Məhkəmə qərarları › İş №2(103)-7925/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7925/2022

07.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7925/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehih nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “intizam tənbehi tədbirinin qanunsuz hesab edilməsi, müvafiq əmrə düzəliş edilməsi və müvafiq məlumatlandırmanın həyata keçirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3985/2022 nömrəli və xx.xx.2022-ci il tarixli eyni nömrəli qərardadlarından cavabdeh tərəfindən verilmiş şikayətlərə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3985/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin 29 aprel 2022-ci il tarixli **********3 nömrəli “intizam tənbehinin verilməsi haqqında” əmrində İddiaçı münasibətdə intizam tənbeh tədbirinin (töhmət) qanunsuz hesab edilərək ləğv edilməsi və bununla bağlı müvafiq əmrə düzəliş edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsin vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin bu əmrlə bağlı məlumatlandırmanı həyata keçirməsi qət edilmişdir. Qətnamə xx.xx.2022-ci il tarixdə cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Həmçinin, poçt vasitəsilə göndərilmiş qətnamə cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə prosessual müddətin ötürülməsi əsası ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra cavabdeh tərəfindən “müddətin bərpasına dair” ərizə və apelyasiya şikayəti verilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan başqa cavabdeh məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından şikayət vermişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh eyni zamanda xx.xx.2022-ci il tarixli qərardaddan şikayət vermiş, lakin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətlərin təmin edilməsini xahiş etdi. İddiaçı şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs (nümayəndə) məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməlidir. Belə ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir (maddə 128.2). İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (maddə 128.3). Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (maddə 129.3). Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır (maddə 129.4). “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır (maddə 135.6). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən sonrakı gündən başlanır. Hazırki iş üzrə isə qətnamə cavabdehin elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Belə olan halda prosessual müddətin axını xx.xx.2022-ci il tarixdən başlamış və son günü xx.xx.2022-ci il olmuşdur. İş materiallarından da göründüyü kimi cavabdeh tərəfindən elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti xx.xx.2022-ci il tarixdə verilmişdir. Belə olan halda müəyyən edilir ki, cavabdeh tərəfindən apelyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət daxilində verilmişdir. Odur ki, məhkəmənin hər iki qərardadı ləğv edilməli və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya müddəti ötürülmədiyindən şikayət qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayətlər təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3985/2022 nömrəli və xx.xx.2022-ci il tarixli eyni nömrəli qərardadları ləğv edilsin. Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3985/2022 saylı 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti baxılması üçün icraata qəbul edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar