Məhkəmə qərarları › İş №2(103)-794/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-794/2025

08.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-794/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və istifadə hüququnun tanınması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2571/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Biləsuvar rayon Məhkəməsinin 2(022)-85/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə rəsmiləşdirilmiş nikahın pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X4 ananın yanında qalması və Cavabdeh X2 üçün hər ay qazancının ¼ hissəsi miqdarında İddiaçı xeyrinə aliment tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi yeni sahə adlanan ərazidə yerləşən fərdi yaşayış evinə İddiaçı və qızı X1 istifadə hüququnun tanınmasına və yüksək keyfiyyətli hüquqi yardım alınması ilə bağlı vəkilə ödədiyi 500 manat məbləğində pulun, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 50 manat və mediasiyanın təşkili ilə bağlı 50 manat dövlət rüsumunun, ümumilində 600 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 2010-cu ildə ailə quraraq Samirin ata evinə köçmüşdür. Daha sonra onlar Bakıya köçərək bir müddət kirayədə yaşamışlar. xx.xx.2011-ci ildə cavabdehə məxsus Xəzər rayonu Şağan qəsəbəsində yeni sahə deyilən yerdə yerləşən 2 sot torpaqda 2 otaq, mətbəx, hamam, dəhliz, ayaqyolu tikərək oraya köçmüşlər. Ümumilikdə evin tikilməsi və usta xərcləri birlikdə 30.000 manata başa gəlmişdir və bu məbləğin 15.000 manat hissəsi iddiaçının qohumları tərəfindən qarşılanmışdır. Sonradan cavabdehlə münasibətlər pozulmuş və onların artıq ailə kimi yaşaması mümkünsüz hala gəldiyindən 2023-cü ilin iyun ayında evdən çıxmış və Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahları rəsmi qaydada pozulmuşdur. Birgə nikah dövründə doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 iddiaçı ilə birlikdə ünvan 1 ünvanında kirayədə qalır. Hal-hazırda ona və onun qızına məxsus əşyalar da Samirin qaldığı evdə qalmışdır.İddiaçı evindən uzaq düşdüyünə görə narahatdır və qohumlarının maddi köməyi ilə tikilmiş evində yaşamaq istəyir. Bundan başqa, cavabdehlə iddiaçı Bakıya köçdükdən sonra xx.xx.2011-ci il tarixədək Suraxanı rayon, Əmircan qəsəbəsində kirayədə qalmışlar. 2010-cu ilin dekabrından ev tikilməyə başlanıb. Ev və torpaqla bağlı sənədlər yoxdur və kommunnal xidmətlər cavabdehin adınadır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2571/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahə deyilən yerdə yerləşən və Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçürülməsi, Cavabdeh vəkil xidmətinə görə ödənilmiş 500 manat və dövlət rüsumu üçün ödənilmiş 50 manat, mediasiyanin təşkili ilə bağlı 50 manat olmaqla, cəmi 600 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X6).

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2571/2024 nömrəli xx.xx.2024cü il qərardadı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2571/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin “müəyyən etdi” adlanan hissənin birinci abzasında və “qət etdi” adlanan nəticə hissəsinin ikinci abzasında yol verilmiş yanlışlığın düzəldilməsi, həmin qətnamənin “müəyyən etdi” adlanan hissənin birinci abzasında “İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Cavabdeh ilə birgə nikah dövründə ələ edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi yeni sahə adlanan ərazidə yerləşən fərdi yaşayış evinə köçürülərək sahiblik və istifadə hüququnun tanınmasına və yüksək keyfiyyətli hüquqi yardım alınması ilə bağlı vəkilə ödədiyi 500 manat məbləğində pulun, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 50 manat və mediasiyanın təşkili ilə bağlı 50 manat dövlət rüsumunun, ümumilində 600 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir” cümləsi “Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi yeni sahə adlanan ərazidə yerləşən fərdi yaşayış evinə İddiaçı və qızı X1 istifadə hüququnun tanınmasına və yüksək keyfiyyətli hüquqi yardım alınması ilə bağlı vəkilə ödədiyi 500 manat məbləğində pulun, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 50 manat və mediasiyanın təşkili ilə bağlı 50 manat dövlət rüsumunun, ümumilində 600 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir” kimi, həmin hissənin ikinci abzasında “2012-ci ildə cavabdehə məxsus Xəzər rayonu Şağan qəsəbəsində yeni sahə deyilən yerdə yerləşən 2 sot torpaqda 2 otaq, mətbəx, hamam, dəhliz, ayaqyolu tikərək oraya köçmüşlər.... Bundan başqa, cavabdehlə iddiaçı Bakıya köçdükdən sonra xx.xx.2011-ci il tarixədək Suraxanı rayon, Əmircan qəsəbəsində kirayədə qalmışlar.” cümləsi “xx.xx.2011- ci ildə cavabdehə məxsus Xəzər rayonu Şağan qəsəbəsində yeni sahə deyilən yerdə yerləşən 2 sot torpaqda 2 otaq, mətbəx, hamam, dəhliz, ayaqyolu tikərək oraya köçmüşlər.... Bundan başqa, cavabdehlə iddiaçı Bakıya köçdükdən sonra xx.xx.2011-ci il tarixədək Suraxanı rayon, Əmircan qəsəbəsində kirayədə qalmışlar.” kimi, “qət etdi” adlanan nəticə hissəsinin ikinci abzasında “İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahə deyilən yerdə yerləşən və Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçürülsün.” cümləsi “İddiaçı və qızı xx.xx.2011-ci il təvəllüdlü X7 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahə deyilən yerdə yerləşən və Cavabdeh yaşadığı fərdi yaşayış evinə köçürülsün.” kimi oxunması qərar alınmışdır.

6. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdeh tərəf isə həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin iddiaçının əvvəllər həmin tikilidə yaşadığından və tikilini yaşamağa yararlı vəziyyətə gətirmək üçün əmək (vəsait) sərf etdiyindən iddia iddiaçının həmin evə köçürülməsi hissəsində təmin edilməlidir. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarının 7.2-ci bəndinə əsasən, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yeni sahə deyilən yerdə yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması hissəsində təmin edilə bilməz. Çünki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə hesab etmişdir ki, vəkil xidmətinə görə ödənilmiş 500 manat və dövlət rüsumu olaraq ödənilmiş 50 manat və mediasiyanin təşkili ilə bağlı 50 manat məbləğində rüsum iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onların nikahlarının pozulmasına əsas səbəb onun evə az qazanc gətirməyi olmuşdur. Beləki aylıq 540 manat əmək haqqı almağı və Şağan qəsəbəsində bir otaqlı təmirsiz mənzildə yaşamaqları ilə qane olmaq istəmədi. Özü ayrılaraq, evdən gizlin formada qaçaraq və nəhayət onunla aralarında olan nikahı pozaraq daha rahat şərait axtardı. Aliment tələb etdi. İndi əmək haqqının 1/4 -i alimentə gedir. Bu dəfə də sanki ona qarşı növbəti iddia qaldırmaq oyunu idi. Onun yaşadığı evdə gəlib qalmaq kimi bir niyyəti yoxdur. Gələmək istəsə idi, ona heç bir maneçilik də yaratmazdı. Amma iddia qaldırıb ondan əlavə pul tutumaq, əlavə onu xərcə salmaqdır. İstəyirsə gəlib qalsın, amma başa düşə bilmir ki, niyə Mediasiya, məhkəmə və ona hüquqi xidmət göstərən vəkil xərcini o ödəməlidir? Əsas onu narahat edən onun gəlib yaşadığı evdə qalması yox, ondan əlavə pul tutulmasıdır. Onsuz da borcxərc içində itib batır. Alimenti verməyi onu daha da çətin duruma salıb. Əlavə olaraq 600 manat ödəməyi onun üçün dözülməzdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirdi ki, qətnamənin qətnamənin iddiaçının mənzilə kğçürülmə hissəsindən narazı deyil. Heç bir etirazı yoxdur gəlib yaşasın, o heçvaxt buna etiraz etmir. Lakin onun özünün razılığı olduğu halda iddiya baxılıb ondan vəkil xərci, mediasiya xərci və dövlət rüsumu kimi ümumilikdə 600 manatın tutulması hissəsində qətnamənin ləğv edilməsini xahiş edir.

12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

d) Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

14. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

e) Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Cavabdeh tərəfindən qətnamə yalnız məhkəmə xərcləri ilə bağlı hissənin ondan tutulması mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası tərəfləri tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

19. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən hissə, yəni 600 manat məhkəmə xərclərinə aid olduğundan proses iştirakçılarına şamil edilir. Mülki Prossesual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən də vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxil olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının vəkil xərci kimi çəkdiyi 500 manat məbləğində pulu cavabdehdən iddiaçının xeyrinə tutmuşdur. Belə ki, Mülki Prossesual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi hazırkı qətnamə də iddiaçının xeyrinə çıxarılmışdır.

20. İddia ərizəsinin verilməsinə görə ödənilmiş və mediasiya xərci də yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbi qismən təmin olunduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlməkdə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.

21. Belə olan halda da kollegiya göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

23. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2571/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar