Məhkəmə qərarları › İş №2(103)-7956/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7956/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7956/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1, tərcüməçi X2 iştirakı ilə İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamentinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “mənzilin yerləşdiyi binanın yaşayış üçün yararsız hala salınmasının pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüququnun pozulması hesab edilməsi, müqavilənin etibarsız hesab olunması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsindəki 57 nömrəli evin 32 saylı mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 22.02.2020-ci il tarixdə apardığı qeydiyyata əsasən, mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur.

2. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.12.2019cu il tarixli qərarı əsasında həmin binanın sökülməsi və sakinlərin köçürülməsi təmin edilmiş, bu işin icrası Bakı şəhəri İcra Hakimiyyətinin və həmin qurumun MKTD-nin əməkdaşları tərəfindən həyata keçirilmiş, cavabdehlərin hərkətləri nəticəsində sözügedən mənzilə dair 19.05.2020-ci il tarixli alqı-satqı müqaviləsini bağlamağa məcbur olmuşdur.

3. 16 iyun 2021-ci il tarixdə İddiaçı, cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə (1-ci cavabdeh), Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamentinə (2-ci cavabdeh) və Azərbaycan Respublikası Nazirlər Kabinetinə (3-cü cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən mənzilinin yerləşdiyi binanın yaşayış üçün yarıtmaz vəziyyətə salınması, boşaldılmış mənzillərinin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının zədələnməsi, eləcə də davamlı səsküy salınması, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya xətlərinin bağlanılması, ona qarşı psixoloji təzyiqə yol verilməsi və s. narahatçılığın yaradılmasının pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, onunla Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamenti arasında Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmış 19.05.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 301 110 manat, mənəvi zərərə görə isə 50 000 manat məbləğində kompensasiyanın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsindəki 57 nömrəli evin 32 saylı mənzili üzərində mülkiyyət hüququ sonuncu dəfə 22.02.2020-ci il tarixdə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla (qeydiyyat nömrəsi ********) təsdiq olunmuş, mənzilinin yerləşdiyi ev Prezident Sarayı və Nazirlər Kabinentinin inzibati binaları, onların qarşısındakı park, eləcə də Yaşıl Teatrın yaxınlığında olmaqla, Bakı şəhərinin ən gözəgəlimli, bahalı ərazisində yerləşmişdir. 2000-ci ildə baş vermiş zəlzələdən mənzili olan ev zədəsiz və çatsız çıxmış, 3 il əvvəl 3-cü cavabdehin sərəncamı ilə binanın fasadı və daxili kommunikasiyaları təmir edilmiş, bundan sonra binanın əksər sakinləri öz mənzillərini təmir edərək əhəmiyyətli maddi xərclər çəkmişlər. Evin yaşayış üçün tam yararlı olması fikri bu yaxınlaradək heç kimdə şübhə yaratmamışdır. Lakin ötən ilin oktyabrında Azərbaycan Respublikasının Baş Naziri təyin olunmuş Əli Əsədov Nazirlər Kabinetinin inzibati binasını genişləndirmək arzusunu gerçəkləşdirmək üçün həmin qurumun adından 11 dekabr 2019-cu il tarixli 764s nömrəli sərəncam imzalamışdır. Həmin sərəncamın mətni ilə o və başqa sakinlər heç vaxt tanış olmayıblar, çünki sənədin surəti nə onlara təqdim edilib, nə də ki, mətni 3-cü cavabdehin saytında var. 2020-ci il yanvar ayının sonlarından başlayaraq mənzili yerləşən yaşayış binasına başda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov (sonradan bilinib ki, o, "qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsini təmin edilməsi məqsədilə” yaradılan komissiyanın sədridir) olmaqla 1-ci cavabdehin əməkdaşları gələrək sakinlərdən mənzillərini tərk etmələrini tələb edib, 3-cü cavabdehin həmin evin yerində yeni bina tikəcəyi barədə sərəncamın olması, mənzillərin əvəzində onların sahəsinin hər kvadratmetrinə görə mülkiyyətçilərə 2500 manat kompensasiya ödəniləcəyini bildiriblər. 1-ci cavabdehin nümayəndələri deyiblər ki, bina guya qəza vəziyyətindədir və sökülməlidir, ultimativ şəkildə mənzil mülkiyyətçilərinin, o cümlədən ərizəçinin mənzillərini satmasını tələb ediblər. Sakinlər, 3-cü cavabdehin belə səlahiyyəti olmaması, yaşadıqları binanın, hətta 2000-ci il zəlzələsi zamanı ziyan çəkməməsi, özülünün monolit qaya olması, çox dayanıqlı olmasını, təklif edilən cüzi kompensasiya müqabilində yaşayış yerlərini tərk etmək niyyətində olmadıqlarını bildiriblər. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24.12.2019-cu il tarixli 409 №li "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 dekabr 2019-cu il tarixli 764 s nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında” Sərəncamına görə, mənzili olan bina guya qəza vəziyyətindədir və onun əsasında yaşayış sahələrinin mülkiyyətçiləri ilə müqavilələr bağlanılması 2-ci cavabdehə həvalə edilib. O və başqa sakinlərin dövlət hakimiyyəti orqanlarına, inzibati orqanlara çoxsaylı müraciətləri heç bir nəticə verməyib. 1-ci cavabdehin nümayəndələri bundan sonra da dəfələrlə evinə gələrək onun və başqa mənzil mülkiyyətçiləri qısa zamanda müqavilə bağlamayacaqları təqdirdə su, qaz, telefon, elektrik enerjisi təchizatının kəsiləcəyi, pilləkənlərin tikilməyəcəyi ilə hədələyiblər. Tələblərinə baxmayaraq, 3-cü cavabdehin bina barəsindəki sərəncamının surəti ona ümumiyyətlə verilməyib, 1-ci cavabdehin bu barədə sərəncamının surətini isə qeyri-rəsmi yolla əldə edib. Cavabdehlərin onu və başqa mülkiyyətçiləri mənzillərindən çıxarma fəaliyyəti COVİD-19 ilə bağlı karantin dövründə xüsusi vüsət alıb. 08 aprel 2020-ci il tarixində binaya sahə müvəkkili ilə birgə gəlmiş cavabdeh nümayəndələri bildiriblər ki, xaricdə olan sakinlərin mənzillərinin qapıları sındırılacaq və əşyaları başqa yerə aparılacaq. 09 aprel 2020-ci il tarixində evinə bitişik binanın dağıdılması başlanılıb, halbuki həmin vaxta binanın sakinlərindən biri cavabdehlərlə razılığa gəlməmişdi. Aprelin 11-də bina dağıdılma məqsədi ilə hasara alınıb. Aprelin 18-də 1-ci cavabdehin sakinlərə ünvanlanmış məktubundan məlum olub ki, onların cavabdehlərin hərəkətləri ilə bağlı verdikləri kollektiv şikayət 1-ci cavabdehə, ondan isə baxılması üçün 2-ci Cavabdehə göndərilib. Artıq aprel ayında binaya gələn su xətti cavabdehlər tərəfindən zədələnib. Həmin vaxtdan mütəmadi olaraq yaşayış binasında su xətti, elektrik enerjisi, qaz və başqa kommunikasiyalar ilə bağlı problemlər yaşanıb. "xxxx" MMC-nin 28 aprel 2020-cı il tarixli qiymətləndirmə hesabatına əsasən mənzilinin bazar dəyəri (torpaq sahəsinin qiyməti, eləcə də “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Qanundan irəli gələn kompensasiyalar nəzərə alınmamaqla) həmin tarixə 154 700 manat olub. Aprelin 28-də, 2ci cavabdehin nümayəndələri yenidən binaya gələrək bu dəfə artıq kateqorik şəkildə 29 aprelə qədər mənzilini tərk etməsini tələb ediblər. Beləliklə, mülkiyyətində olan mənzilin, onun yerləşdiyi binanın taleyi məmur özbaşınalığı səbəbindən real təhlükə altına alınıb. Cavabdehləri onun və başqa sakinlərin hüquqlarının mövcudluğu əsla narahat etməyib, onlar məhkəmə qərarı olmadan binanı tədricən yaşamaq üçün yararsız vəziyyətə salıblar. 29 aprel 2020-ci il tarixində Bakı İnzibati Məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbiri görülməsinə dair ərizə verərək Bakı şəhəri, Səbail rayonu, Saraykin 57 saylı evdə və həmin evin torpaq sahəsində, eləcə də sahəyə bitişik ərazidə cavabdehlərə və başqa şəxslərə hər hansı söküntü işləri və mülkiyyətindəki mənzilin yerləşdiyi evə xələl gətirə biləcək hər hansı işlərin aparılması qadağan edilməsini və s. xahiş edib. Lakin karantinlə bağlı olaraq məhkəmə bağlı olduğundan ərizəni orada qəbul etməyiblər. Aprel ayına binanın əksər sakinlərinin köçürülməsinə nail olan 2-ci cavabdehin işçiləri boşaldılmış mənzilləri, o cümlədən ərizəçinin 3-cü mərtəbədə yerləşən mənzilindən aşağıda yerləşən mənzilləri söküblər. Bu ona gətirib çıxarıb ki, bina süni yolla qəza vəziyyətinə salınıb, və ərizəçinin mülkiyyət və sair hüquqlarının koronavirusla bağlı karantindən sonra hüquqlarının qorunması mümkünsüz olub. 02 may tarixində cavabdehlər divar qonşusunun mənzilini dağıdıblar, qonşuları ilə ümumi balkonunun söküntüsünə başlayıblar. Mayın 10-da, Azərbaycan Respublikası Prezidentinə ünvanladığı müraciətə 1ci cavabdehin məlum əməkdaşı Zülfəli İsmayılovdan cavab məktubu alıb. Sonuncunun əvvəllər sakinlərə söylədiklərini təkrarlayan məktubun məzmunu mülkiyyət, mənzil və s. hüquqlarının real qorunması mümkünlüyünün nə dərəcədə illüzor olduğunu göstərir. Həmin vaxta binanın artıq damı dağıdılırdı. Mayın 14-də binaya gələn qaz kəməri kəsilib, sakinlərə bildiriblər ki, 1-ci cavabdehin sərəncamına əsasən bunu edirlər. 19 may 2020-ci il tarixində cavabdehlərin inzibati orqanların özbaşınalığı, hakimiyyətdən sui-istifadəsi, hədələrinin təsiri altında, mənzilini - yaşayış yerini faktiki itirərək ağır vəziyyətə düşərək cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə AN-İ ******* №li daşınmaz əmlakın (mənzilinin) alqı-satqı müqaviləsi bağlayıb, həmin müqavilə Bakı şəhəri 13 saylı notariat ofisində təsdiq edilib. Mülkiyyətçiyə məxsus mənzil dövlət ehtiyacları üçün alınmamışdır və mülkiyyətçilər istənilən məbləğə onlara məxsus olan mənzili sata bilərlər. Hüquqi baxımdan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun təsirinə məruz qalanlardan daha əlverişli statusa malik olduğundan, onun həmin şəxslər üçün nəzərdə tutulmuş kompensasiyalara (mənzilin bazar qiymətinin 20 faiz miqdarında və 10 faiz miqdarında çətinliklə bağlı) tam hüququ var. Mənzilin bazar qiymətinin (154 700 manat) 20%-ni (30 940) manat təşkil edir. Həmin mənzilin bazar qiymətinin 10%-ni 15 470 manat təşkil edir. Beləliklə, təkcə məhv edilmiş mənzilə görə ona (154 700+30 940+15 470) 201 110 manat maddi kompensasiya məbləği kimi ödənilməlidir. Bundan başqa, evinin yerləşdiyi torpaq sahəsi də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə o cümlədən ona məxsusdur. Daşınmaz əmlakının torpağa aid hissəsini 100 000 manat qiymətləndirir. Beləliklə, dəymiş maddi ziyana görə ona 301 110 (üç yüz bir min bir yüz on) manat ödənilməlidir. Dövlət ehtiyacının olmadığı halda, öz əmlakına istədiyi qiyməti müəyyən edə bilər, çünki MM-in 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdehlər öz hərəkətləri ilə onun İnsan Hüquqları və X3 haqqında Konvensiyanın 3 və 8-ci, Konvensiyaya dair 1 saylı Protokolun 1-ci, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsini pozublar. Ona dəymiş maddi zərərin miqdarını 301 110 (üç yüz bir min bir yüz on) manat, mənəvi zərəri isə 50 000 (əlli min) manata uyğun hesab edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, müqavilə qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onun etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası olmadığından iddia tələbləri əsassızdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini belə əsaslandırmışdır ki, Bakı şəhəri 13 saylı Notariat ofisində 19.05.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi təsdiq edilərkən həmin mənzilin həbsdə və yüklü olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat mövcud olmamış, habelə tərəflərin hər ikisinin iradə ifadəsinin olub-olmaması müəyyən edilmişdir. Bununla bağlı notarius alqısatqı müqaviləsini təsdiq edərkən mübahisəli ev üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Bundan başqa notarius tərəflərin hər ikisinin müqaviləni bağlayarkən müqaviləni bağlamaq iqtidarında olub-olmadıqlarını, habelə öz iradələri ilə bu müqaviləni bağladıqlarını yoxladıqdan sonra sözügedən müqaviləni təsdiq etmişdir. Qeyd edilən xüsusatlar onu deməyə əsas verir ki, mübahisəli mənzilə dair notariat ofisində həmin müqavilə bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuşdur. Müqavilə qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan və onun əsassızlığını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən onun etibarsızlığına hər hansı bir əsas yoxdur. İddiaçının digər tələbləri isə iddianın əsassız sayılan müqavilənin etibarsızlığı” hissəsindən bilavasitə asılı olduğundan təmin edilməməlidir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

10. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, ... apellyasiya instansiyası məhkəməsi qətnaməsində Mülki Məcəllənin 339-cu maddəsində nəzərdə tutulan etibarsızlıq əsaslarından hər hansı birinin mövcud olmadığını ümumi şəkildə qeyd etsə də, tələbin hüquqi əsasının konkret olaraq hansı maddi hüquq normasının təşkil etməsini göstərməmiş, işin faktiki halları baxımından gəldiyi nəticəni lazımi şəkildə əsaslandırmamışdır. Apellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi notariat ofisində təsdiq edilərkən mənzilin həbsdə və yüklü olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat mövcud olmamış, notarius tərəflərin hər ikisinin müqaviləni bağlayarkən müqaviləni bağlamaq iqtidarında olub-olmadıqlarını, habelə öz iradələri ilə bu müqaviləni bağladıqlarını yoxladıqdan sonra sözügedən əqdi təsdiqləmiş, bununla da notariat orqanı tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmuşdur.

11. Kassasiya instansiyası vurğulamışdır ki, müqavilənin etibarsızlığına dair iddiaçının istinad etdiyi hallar mənzilin yüklülüyü və ya notariusun yerinə yetirməli olduğu vəzifələrlə bağlı deyil, əqdin iradənin zədələnməsi nəticəsində bağlanması ilə əlaqədar olmuşdur və iddiaçının bildirdiyi faktiki hallar nəzərə alındıqda tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 339.1-ci və 339.4-cü maddələri nəzərdən keçirilə bilər. Lakin işə mahiyyəti üzrə baxmış məhkəmələr iddiaçının bildirdiyi faktiki halların qeyd edilən maddi hüquq normalarının zəruri dispozisiya şərtlərinə uyğun olub-olmamasını müzakirə etməmiş, faktiki hallara dair iddiaçının təqdim etdiyi sübutlara prosessual qanunvericiliyin tələbləri (mümkünlük, mötəbərlilik, kifayətlilik və s.) baxımından qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışlar.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası

12. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə etmiş, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər, habelə üçüncü şəxslər isə nümayəndələrini məhkəməyə göndərməmişlər.

Tətbiq edilən hüquq

“İnsan hüquqlarının və X3 haqqında Konvensiya”:

13. Maddə 3. Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.

14. Maddə 8. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

15. 1 saylı Protokol, Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

16. 4 saylı Protokol, Maddə 2. Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər.

Azərbaycan Respublikasının Konstitusiyası:

17. Maddə 13, İİ və İİİ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

18. Maddə 29, İ, İV və Vİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

19. Maddə 46, İİİ hissə. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.

20. Maddə 31, İİ hissə. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

22. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

25. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

26. Maddə 389.1 və 389.2. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

27. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

33. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

37. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.

38. İddiaçı bildirir ki, mənzilinin alqı-satqısına dair müqavilə iradəsinin zədələnməsi nəticəsində bağlandığı üçün etibarsızdır, cavabdehlər tərəfindən ona qarşı mülki hüquq pozuntusu törədilmişdir, pis rəftara məruz qalmaqla mənzil və mülkiyyət hüquqları pozulmuş, müqavilə bağlamağa məcbur edimişdir.

39. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü tələblərə yuxarıda adı çəkilən Konvensiya, Konstitusiya və Qanunlarda təsbit olunmuş hüquqlar, həmin hüquqların məhdudlaşdırılma əsasları və əqdin etibarsızlığı ilə bağlı qaydalar çərçivəsində müvafiq hüquqi qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. İddiaçının istinad etdiyi hüquqlar “İnsan hüquqlarının və X3 haqqında Konvensiya”da və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur (§ 13-16, 17-20).

41. Bununla belə nəzərə alınmalıdır ki, mənzil və mülkiyyət hüquqları mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onların məhdudlaşdırılması imkanı da vardır. Yuxarıda sadalanan hüquqi aktlarda mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın şəkildə göstərilmişdir.

42. Mülkiyyət hüququnu beynəlxalq səviyyədə təsbit edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş).

43. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.

44. İşin hallarından aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 764s saylı 11.12.2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi ev 57 ünavanında yerləşən 16 mənzilli və 10-cu park döngəsi 6 ünvanında yerləşən 9 mənzilli qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin köçürülməsi və digər zəruri tədbirlərin görülməsi, həmçinin həmin binaların sökülməsi ilə bağlı Azərbaycan Respublikasının 2019-cu il Dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 4 000 000 (dörd milyon) manat məbləğində vəsait ayrılmış, Maliyyə Nazirliyinə həmin vəsaitin ödənilməsini təmin etmək tapşırılmış, Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının İşlər İdarəsinə həvalə edilmişdir.

45. İşdən görünür ki, notarial qaydada təsdiq edilmiş 19.05.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı İddiaçı, Bakı şəhəri Səbail rayonu Saraykin küçəsi ev 57 ünavanında yerləşən 32 nömrəli mənzilini 145 750 manat müqabilində alıcı Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin mülkiyyətinə vermişdir.

46. İş materiallarından həmçinin aydın olur ki, 28.04.2020-ci il tarixdə iddiaçının sifarişi əsasında "xxxx" MMC tərəfindən həmin mənzilin qiymətləndirilməsi həyata keçirilmiş, mənzilin bazar dəyərinin 154 700 manat olduğu müəyyən edilmişdir.

47. Beləliklə, iddiaçıya məxsus mənzilin yerləşdiyi binanın qəzalı vəziyyətdə olması səbəbilə sökülərək sakinlərin oradan köçürülməli olduğu hökumətin qərarında nəzərdə tutulmuş, binanın sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin həll edilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunmuş, adı çəkilən qurum tərəfindən həyata keçirilən müvafiq tədbirlər (binanın söküntü işlərinin həyata keçirilməsi, sakinlərin köçürülməsi və s.) çərçivəsində iddiaçı öz mənzilini dövlət orqanına satmışdır.

48. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq kollegiya hesab edir ki, qəzalı vəziyyətdə olan, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış binasının sökülərək insanların oradan köçürülməsində ictimai marağın olması şübhəsizdir. Buna görə də, birbaşa olaraq aşağıdakı sual araşdırılmalıdır: mülkiyyət hüququna müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yaxud həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?.

49. Kollegiya xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).

50. Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş).

51. İşin hallarından görünür ki, iddiaçı ilə müqavilə məhz ona, mülkiyyətinin əvəzində kompensasiya ödənilməsi məqsədilə bağlanılmış, mənzilin qiyməti 145 750 manat olaraq razılaşdırılmış, bu məbləğ iddiaçıya ödənilmişdir.

52. Alqı-satqı müqaviləsinin bağlanmasından 20 gün əvvəl iddiaçının özünün sifarişi əsasında verilmiş qiymətləndirmə rəyində mənzilin qiymətinin 154 700 manat göstərildiyini, yəni alqı-satqı qiyməti ilə iddiaçının təqdim etdiyi rəydəki qiymət arasında kəskin (tənasübsüz) fərq olmadığını nəzərə almaqla kollegiya hesab edir ki, alqı-satqı dəyəri (faktiki olaraq kompensasiya) ədalətli balans yaratmaqla mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmuşdur.

53. Qeyd olunmalıdır ki, etibarlı bir müqavilə qanunla tanınan hüquqi nəticə mülki hüquq və vəzifələri əmələ gətirir (§ 21, 22, 26). Əşyanın mülkiyyətçisi tərəfindən satılması ona əvəzli şəkildə sərəncam verilməsini özündə ehtiva edir. Odur ki, tərəflərin bağladıqları ikitərəfli əqd əsasında mənzil alıcının mülkiyyətinə verilmişdirsə, bu hal satıcının mənzil üzərindəki mülkiyyət hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilə bilməz. Bu baxımdan mübahisə predmeti olan əqdin etibarlı olub-olmamasına dair araşdırmanın nəticəsi hazırkı iş üzrə iddia tələblərinin düzgün hüquqi həlli üçün mühüm əhəmiyyət kəsb edir.

54. İddiaçının “müqavilənin etibarsız sayılması” tələbinin hüquqi əsası kimi nəzərdən keçirilən Mülki Məcəllənin 339.1-ci və 339.4-cü maddələrinin məzmunundan göründüyü kimi, hər hansı əqdin ağır şərtli olması qənaətinə gəlinməsi üçün tərəflərin öhdəlikləri arasında ciddi bir tənasübsüzlük olmalı, bu tənasübsüzlük bir tərəfin zəifliyindən qaynaqlanmalı, müqavilənin bir tərəfinin digər tərəfi istismar etməsi faktı sübuta yetirilməli, bu zəifliyin istismarı qəsdlə əhatə olunmalı və mübahisəli əqd zəiflikdən qəsdən istismarın nəticəsində bağlanmış olmalıdır.

55. Əqdin zorakılıq və ya hədələmə əsası ilə etibarsız sayılması üçün isə aşağıdakı şərtlərin mövcudluğu zəruridir: müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) qəsdən zorakılıq və ya hədə xarakterli davranış etmiş olmalı; belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı; zorakılıq və ya hədələmə real olmalı və müqavilənin digər tərəfi həmin məcburetmənin aşkar təsiri və ya sözügedən hərəkətlərin özü və ya əmlakı üçün real təhlükə yarada biləcəyi qənaəti nəticəsində müqaviləni bağlamalıdır.

56. Kollegiya vurğulayır ki, həmin əsaslara söykənən iddiada sadalanan şərtlərin hər biri sübuta yetirilməlidir. Onlardan hər hansı birinin aşkar edilməməsi bu xarakterli tələbin rədd edilməsi üçün əsasdır. Bu halları sübut etmək yükü isə onları iddia edən tərəfin üzərinə düşür.

57. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının mübahisələndirdiyi müqavilənin qarşı tərəfi olan Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nazirlər Kabinetinin (hökumətin) Sərəncamının icrasını həyata keçirmək və iddiaçıya kompensasiya ödəmək məqsədilə həmin müqaviləni bağlamış, əmlakın alqısatqı dəyəri (kompensasiya) bazar qiymətinə mütənasib (proporsional) olmuş və tərəflərin öhdəlikləri arasında ciddi bir tənasübsüzlük yaranmamış, iddiaçıya qarşı qəsdən zorakılıq və ya hədə xarakterli davranış həyata keçirilməmişdir.

58. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

59. Məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur.

60. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

61. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir.

62. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur.

63. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

64. Oxşar mövqe X4 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan suiistifadə etmiş olur.

65. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1411/2020 saylı iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar