanaraq, müqavilədə göstərilən illik faiz 19 %-ə endirilməklə, kreditin son ödəmə müddəti 04 mart 2021-cı ıl tarixi müəyyən edilmişdir. Bundan başqa, bank ilə Cavabdeh2 arasında 04 avqust 2015-ci il tarixində 5001 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh2 dövriyyə vəsaitinin artımı məqsədi üçün 24 ay müddətinə illik 22% hesablanmaqla 90000 ABŞ dolları məbləğində kredit verilmişdir. 19 fevral 2016-cı ıl tarixində 5001 saylı Kredit müqaviləsinə Əlavə bağlanaraq, müqavilədə göstərilən illik faiz 19%-ə endirilməklə, kreditin son ödəmə müddəti 04 mart 2021-cı il tarixinə təyin edilmişdir. 5000 və 5001 saylı Kredit müqavilələrinin Əlavələrinin təminatı kimi 19 fevral 2016-cı il tarixində 3001 №li İpoteka müqaviləsinə Əlavə bağlanaraq, Cavabdeh3 Şəmşəddin oğluna mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi, 19 saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. 5000 və 5001 saylı kredit müqavilələrinin Əlavələrinin təminatı kimi 19 fevral 2016-cı il tarixində 3002 №li İpoteka müqaviləsinə Əlavə bağlanaraq, Cavabdeh4 mülkiyyət hüququ üzrə məxsus ünvan 1 mənzil 155 ipoteka ilə yüklü edilmişdir. Lakin kredit müqavilələrinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilmir. 06 iyun 2018-ci il tarixli maliyyə arayışına əsasən, 5000 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 06 iyun 2018-ci il tarixinə banka cəmi borcu 113323,46 ABŞ dolları (əsas borcu 76524,75 ABŞ dolları, faiz borcu 36498,71 ABŞ dolları, dəbbə borcu 300 ABŞ dolları) təşkil edir. Həmçinin 5001 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 06 iyun 2018-ci il tarixinə banka cəmi borcu 112192,87 ABŞ dolları (əsas borcu 79258,44 ABŞ dolları, faiz borcu 32634,43 ABŞ dolları, dəbbə borcu 300 ABŞ dolları) təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(004)- 201/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 04 avqust 2015-ci il tarixli 5000 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 76524,75 ABŞ dolları əsas, 36498,71 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 113323,46 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq, İddiaçı ASCyə ödənilməsi; 04 avqust 2015-ci il tarixli, 5001 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 77540,13 ABŞ dolları əsas, 27706,22 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 105546,35 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq, İddiaçı ASC-yə ödənilməsi; tələb üzrə tutmanın Cavabdeh3 Şəmşəddin oğlunun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 19 saylı bağ evinə və Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 155 saylı mənzilə yönəldilməsi; Cavabdeh3 Şəmşəddin oğlunun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 19 saylı bağ evinin ilkin satış qiymətinin 110000 manat, digər Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 155 saylı mənzilin ilkin satış qiymətinin 105500 manat müəyyən edilməsi; həmin bağ evi və mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə olan borcunun ödənilməsi; ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin müvafiq olaraq cavabdehlər Cavabdeh3 Şəmşəddin oğluna və Cavabdeh4 qaytarılması; bağ evi və mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmişdir. Cavabdehlər (ipoteka qoyanlar) Cavabdeh3 Şəmşəddin oğlu və Cavabdeh4 qətnamədən narazı qaldığından birgə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, əsas borclular Cavabdeh1 və Cavabdeh2 bank qarşısında götürdükləri öhdəliklərini lazımi qaydada yerinə yetirməmişlər. Onlar öz əmlaklarını borcun təminatı olaraq ipoteka ilə yüklü etmişlər. Cavabdeh1 hazırda həbsdədir. Onlar hesab etmişlər ki, borclu öz borcunu ödəyəcəkdir. Lakin borclunun həbsə düşəcəyini, tutmanın onların əmlakına yönəldiləcəyini düşünməmişlər. Faiz borcu şişirdilmiş, daşınmaz əmlakların qiymətləri aşağı müəyyən edilmişdir. Hesab edirlər ki, onlara qarşı qaldırılan iddia əsassızdır. Apellyasiya icraatı zamanı Cavabdeh3 oğlu X6 ölüm haqqında şəhadətnaməni təqdim edərək Cavabdeh3 Şəmşəddin oğlunun 30 may 2021-ci il tarixdə vəfat etdiyini bildirmiş və onun prossesual hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. X6 mərhum Cavabdeh3 hüquqi varisi olaraq işə cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 Şəmşəddin oğlunun hüquqi varisi X6 və Cavabdeh4 nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(004)- 201/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh3 Şəmşəddin oğlunun və Cavabdeh4 birgə apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı bankın filialı ilə Cavabdeh1 arasında 04 avqust 2015-ci il tarixində 5000 saylı kredit müqaviləsi bağlanmış, 24 ay müddətinə illik 22% hesablanmaqla 110000 ABŞ dolları məbləğində kredit verilmişdir. 19 fevral 2016-cı il tarixində 5000 saylı kredit müqaviləsinə Əlavə bağlanaraq, müqavilədə göstərilən illik faiz dərəcəsi 19%-ə endirilməklə, kreditin son ödəmə müddəti 04 mart 2021-cı il tarixi müəyyən edilmişdir. Bundan başqa, bank ilə Cavabdeh2 arasında 04 avqust 2015-ci il tarixində 5001 saylı kredit müqaviləsi bağlanmış, Cavabdeh2 24 ay müddətinə illik 22% hesablanmaqla 90000 ABŞ dolları məbləğində kredit verilmişdir. 19 fevral 2016-ci il tarixində 5001 saylı Kredit müqaviləsinə Əlavə bağlanaraq, müqavilədə göstərilən illik faiz dərəcəsi 19%-ə endirilməklə, kreditin son ödəmə müddəti 04 mart 2021-ci il tarixi müəyyən edilmişdir. 5000 və 5001 saylı kredit müqavilələrinin Əlavələrinin təminatı kimi 19 fevral 2016-cı il tarixində 3001 №li ipoteka müqaviləsinə Əlavə bağlanaraq, Cavabdeh3 Şəmşəddin oğluna mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 19 saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. 5000 və 5001 saylı kredit müqavilələrinin Əlavələrinin təminatı kimi 19 fevral 2016-cı il tarixində 3002 №li İpoteka müqaviləsinə Əlavə bağlanaraq, Cavabdeh4 mülkiyyət hüququ üzrə məxsus ünvan 1 mənzil 155 ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 01 noyabr 2019-cu il tarixli 29996 saylı rəyinə əsasən, 04 avqust 2015-cı il tarixli, 5000 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka iddia ərizəsilə məhkəməyə müraciət olunan 08 iyul 2018-ci il tarixə əsas borcu 95009,26 ABŞ dolları, faiz borcu 39069,92 ABŞ dolları məbləğində müəyyən edilmişdir. 04 avqust 2015-cı il tarixli, 5001 saylı kredit müqaviləsi üzrə digər Cavabdeh2 banka iddia ərizəsilə məhkəməyə müraciət olunan 08 iyul 2018-ci il tarixə əsas borcu 77540,13 ABŞ dolları, faiz borcu 27706,22 ABŞ dolları məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin 17.10.2018-ci il tarixli rəyinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 19 saylı bağ evi 110000 manat məbləğində qiymətləndirilmişdir. Digər Cavabdeh4 məxsus ünvan 1-də yerləşən 155 saylı mənzil 105500 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 19 saylı bağ evinin likvid dəyəri 80000 manat məbləğində qiymətləndirilmişdir. Digər Cavabdeh4 məxsus ünvan 1-də yerləşən 155 saylı mənzilin likvid dəyəri 90000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə kollegiyası hər iki apellyator tərəfindən mübahisələndirilən faiz borcu ilə bağlı bildirir ki, məhkəmə tərəfindən borcun müəyyən edilməsi üçün ekspertiza keçirilmiş, yekun borc həmin rəyə uyğun müəyyən edilmişdir. Cavabdehlər isə faiz borcunu mübahisələndirsələr də, faiz borcunun düzgün hesablanmamasını əsaslandırmamışlar. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti dedikdə, qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti nəzərdə tutulur. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Cavabdehlər ipoteka predmetlərinin ilkin satış qiymətinin dəyərindən aşağı qiymətlə müəyyən olmasını bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bunun əksinə məhkəmə kollegiyası müstəqil qiymətləndiricinin rəyi ilə ipoteka predmetlərinin likvid dəyərinin daha aşağı qiymətə olmasını müəyyən etmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti bu hissədə də təmin edilməməlidir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh3 Şəmşəddin oğlunun və Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(004)- 201/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh3 Şəmşəddin oğlunun və Cavabdeh4 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-792/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-792/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver