Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7925/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 48.519,49 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix xx xxxxxx 1962-ci il, doğulduğu yer - Azərbaycan Naxçıvan MR, Naxçıvan, Nehrəm k., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – İF6UGME, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Musayeva, iş №2(006)-6450/19) ərizə təmin olunaraq, “xxxxxxx” Mənzil Tikinti Kooperativinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri - xx xxxxxx 1962-ci il tarixdə Azərbaycan Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, ünvan 1 mənzil 23/13 ünvanında qediyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Maraqlı şəxs apelyasiya şikayəti verərək Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan “xxxxxxx” Mənzil Tikinti Kooperativi (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə 48519,49 manat məbləğində (o cümlədən, vergilər üzrə 37713,53 manat, faizlər üzrə10685,96 manat, maliyyə sanksiyası üzrə 120 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********885200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Göstərilənlərə əsasən borclu hüquqi şəxs ““xxxxxxx” Mənzil Tikinti Kooperativinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Ərizə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, “xxxxxxx” MTK-nın icra orqanının rəhbəri Maraqlı şəxs deyil, X2r. “xxxxxxx” MTK-nın xx.xx.2005-ci il tarixli, 1 saylı əmrindən və xx.xx.2005-ci il tarixli protokolundan da görünür ki, X5 oğlu MTK-nın sədridir. Bundan başqa, maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, “xxxxxxx” Mənzil Tikinti Kooperativinə xx.xx.2005-ci il tarixdə VÖEN verilmiş, əsas fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının tikintisi olmaqla, rəhbəri Maraqlı şəxsdur. “xxxxxxx” MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsində olan məlumatlara əsasən onun vergi borcu olduğu təsdiq olunur. Məhkəmə həmçinin müəyyən etmişdir ki, “xxxxxxx” MTK xx.xx.2019-cu il tarixli **********885200 qeydiyyat nömrəli vergi borcunun ödənilməsinə dair **********9 nömrəli bildirişlə dövlət büdcəsinə olan vergi borcunun 5 gün müddətində ödənilməsi və vergi borcunu ödəməməyə görə məsuliyyət barədə xəbərdar edilmişdir. Eyni zamanda Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərilərək ondan 10 gün müddətində mövcud borcun ödənilməsi tələb edilmiş və borc ödənilməyəcəyi təqdirdə onun ölkədən getmə hüququnun məhdudlaşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Vergi borcu ödənilmədiyinə görə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin tələbi dövlət büdcəsinə olan 48.519,49 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdlaşdırılması barədə qətnamə çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsi ərizəni əsaslı sayaraq qismən təmin etmiş və qənaətini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs “xxxxxxx” MTK vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranmışdır. “xxxxxxx” MTK (rəhbəri Maraqlı şəxs) dövlət büdcəsinə vergi borcunun olması və vergi borcunu ödəməməyə görə məsuliyyət barədə xəbərdar edilsə də, dövlət büdcəsinə olan vergi borcu ödənilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, borclu “xxxxxxx” MTK-nın dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası MPM-nin 355-5.1, 355-5.2, 355-7.4-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakılara görə apelyasiya şikayətinin dəlillərini əsassız sayır. Apelyasiya şikayətinə əsasən “xxxxxxx” MTK-nın səlahiyyətli şəxsi (icra orqanının rəhbəri) Maraqlı şəxs deyil, X2r. Maraqlı şəxs öz etirazının əsası kimi “xxxxxxx” MTK-nın 17.11.05-ci il tarixli əmrinə və xx.xx.2005-ci il tarixli protokoluna istinad etmiş və həmin sənədlərin surətini şikayətinə əlavə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyator X1 “xxxxxxx” MTK-nın sədri təyin olunması barədə əmrə və təsisçilərin iclas protokoluna istinad etsə də, nə həmin sənədlərin, nə də X1 “xxxxxxx” MTK-nın icra orqanının rəhbəri kimi vergi orqanında qeydiyyatdan keçməsini sübut edə bilməmişdir. Belə ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təqdim etdiyi xx.xx.2019-cu il tarixli hüquqi şəxs haqqında məlumatdan görünür ki, “xxxxxxx” MTK-nın rəhbəri kimi Maraqlı şəxs qeydiyyatdan keçir. Məhkəmə kollegiyası özü də apelyasiya baxışı zamanı elektron informasiya sistemi vasitəsi ilə həmin məsələni aydınlaşdırmış və müəyyən etmişdir ki, “xxxxxxx” Mənzil Tikinti Kooperativinə xx.xx.2005-ci il tarixdə VÖEN verilmiş (VÖEN **********) və onun qanuni təmsilçisi Maraqlı şəxsdur. Apelyasiya şikayətinin digər dəlilinə, yəni maraqlı şəxsin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı yeri haqqında bildiriş maraqlı şəxsin işdə olan yeganə ünvanına – ünvan 2 mənzil 23/13-ə göndərilmiş, lakin bildiriş maraqlı şəxsin həmin ünvanda yaşamadığı qeydiyyatı aparılmaqla rabitə müəssisəsi tərəfindən geri qaytarılmışdır. Hazırda maraqlı şəxs apelyasiya şikayətində də yaşadığı ünvan kimi həmin mənzili göstərmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsin məlumatlandırılması ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Maraqlı şəxs yeni yaşayış yerinin ünvanını işə baxan məhkəməyə bildirmədiyindən rabitə müəssisəsi tərəfindən xx.xx.2019-cu il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri haqqında bildirişinin ona çatdırılması mümkün olmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, maraqlı şəxsin nümayəndəsi və vəkili X3 birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məhkəmə iclaslarında iştirak etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2019-cu il tarixli məhkəmə iclasında Maraqlı şəxs iştirak etməməsi mahiyyəti üzrə düzgün və faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas vermir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7925/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7925/2020
28.10.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver