Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7921/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X6, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh Mehbali oğluna qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(008)-4252/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə hər ay 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslanmışdır ki, iddiaçı cavabdehlə 2015-ci ilin iyun ayında faktiki nikah münasibətinə girmişdir. Ər-arvad kimi birgə yaşadıqları müddətdə 05 avqust 2016-cı ildə qızları X9 anadan olmuşdur. Cavabdeh uşağın atalığını etiraf etmişdir, lakin o, uşağına heç bir maddi yardım göstərmir. Onlar ayrılmışlar. Uşaq azyaşlıdır, ana qayğısına ehtiyacı var. Ona görə də o, iddiaçının himayəsində saxlanmalı və cavabdehdən uşaqın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutularaq ona verilməlidir. O, özü heç bir yerdə işləmir. Uşağı saxlamaq onun üçün çox çətindir. Ona görə də o, məcbur olub cavabdehdən alimentin tutulub ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, cavabdeh tikinti işlərində iş icraçısı vəzifəsində işləyir. Qazancı və gəliri hər ay 4000 manat təşkil edir. O, uşağın saxlanması üçün hər ay sabit məbləğdə 500 manat aliment ödəmək imkanına malikdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(008)-4252/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə, 05 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 16 may 2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir, qalan hissədə isə iddia tələbi rədd edilsin. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində faktiki qeydiyyat yerini və yaşadığı ünvanı düzgün göstərməmiş və Azərbaycan Respublikası MPM-nin 35ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə də qanunun bu tələbini nəzərə almadan onun iddia ərizəsini icraata qəbul etmişdir. Belə ki, iddiaçı qeydiyyatda Biləsuvar rayonunda olmaqla müvəqqəti olaraq Bakı şəhərində, lakin Sabunçu rayonunun Sabunçu qəsəbəsində deyil, Bakı şəhəri Zabrat qəsəbəsində yaşayır. İddiaçı yaşayış yeri barədə düzgün olmayan saxta arayış almışdır. Cavabdeh məhkəmənin gedişi zamanı həmin faktları hakimə bildirsə də, hakim buna əhəmiyyət verməmiş və araşdırma aparmadan qətnamə çıxarmışdır. Məhkəmənin hazırlıq iclasında işin mahiyyəti üzrə 14.06.2021-ci ildə baxılacağı barədə ona rəsmi bildiriş verilmiş, lakin hansı səbəbdənsə, məhkəmə iclasının vaxtı 09.06.2021-ci ilə dəyişdirilmiş və bu barədə ona məlumat verilməmişdir. O, faktiki olaraq heç yerdə işləmir və işsiz kimi X8 qeydiyyatında durur. Yalnız günəmuzd işlər görməklə güclə özünü və əvvəlki nikahından olan övladlarını dolandırır. O, 2007-ci ildə 1-ci dəfə ailə qurmuş və həmin nikahı 29 may 2008-ci ildə rəsmi qeydə alınmışdır. Həmin nikahdan onun 3 övladı dünyaya gəlmiş və sonradan 2015-ci ildə nikahı pozulan zaman övladlarından biri anası ilə, digər iki övladı isə onunla qalmışdır. Hazırda o, əvvəlki nikahdan olan ailəsi və övladına hər ayda 50-70 man maddi köməklik göstərir. Bəzi hallarda isə övladının maddi təminatının təmin olunması məqsədilə imkanı olan vaxtlarda 100 man və daha artıq köməklik göstərir. Bundan əlavə onunla birlikdə yaşayan digər 2 övladı da hər ayda təminatlarının təmin olunması məqsədilə vəsait xərcləyir. Belə olduğu halda sonrakı qeyri-rəsmi nikahından dünyaya gəlmiş bir uşaq üçün 175 man alimentin tutulması ədalətsizdir. Bildirir ki, o, faktiki olaraq heç bir yerdə işləməsə də, iddiaçı faktiki olaraq məhkəməyə iddia ərizəsi verəndən sonra işə daxil olmuşdur və hazırda işləyir. Sosial şəbəkələrdən göründüyü kimi onun hər ayda aldığı əmək haqqı 400 manatdan artıqdır. İşə baxan hakim faktiki olaraq bütün bu halları diqqətlə araşdırmamış və iddiaçı tərəflə münasibəti olduğundan ədalətsiz qətnamə çıxarmışdır. Bu səbəbdən də onun qanuni nikahdan üç övladının olmasını və maddi vəziyyətinin aşağı səviyyədə olmasını, iddiaçının isə işləyərək qazanc əldə etməsi nəzərə alınmaqla tələb olunan alimentin miqdarı azaldılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Mehbali oğlu apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və şükayətində göstərilən hallar nəzərə alınmaqla alimentin təyin olunmuş miqdarının azladılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətini əsassız hesab edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materialları ilə müəyyən edilir ki, cavabdeh Jəmil Müslümov 29 may 2008-ci il tarixdə birinci dəfə nikaha daxil olmuş, həmin nikahdan onun 29 aprel 2008-ci il təvəllüdlü X12, 15 avqust 2009-cu il təvəllüdlü X13, 25 noyabr 2012-ci il təvəllüdlü X10 adlı uşaqları dünyaya gəlmişdir. Salyan rayon məhkəməsinin 17 mart 2015-ci il tarixli qətnaməsi ilə X15 Mülümova arasında bağlanmış həmin nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş X13 və X4 ataları X2, X7 isə anası X5 yanında qalması müəyyən edilmişdir. Həmçinin, iş materiallarında olan arayaşlarla müəyyən edilir ki, cavabdeh Jəmil Müslümov rəsmi olaraq işləmir və fərdi əməklə məşğuldur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, hazırkı iş üzrə tərəflərin 05 avqust 2016-cı il təvəllüdlü X9 adlı ümumi uşaqları vardır. Həmçinin, cavabdehin əvvəlki nikahından doğulmuş iki azyaşlı uşaqları da onun himayəsindədir. X14 hal-hazırda rəsmi əmək fəaliyyəti ilə məşğul deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aliment məbləğinin miqdarını müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi aliment almalı olan uşağın mənafeyini, tərəflərin diqqətəlayiq maraqlarını və diqqətəlayiq digər halları nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 175 manat məbləğində müəyyən edilməlidir. Bu zaman məhkəmə 2021-ci ildə uşaqlar üçün yaşayış minimumunun 175 manat məbləğində müəyyən edilməsini əsas götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi azyaşlının mənafeyini və diqqətəlayiq olan digər halları nəzərə almaqla alimentin tutulmalı olması ilə bağlı gəldiyi nəticə əsaslı olsa da, alimentin məbləğinin ölkə üzrə yaşayış minimumu əsas götürülməklə 175 manat məbləğində müəyyən etməsi düzgün olmamışdır. Belə ki, məhkəmənin özünün də müəyyən etdiyi kimi, cavabdehin öhdəsində əvvəlki nikahından olan üç azyaşlı uşaqları vardır və həmin uşaqlardan ikisinin məhkəmə qətnaməsi ilə onun yanında qalması müəyyən edilmişdir. Digər uşaq isə anası ilə qalsa da, iddiaçı həmin uşağa baxılması ilə bağlı da maddi köməklik göstərdiyini bildirmişdir. Lakin birinci instansiya məhkəməsi alimentin məbləğini müəyən edərkən bu hallara qiymət verməmiş və cavabdehin maddi vəziyyətinin onun digər uşaqlarının maddi ehtiyaclarını təmin etməyə mane olub-olmayacağını araşdırmamışdır. Ailə Qanunvericiliyi aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 19-cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Həmçinin Ailə Məcəlləsinin 56.1-ci maddəsində təsbit olunmuşdur ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilən mövqedən çıxış edərək Konstitusiya Məhkəməsi belə qərara gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin, nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Göründüyü kimi, bu qərarında Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Həmçinin, qeyd edilən qərarda Konstitusiya Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmiş, bu cür maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola biləcəyini vurğulamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Həmçinin, məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırkı iş üzrə cavabdehin öhdəsində iki azyaşlı uşağı vardır. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı iş üzrə alimentin məbləği müəyyən edilərkən xeyrinə aliment tutulan uşaqların üstün mənafeyi ilə yanaşı, aliment ödəyən cavabdehin maddi vəziyyəti və onun öhdəsində olan digər iki uşağın mənafeləri də nəzərə alınmalıdır. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1-ci maddəsi alimentin aylıq qazancın (başqa gəlirlərin) müəyyən hissəsi kimi tutulmasını müəyyən edərkən ( 1 uşağa görə - qazancın və (və ya) başqa gəlirlərin dörddə bir hissəsi, 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı), aliment ödənilməli olan uşaqların sayının artması ilə alimentin ümumi məbləğinin müəyyən qədər azalmasını tənzimləməklə, hər iki tərəfin maddi mənafelərinin təmin edilməsində müəyyən tarazlığa nail olunmasına çalışmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliklə oxşar münasibətləri nizama salan bu prinsipdən alimentin sabit məbləğdə tutulması zamanı da istifadə edilməsi tərəflərin, ilk növbədə aliment ödəyən valideynin və xeyrinə aliment tutulan uşaqların qanunla qorunan mənafelərinin təmin edilməsinə xidmət etmiş olar. Həmin mövqedən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə bir uşaq üçün 175,00 manat həddində müəyyən edilsə də, xeyrinə aliment tutulan uşaqla yanaşı, cavabdehin öhdəsində qalması müəyyən edilmiş digər iki azyaşlı uşağın və aliment ödəyən valideynin qanuni mənafeləri arasında ədalətli balansa nail olunmaqla yuxarıda qeyd edilən prinsipə müvafiq olaraq ağlabatan həddə müəyyən edilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda şərh edilən müddəalarını rəhbər tutaraq, həmçinin işin məhkəmə iclasında müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4252/2021 saylı 14 iyun 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh X1 tutulan alimentin məbləğinin hər ay 140 manat həddində müəyyən edilməsi tərəflərin mənafeyi baxımından mübahisənin qanuni və ədalətli həlli olardı. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi qeyd olunan halları tam və hərtərəfli araşdırmamış və alimentin tutulması hissəsində iddianın tam təmin etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2(008)-4252/2021 saylı qətnaməsi Cavabdeh İddiaçı xeyrinə, 05 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulmalı olan alimentin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə, 05 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 16 may 2021-ci il tarixdən başlayaraq hər ay 140 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7921/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7921/2021
26.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver