Məhkəmə qərarları › İş №2(103)-7957/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7957/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7957/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı «borc pulun və gecikdirməyə görə faizlərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(008)-3062/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh X3 (bundan sonra, cavabdeh) qarşı «borc pulun və gecikdirməyə görə faizlərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 1050 manatın alınıb ona ödənilməsi və ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər geçikdirilmiş gün üçün faizlərin tutulmas barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ilin əvvələrində cavabdehlə bir yerdə işləyərkən tanış olmuş, sonuncu mercendayzer vəzifəsində işləmişdir. Bir neçə ay bir yerdə işləyəndən sonra cavabdeh ondan telefon mağazalarının birindən telefon götürüb ona verməyini və həmin telefonun pulunu da hər ay hissə-hissə ona verəcəyini bildirmiş, o, 2019-cu ilin təxminən mart ayında Bakıxanov qəsəbəsində yerləşən tanışının telefon mağazasından 550 manat məbləğində telefonu götürüb cavabdehə vermişdir. Cavabdeh hər ay 50 manat olmaqla 4 ay müddətində 200 manat pulu ona vermişdir. Telefonu cavabdehə verdikdən bir neçə ay sonra cavabdeh ona bildirmişdir ki, 200 manat məbləğində pul lazımdır. Həmin borc pulu da hər ay 50 manat olmaqla 4 ay müddətinə ona qaytaracağına söz vermişdir. Həmin söhbətdən bir neçə ay keçdikdən sonra 2019-cu ilin iyul ayında cavabdeh işdən çıxmış, bundan sonra nə 200 manat pulu nə də ki, telefona görə borclu olduğu 350 manat pulu qaytarmamışdır. Həmin müddətdə cavabdehin ona cəmi 550 manat borcu var idi. Bir neçə ay keçdikdən sonra, 2020-ci ilin iyul ayında cavabdeh yenidən onların işlədiyi yerdə işləmək istədiyini, maddi vəziyyəti çox pis olmasını bildirmişdir. Ondan qəbzə imza etməklə borca 500 manat pul almışdır. Pulu alıb getdikdən sonra o, nə işləmək üçün onların iş yerinə gəlmiş, nə də ki, borcu dediyi və qəbzdə qeyd etdiyi tarixdə qaytarmışdır. Artıq ilk borcu qaytarmalı olduğu vaxtdan 2 ilə yaxın müddət keçməsinə baxmayaraq borclu öhdəliyini yerinə yetirmir. Hər dəfə bir bəhanə gətirərək borcunu ödəməkdən boyun qaçırır. Qeyd edilələrə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(008)- 3062/2021 saylı qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddianın təmin edilməməsi qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin tam, hərtərəfli və obyektiv araşdırılmamasını, iddianın təmin olunmalı olmasını, hakim tərəfindən ona 500 manat pulla bağlı cavabdeh tərəfindən imzalanmış qəbzin əslinin təqdim olunmasının təklif olunmamasını və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan 10.06.2020-ci il tarixli sadə yazılı formada tərtib edilmiş əlyazmadan (qəbzdən) görünür ki, cavabdeh X4 10.06.2020-ci il tarixdə İddiaçı borc aldığı 500manat məbləğində pul vəsaitini 01 noyabr 2020-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş sadə yazılı formada tərtib edilmiş qəbz, kserosurət olduğundan, əslinin isə harada olması barədə kifayət qədər məlumat olmadığından iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (MPM-in 8.1, 9.1 və 9.3-cü maddələri). İşdən (məhkəmə iclas protokolları və s.) görünür ki, məhkəmə tərəfindən iddiaçıya borcun etirafı barədə cavabdeh tərəfindən tərtib olunmuş qeyd edilən sənədin (sübutun) əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunması təklif olunmamış, bu istiqamətdə iddiaçıya hər hansı sual verilməmişdir. Halbuki, MPM-in 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. MPM-in 47.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin həmçinin sübutlar təqdim etmək, əlavə sübutların tələb olunması barədə vəsatətlər vermək kimi hüquqları da vardır. Göründüyü kimi, məhkəmə iştirakçılara sübutların toplanması prosesi zamanı hüquq və vəzifələrini həyata keçirməkdə kömək edir. İşin obyektiv və hərtərəfli araşdırılmasının təminatı olan sübutların təmin olunması üzrə tədbirlər sübut edilməli olan hallar barədə məlumatların təxirə salınmadan qanunvericiliklə müəyyən edilmiş qaydada təsbit edilməsini və rəsmiləşdirilməsini nəzərdə tutur. Nəzərə alınmalıdır ki, çəkişmə prinsipi prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır və onlar bir-birini şərtləndirən və tamamlayan prinsiplərdir. Hüquq bərabərliyi prinsipi tərəflərə məhkəmə araşdırmasında bərabər hüquqi şərait yaradılmasını nəzərdə tutur. Məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək hüququ verir. Tərəflərdən birinin öz hüquq və mənafelərini müdafiə etmək üçün qanunla ona verilmiş prosessual imkanlardan real istifadə edə bilməməsi çəkişmə prinsipinin pozulmasına, eyni zamanda sübutların düzgün qiymətləndirilməməsinə, iş üçün əhəmiyyətli olan bütün faktiki halların araşdırılmamasına və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinməsinə səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-in 385, 388 və 390-cı maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). Qeyd olunanlara əsasən, məhkəmənin yalnız sübutun kserosurətinin təqdim olunmasını əsas gətirməklə iddianın əsassız olması barədə mövqeyi prosessual hüquq normalarının tələblərinə uyğun sayıla, bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1-ci maddəsinə əsasən qətnamənin ləğvinə tam əsasdır. İddiaçı apellyasiya şikayətində də qeyd edilən sübutun əslinin təqdim olunmasının ona təklif olunmamasını qeyd etmiş, bu səbəbdən də sübutun əslini apellyasiya şikayətinə əlavə etmişdir. Həmin sübutdan isə görünür ki, cavabdeh iddiaçıdan 500 manat borc pul almasını etiraf edərək, həmin pulun 01 noyabr 2020-ci il tarixədək qaytarmasını öhdəsinə götürmüşdür (həmin qəbzdə həmçinin cavabdehin doğum tarixi və yeri, rəsmi qeydiyyatda olduğu ünvan, şəxsiyyət vəsiqəsi üzrə məlumatlar, mobil telefon nömrələri və s. əlavə məlumatlar da göstərilmişdir). Bununla yanaşı, cavabdeh nə birinci instansiya məhkəməsində icraat zamanı, nə də apellyasiya icraatı zamanı iddiaya münasibətini bildirməmiş, məhkəmə iclaslarında hər hansı üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. MM-in 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürüiən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını, işdə olan sübutları nəzərə alaraq hesab edir ki, iddia tələbi 500 manat borcun qaytarılması hissədə əsaslıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia qalan hissələrdə təmin oluna bilməz. Çünki, iddiaçı qalan hissələrdə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin hissədə iddiaçının izahatı da özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan, hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalı, cavabdehdən iddiaçının xeyrinə 500 manat pul tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı «borc pulun və gecikdirməyə görə faizlərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(008)-3062/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(008)- 3062/2021 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh X2 İddiaçı xeyrinə 500 (beş yüz) manat pul vəsaiti tutulsun, iddia qalan hissədə təmin olunmasın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar