Məhkəmə qərarları › İş №2(103)-7928/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7928/2021

19.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7928/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əşyaların çıxarılması və yaşayış sahəsinin boşaldılması” tələbi üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 2011-ci ildə rəsmi nikaha daxil olduğunu, nikahlarından bir uşaqlarının dünyaya gəldiyini, 2015-ci ildə nikahlarının pozulduğunu, Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin 28 fevral 2012-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi 29-cu məhəllədə yerləşən yaşayış evinə köçürülməsinin qərar alındığını, həmin qətnamənin qüvvəyə minməsindən sonra cavabdehin özünə məxsus bir neçə əşyanı gətirib evin yeganə təmirli, yaşayışa yararlı otağına yığdığını, lakin nə özünün, nə də X1 həmin yaşayış sahəsində bir gün belə yaşamadıqlarını, cavabdehin yenidən ailə quraraq əri ilə birlikdə ona məxsus olan evdə yaşamağa başladıqlarını, hazırda özünün də yenidən ailə qurduğunu və evin yeganə yaşayışa yararlı otağında arvadı ilə birlikdə yaşamaq istədiyini, amma cavabdehin həmin otağa əşyalarını yığdığını əsas gətirməklə onlara orada yaşamağa imkan vermədiyini, halbuki cavabdehin həmin evə ehtiyacının olmadığını bildirmiş, buna görə də Cavabdeh şəxsi əşyalarını Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi 29-cu məhəllə, Dəmiryolu yeni sahədə yerləşən 3 otaqdan ibarət evdən çıxarmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına, habelə sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. İşə baxılmasının yeri-vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən cavabdeh isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyidirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, tərəflər 09.02.2011-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından 28.02.2012-ci il tarixdə İbrahim adını verdikləri uşaqları dünyaya gəlmiş, 2015-ci ildə ailə münasibətləri pozulmuşdur. İşin müəyyən olunan digər halına görə, Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə X2 İddiaçı qarşı “evə köçürülmə” tələbi təmin olunmuş, X2 azyaşlı övladı - 28 fevral 2012-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi 29-cu məhəllə, Dəmiryolu yeni sahədə İddiaçı ilə birgə yaşadığı 3 otaqdan ibarət evə köçürülməsi qət edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, həmin qətnamə icra edilmiş və iddiaçının bildirməsinə görə, Zümrüd Əliyeva (Xudadova) özünə məxsus əyaları evin bir otağına yerləşdirmişdir. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi 29-cu məhəllə, Dəmiryolu yeni sahədə yerləşən sözügedən evin özbaşına tikili (daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikili) olması da işin müəyyən olunan halıdır və iddiaçının iddia tələbi ondan ibarətdir ki, cavabdeh həmin evdə faktiki yaşamadığı, yəni bu evə ehtiyacı olmadığı üçün ona məxsus əyalar evdən çıxarılmalıdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, cavabdeh mübahisəsi gedən evə məhkəmə qətnaməsi əsasında köçmüş və əşyalarını oraya yerləşdirmişdir; bu mənada kollegiyanın qənaətinə görə, cavabdehin həmin evdə faktiki yaşamaması, ona məxsus əşyaların oradan çıxarılmasına əsas verə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir (Mülki Məcəllənin 551.2.4-cü maddəsi). Digər tərəfdən qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının hüquq iddia etdiyi ev özbaşına tikili olmaqla iddiaçının həmin tikiliyə sərəncam vermək hüququ mövcud deyildir; bu isə o deməkdir ki, onun müvafiq iddianı irəli sürməyə də subyektiv hüququ, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmamışdır.. Kollegiya onu da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də apellyasiya şikayətinin təmin olunması mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-186/2021 saylı iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar