Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7946/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X2 cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə (Açar sözlər: kredit borcunun restrukturizasiya edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, iddiaçı X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə) «kredit borcunun restrukturizasiya edilməsi tələbinə dair» mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(006)-2889/2022 saylı qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Problemli kreditlərin kompensasiya edilməsinə dair çıxarışa əsasən İddiaçı restrukturizasiya olunması təklif olunan kredit məbləği 6079,99 manat təşkil etmişdir.
2. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən surətindən görünür ki, ona kreditinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər» haqqında 28 fevral 2019-cı il tarixli Fərmanına əsasən restrukturizasiya edilməsi məqsədilə LPO "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən “Əməliyyat idarəsi” filialına və yaxud yaşadığı ünvana yaxın olan ləğv prosesində olan istənilən bankın inzibati binasına yaxınlaşması təklif edilmişdir.
3. Borclu İddiaçı tərəfindən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər» haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cı il tarixli, 551 nömrəli Fərmanına uyğun olaraq "xxxx" ASC ilə bağladığı müqavilə üzrə yaranmış borcun restrukturizasiya olunması xahiş edilmişdir.
4. LPO "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4120 saylı kredit müqaviləsinə əsasən, ona 36 ay müddətinə, illik 26 % ödənilmək şərtilə 7900 (yeddi min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə cavabdeh İddiaçı kredit öhdəliyi üzrə qalan 6079,99 manat əsas, 1409,38 manat faiz, 3820,17 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 871,92 manat faiz məbləği olmaqla, cəm 12181,46 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə bank tərəfindən Biləsuvar Rayon Məhkəməsində iddia qaldırılmışdır. Hazırda məhkəmə mübahisəsinə dair Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi mövcuddur.
5. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(022)-415/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiasının qismən təmin edilməsi, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə xx.xx.2014-cü il tarixli, 4120 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6079,99 manat, müqavilə müddətinin sonuna – 19 mart 2017-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1409,38 manat, cərimə qismində 50 manat, müqavilə müddətinin bitdiyi tarixdən- 19 mart 2017-ci il tarixdən 21 yanvar 2020-ci il tarixədək əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu qismində 871 manat, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 18 manat, cəmi 8429,29 manat pul vəsaiti tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
6. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, 01 mart 2019-cu il tarixə onun banklar və digər kredit təşkilatlarına 360 gündən çox gecikdirilmiş ümumi qalıq borcu milli valyutada 17000 manatdan (və ya xarici valyutada 10000 ABŞ dollarından) çox olmadığı üçün həmin borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Lakin «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi» Qaydasında fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi, daha sonra əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun LPO "xxxx" ASC-dən götürmüş olduğu kredit öhdəliyinin restrukturizasiya olunması, yeni müqavilə öhdəliyinin cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ona "xxxx" ASC-nin Biləsuvar filialından xx.xx.2014-cü il tarixli, 4120 saylı kredit müqaviləsi əsasında illik 26 % ödəmək şərti ilə, 36 ay müddətinə 7900 manat məbləğində kredit verilmişdir. Ailə vəziyyətində yaranmış problemlərlə bağlı çətinliklər yaşandı, bunun nəticəsində kreditinin ödənişlərində yubanmalar oldu. Buna baxmayaraq, o, bu vaxta kimi götürdüyü kreditdən 5039 manat ödəniş etmiş, Cənab Prezidentin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həll ilə bağlı əlavə tədbirlər haqqında» imzalamış olduğu xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanına əsasən onun "xxxx" ASC-nin Biləsuvar filialından götürmüş olduğu kredit Prezidentin müvafiq Fərmanının təsiri altına düşür. Lakin cavabdeh onun götürmüş olduğu kreditin restrukturizasiya olunması üçün hər hansı bir addım atmamış, nəticədə onun-maddi vəziyyəti daha da pisləşmişdir, bu da onu olduqca ağır vəziyyətə salır. Dəfələrlə cavabdehə onun götürmüş olduğu kreditin restrukturizasiya olunmasını xahiş etsə də, onun tələbi cavabsız qalmışdır. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(006)-2889/2022 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia tələbi təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, o, 2019-cu ildə dəfələrlə banka telefon zəngləri etmişdir, dəfələrlə banka gedərək qəbullarda olmuşdur və restrukturizasiyanın onun borcuna tətbiq edilməsi barədə ərizə ilə müraciət etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
15. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 15-ci bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır.
16. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli, ********** saylı Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması) və Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur (7.10-cu bənd).
17. Həmin Qaydanın 6.1-6.16-cı bəndlərinə əsasən Fərmana uyğun olaraq kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Fiziki şəxslə kredit təşkilatı arasında bağlanan yeni güzəştli kredit müqaviləsində ən azı aşağıdakılar nəzərə alınmalıdır: kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur; kreditin müddəti 5 il (1 il güzəşt müddəti ilə) müəyyən olunur və güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur; kreditin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir; kredit müqaviləsi milli valyutada rəsmiləşdirilir; müqavilənin rəsmiləşdirilməsi ilə bağlı komisyon haqq tutulmur; kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı əlavə ödəniş alınmır; kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır; kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtlərdən daha ağır şərtlər müəyyən edilə bilməz. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. İddiaçının apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. İşin müəyyən edilmiş hallarına əsasən İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4120 saylı kredit müqaviləsinə əsasən, ona 36 ay müddətinə, illik 26 % ödənilmək şərti ilə 7900 (yeddi min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixli bildiriş ünvanlanaraq ona kreditinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər» haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cı il tarixli Fərmanına əsasən restrukturizasiya edilməsi məqsədilə LPO "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən “Əməliyyat idarəsi” filialına və yaxud yaşadığı ünvana yaxın olan ləğv prosesində olan istənilən bankın inzibati binasına yaxınlaşması təklif edilmişdir. İddiaçı 2019-cu ilin dekabr ayının 31-dək həmin kredit üzrə restrukturizasiya tətbiq edilməsinə dair ləğv prosesində olan banka rəsmi müraciət etməsini təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Biləsuvar Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(022)-415/2020 saylı qətnaməsi ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən təmin edilmiş, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə xx.xx.2014-cü il tarixli, 4120 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6079,99 manat, müqavilə müddətinin sonuna - 19 mart 2017ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1409,38 manat, cərimə qismində 50 manat, müqavilə müddətinin bitdiyi tarixdən- 19 mart 2017-ci il tarixdən 21 yanvar 2020-ci il tarixədək əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu qismində 871 manat, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 18 manat, cəmi 8429,29 manat pul vəsaiti tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
28. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, o, xx.xx.2019-cu il tarixədək dəfələrlə banka zəng etmiş, bankda olmuş və restrukturizasiya tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.
29. Kollegiya qeyd edir ki, iddiaçının yuxarıda qeyd olunan dəlilləri əsassızdır. Belə ki, iş materiallarına əsasən, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə rəsmi şəkildə yalnız 04 may 2021-ci il tarixdə müraciət etmişdir. İddiaçının xx.xx.2019-cu il tarixədək banka rəsmi şəkildə müraciət etməsinə dair mötəbər sübut təqdim olunmamışdır.
30. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
32. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2889/2022 saylı iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.