Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7934/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “X5 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-213/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı “X5 Kompani S.A” Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 39 T 416242.00 m B 4475023.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB**********0012467111 №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X5 Kompani S.A.”şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. “X5 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X5 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişə əsasən ARDNŞ “X5 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. “X5 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Halhazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququları mövcuddur. Son illər istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsələr də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X5 Kompam S.A.” şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2- ci Mədən küçəsi, 39 T 416242.00 m B 4475023.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyəyə qaldırılması məsələsi qoyulmuş və buna uygün proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-213/2021saylı, 03.05.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “X5 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbinə dair iddiası təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat iddiaçı “X5 Kompani S.A.” şirkətindən alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir (sədrlik edən: Leyla Talıbova).
4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-213/2021saylı, 03.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmaqla "Suraxanı Oyl OK S.A. ” Şirkətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarına əsasən həmin tikilinin tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən edilməsini, cavabdehin nə torpaq sahəsinə, nə tikiliyə dair hər hansı bir hüquq müəyyənedici sənəd təqdim etməməsini birinci instansiya Məhkəməsinin hakimi nəzərə almamış, qətnamə çıxararkən isə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Həmçinin şikayətdə göstərilmişdir ki, "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cii il tarixli 2 nömrəli qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxdıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq mübahisələrinə baxıldıqda işdə iştirak edən şəxslərin dairəsi tam müəyyən edilməli, torpaq üzərində dövlət mülkiyyət hüququna toxunan mübahisələr olduqda səlahiyyətli dövlət orqanlarının və ya onların yerli orqanlarının və digər icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin prosesdə iştirakı təmin edilməlidir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Qasımov Fərman izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
9. İş materiallarında mövcud olan “X5 Kompani S.A” Şirkəti tərəfindən 22 noyabr 2017-ci il tarixdə verilmiş ümumi etibarnamədə Panama Respublikasının qanunları əsasında qanuni olaraq təsis olunan şirkətin Direktorlar Şurasının qərarı ilə şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə direktor (menecer) vəzifəsinə təyin edilmiş Pakistan vətəndaşı Pervaiz Naveedə Şirkətin adından 16 bənddən ibarət işlərin yerinə yetirilməsi üçün səlahiyyət verilmişdir.
10. İşə əlavə edilmiş 22.01.2020-ci il tarixli aktdan müəyyən olunur ki, 4 saylı neft və qazçıxarma sexin ərazisi olan Yeni Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi ünvanında Cavabdeh məxsus 40 kv.m ölçüdə olan sahədə qanunsuz olan otaq artırılması işləri aşkar olunmuş, bununla bağlı vətəndaş Cavabdeh tikilinin qeyri-qanuni olması barədə xəbərdarlıq edilmişdir.
11. İş materiallarına əlavə edilmiş Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.
12. İş materiallarına əlavə olunmuş, Yeni Suraxanı qəsəbəsi, İnzibari Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23.01.2020-ci il tarixli yaşayış yeri üzrə arayışın surətindən müəyyən olunur ki, Cavabdeh ünvan 3 ünvanına ailəsi ilə birlikdə 13.06.2006-cı ildən qeydiyyata düşərək yaşayırlar.
13. İş materiallarında olan Suraxanı İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 16.10.2020-ci il tarixli C-62-151 saylı məktubun surətindən müəyyən olunur ki, yerində baxış zamanı uzun illər öncə inşa edilmiş fərdi yaşayış evinin dam örtüyünün qəzalı vəziyyətdə olması müəyyən olunmuşdur. Sözügedən fərdi yaşayış evinin dam örtüyünün öz hesabına və mövcud ölçülərdən kənara çıxmamaq şərti ilə metal keramika və ya ondulin ilə dəyişdirilməsinə etiraz olunmamışdır. Hüquqi dəyərləndirmə:
14. İş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli 2(010)-3531/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.03.2021-ci il tarixli 10/4208 nömrəli rəyi 06.04.2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, “X5 Kompani S.A.” şirkətinə ayrılmış torpaq sahəsinin sərhədləri daxilində yerləşən mübahisəli tikiliyə dair mülki iş materiallarında hər hansı bir sənəd olmadığına görə həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 nömrəli qərarına əsasən tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən olunmuşdur. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Həmin torpaq sahəsi və tikili “X5 Kompani S.A.” şirkətinə ayrılmış torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Mübahisəli torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində olub, sənaye təyinatlı neft torpaqlarına aiddir.
16. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehin dövlət tərəfindən onlara ayrılan torpaq sahəsində qanunsuz tikili inşa etməsi barədə tələbini onunla əsaslandırır ki, yuxarıda qeyd edilmiş koordinatlar onlara ayrılan ərazinin hüdudları daxilində yerləşir və cavabdeh də məhz həmin sahədə özünün əvvəl mövcud olduğu evinə 40 kv.m artırma etmişdir. Bu artırma ərazi onların balansına veriləndən sonra edildiyinə görə qanunsuz hesab edilməli və sökülməlidir. Cavabdeh tərəfin iddiaya etirazı ondan ibarətdir ki, fərdi yaşayış evinin dam örtüyünün dəyişdirilməsi ilə bağlı olaraq Suraxanı İcra Hakimiyyətinə müracət etmişdir. Suraxanı İcra Hakimiyyətinin nümayəndələri tərəfindən həmin ünvana baxış keçirilmiş və uzun illər öncə inşa edilmiş fərdi yaşayış evinin dam örtüyünün qəzalı vəziyyətdə olması müəyyən olunmuş və dam örtüyünün dəyişdirilməsinə etiraz olunmamışdır. O, yalnız dam örtüyünü dəyişmiş və həmin evdə artırma ilə bağlı tikinti işləri aparmamışdır. Mübahisənin mahiyyəti cavabdehə məxsus fərdi yaşayış evinin bütünlüklə sökülməsindən ibarətdir.
17. Kollegiya işin hallarına əsasən qeyd edir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər.
18. Bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına nəinki maneçilik törədilməmişdir, əksinə onlardan həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə müvafiq haqq alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılıqlarını bildirmişlər.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
20. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
22. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sadalanan normaların tələblərindən göründüyü kimi, daşınmaz əmlaka məhdud əşya hüququ əldə etməyin üsullarından biri qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquqdur. Hazırkı işdə cavabdehin istifadəsindəki olan torpaq sahəsində tikinti işləri uzun müddət öncə aparılmış və hazırda uzun illər öncə inşa edilmiş fərdi yaşayış evinin dam örtüyünün dəyişdirilməsinə Suraxanı İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. İddia tələbinin dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehin 40 kv.m sahədə özbaşına tikili (evə artırma) inşa etməsi halı işə əlavə edilən sənədlərlə və işin halları ilə təsdiq edilmir.
23. Belə ki, Suraxanı İcra Hakimiyyəti tərəfindən Cavabdeh verilmiş məktubun surətindən müəyyən olunur ki, yerində baxış zamanı uzun illər öncə inşa edilmiş fərdi yaşayış evinin dam örtüyünün qəzalı vəziyyətdə olması müəyyən olunmuşdur. Sözügedən fərdi yaşayış evinin dam örtüyünün öz hesabına və mövcud ölçülərdən kənara çıxmamaq şərti ilə metal keramika və ya ondulin ilə dəyişdirilməsinə etiraz olunmamışdır.
24. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.
25. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır.
26. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın.
27. Beləliklə, iddiaçının apellyasiya şikayətində qeyd etdikləri ilə bağlı kollegiya qeyd edir ki, şikayət kifayət qədər əsaslandırılmamışdır və mülahizə xarakteri daşıyır.
28. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbləri baxımından heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Həmin hüquqa qanuni əsaslarla, o cümlədən məhkəmə qərarı əsasında xitam verilmədiyindən cavabdeh həmin torpaq sahəsindən istifadə hüququndan məhrum edilə bilməz. Eyni zamnada, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün tədbirlər görür.Məhkəmə hesab edir ki, göstərilən vəziyyətdə evin özbaşına tikili olması əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin və onun ailə üzvlərinin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, göstərilən vəziyyətdə evin özbaşına tikili olması əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin və onun ailə üzvlərinin Konstitusiya ilə təsbit olunmuş mənzil hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
30. Kollegiya həm sadalanan hallara əsasən, həm də iddiaçının Mülki Məcəllənin 180ci maddəsinin tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, vətəndaşın uzun müddət ərzində yaşadığı evinin heç bir təminat olmadan sökülməsi və onun faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi Konstitusiyanın bəyan etdiyi prinsiplərə ziddir.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarında hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasına imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasını da əsas kimi göstərmişdir. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi istifadə etdikləri qanunsuz tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X2rşı” qərarında da öz əksini tapmışdır.
33. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddiaçı X5 Kompani S.Aşirkətinin cavabdeh cabbarova Əmrah Əyyub oğluna qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbinə dair iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
34. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
36. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı “X5 Kompani S.A” şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-213/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.