Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7943/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və buraxılmış müddət üzrə əməkhaqqının hesablanaraq ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və buraxılmış müddət üzrə əməkhaqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasının 24 yanvar 2022-ci il tarixli 16 saylı əmrinin ləğv edilməsi, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının həkim vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 1.000 manat məbləğində pul, mediasiya üçün ödənilən 50 manat məbləğində pul, cəmi 1.050 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(006)-3832/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. İş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayət vermiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırkı mülki iş üzrə tərəf olmamış və üçüncü şəxs qismində cəlb edilməmişdir. Lakin birinci instansiya məhkəməsi şikayət vermiş şəxsin maraqlarına toxunub-toxunmaması məsələsini müəyyən etmədən şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş sənədlərə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 16 fevral 2015-ci il tarixli 8 saylı qərarının 1.10-cu bəndinə əsasən Tibb Baş İdarəsinin tabeliyində olan tibbi hərbi hissə və müəssisələrin rəisləri mülki tibbi heyəti, Tibb Baş İdarəsinin rəisinin razılığı ilə işə götürür və işdən azad olunur. Həmçinin, iş materiallarında olan ********** saylı vöendən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası müstəqil hüquqi şəxsdir. Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırkı mülki iş üzrə tərəf olmamış və üçüncü şəxs qismində cəlb edilməmişdir, həmçinin Hərbi Poliklinikanın adından apellyasiya şikayəti vermək və ya imzalamaq səlahiyyəti də nəzərdə tutulmamışdır. Məhkəmə prosessində İddiaçı və onun nümayəndəsi (vəkili) Əliyev X2 şikayətinin mümkünlük qərardadının ləğv olunmasını xahiş etdilər. Digər tərəflər Apellyasiya şikayətinin mümkünlük məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişlər. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(006)-3832/2022 saylı qətnaməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv olunaraq, şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-ci maddələrinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qayatarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 400 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(006)-3832/2022 saylı qətnaməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv olunsun, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Şikayətin geri qaytarılması üçün iş materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7943/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7943/2022
21.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver