Məhkəmə qərarları › İş №2(103)-796/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-796/2020

08.09.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-796/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri -Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə,Türkmənli Lamiyə Elman qızının katibliyi, Maraqlı şəxs Babazadə X5 nümayəndəsi (vəkili) X8 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakışəhəri Lokal Gəlirlər Baş İdarəsinin «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(007)-4841/2018 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi (vəkili) Zaur Abıyev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakışəhəri Lokal Gəlirlər Baş İdarəsi) «xxxxxx» MMC-nin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, vergi ödəyicisi «xxxxxx» MMC (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2018-ci il tarixə 6501,11 manat məbləğində (o cümlədən, vergilər üzrə 0 manat, faizlər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 40 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 6461,11 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx xxx 2015-ci il tarixli, **********239300 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Bu səbəbdən də, hüquqi şəxsin rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması vacibdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(007)- 4841/2018 saylı qətnaməsi ilə (hakim Məzahir Sadıqov) ərizə təmin olunmuşdur. Maraqlı şəxs nümayəndəsi (vəkili) Zaur Abıyev qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ərizənin təmin olunmamasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Maraqlı şəxs apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işə onun iştirakı olmadan baxılması, ərizəçinin borcu tələb etmək hüququnun yoxlanılmaması, müddətin keçməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, «xxxxxx» MMC-nin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə vergi orqanının ərizəsinə əsasən hüquqi şəxsin dövlət büdcəsinə 6501,11 manat vergi borcu mövcud olmuş, lakin onun ödənilməsi təmin edilməmişdir. Halbuki, həmin borc məbləğinin silinməsi ilə bağlı məhkəmə qərarı mövcuddur. Yəni, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-2304/2019 saylı qərarı «xxxxxx» MMC-nin iddiası qismən təmin olunmuş, «xxxxxx» MMC barəsində qəbul edilmiş xx.xx.2011-ci il tarixli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» Qərarın və həmin qərar əsasında hesablanmış 1985,03 manat əsas vergi borcunun və 4476,08 manat maliyyə sanksiyasının (cəmi 6461,11 manat) «xxxxxx» MMCnin şəxsi hesabından silinməsinin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə vergi orqanının kassasiya şikayəti təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarı qüvvədə saxlanılmışdır. Göründüyü kimi, ərizəsinin əsassız olaraq tələb etdiyi vergi borcunun silinməsi barədə məhkəmə qərar qəbul etmişdir. Məhkəmə qərarı ilə yalnız 40 manat maliyyə sanksiyası təmin olunmamışdır ki, həmin məbləği də istənilən vaxtı ödəməyə hazırdırlar. 40 manata görə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması qanuni və ədalətli deyildir. Göründüyü kimi «xxxxxx» MMC-nin vergi öhdəliyi müəyyən edilmir. Belə olan halda isə hüquqi şəxsin rəhbəri Maraqlı şəxs barəsində tətbiq edilmiş ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbir qanunsuz olmaqla, sonuncunun konstitusion hüquqlarını pozur. Qeyd edilənldərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi izahatında göstərmişdir ki,həqiqətən «xxxxxx» MMC hazırki iş üzrə ərizədə göstərilən vergi borcunu məhkəmədə mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-2304/2019 saylı qərarı «xxxxxx» MMC-nin iddiası qismən təmin olunmuş, «xxxxxx» MMC barəsində qəbul edilmiş xx.xx.2011-ci il tarixli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» Qərarın və həmin qərar əsasında hesablanmış 1985,03 manat əsas vergi borcunun və 4476,08 manat maliyyə sanksiyasının (cəmi 6461,11 manat) «xxxxxx» MMC-nin şəxsi hesabından silinməsinin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 həvalə edilməsi qərara alınmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra,MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, ərizədən və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi, «xxxxxx» MMC-nin 6501,11 manat məbləğində (o cümlədən, vergilər üzrə 0 manat, faizlər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 40 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 6461,11 manat) vergi borcuna görə onun rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirin tətbiq olunması tələb edilmişdir. İşdə olan məhkəmə aktlarından (Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı) görünür ki,iddiaçı «xxxxxx» MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2rşı «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv olunması və 6501,11 manat vergi borcunun silinməsi» tələbinə dair iddiası qismən təmin olunmuş, «xxxxxx» MMC barəsində qəbul edilmiş xx.xx.2011-ci il tarixli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» Qərarın və həmin qərar əsasında hesablanmış 1985,03 manat əsas vergi borcunun və 4476,08 manat maliyyə sanksiyasının (cəmi 6461,11 manat) «xxxxxx» MMC-nin şəxsi hesabından silinməsinin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 həvalə edilməsi qərara alınmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə vergi orqanının kassasiya şikayəti təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarı qüvvədə saxlanılmışdır) Göründüyü kimi, hazırki iş üzrə vergi orqanının tələb etdiyi 6501,11 manat vergi borcunun 6461,11 manat hissəsi tamamilə silinmiş, iddia tələbi yalnız 40 manat maliyyə sanksiyası hissədə təmin olunmamışdır. Vergi orqanı isə «xxxxxx» MMC-nin daha artıq vergi borcunun olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir (qeyd edildiyi kimi ərizədə göstrəilən məbləğ cəmi 6501,11 manat həddində olmuşdur). Qeyd edilməlidir ki, şəxsin sərbəst hərəkət etmək hüququ konstitusion hüquq olmaqla, Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiya (bundan sonra, Konvensiya) ilə də qorunan azadlıqdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən;

1. Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır.

2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

3. Bu hüquqların həyata keçirilməsinə mili təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq, cinayətlərin qarşısını almaq, sağlamlığın və mənəviyyatın qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç br məhdudiyyətlər qoyula bilməz.

4. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq ediləndə və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılmış məhdudiyyətlərə məruz qala bilər. «Battista İtaliyaya qarşı» işdə (x xxxxxx 2014-cü il) Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiyanın 4 saylı Protokolun 2-ci maddəsinin 2-ci bəndi hər kəsin qəbul edilə biləcəyi istədiyi hər hansı başqa bir ölkəyə getmək üçün hər hansı ölkəni tərk etmək hüququnu təmin edir. Bu hüquqa məhdudiyyət isə ilk növbədə «qanunla nəzərdə tutulmuş» olmalı, 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində təsbit olunmuş bir və ya bir neçə legitim məqsədə uyğun gəlməli və ən əsası həmin məqsəd və ya məqsədlərə nail olunmasında bu məhdudiyyətin «demokratik cəmiyyətdə zəruri» olmalıdır. Qeyd edilməlidir ki, Konvensiya konteksində «zəruri» sözu «faydalı», «ağlabatan» və ya «rahat» sözləri qədər geniş məna daşımır, o, sözügedən müdaxilənin həyata keçirilməsi üçün «təxirəsalınmaz sosial tələbatın» mövcudluğunu nəzərdə tutur. Zəruri anlayışı belə bir tələbi doğurur ki, məhdudiyyət qanuni məqsədə mütənasib olmalıdır (X3rşı). Qeyd edilməldir ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirin həyata keçirilməsində yeganə əsas məqsəd məhz hüquqi şəxsin vergi öhdəliyinin (borcunun) dövlət büdcəsinə ödənilməsini təmin etməkdən ibarətdir. Bu səbəbdən də, qeyd edilən məqsədə nail olmaq üçün konstitusion hüquq kimi tanınan və qorunan «şəxsin sərbəst hərəkət etmək azadlığı»nın məhdudlaşdırılması barədə tədbir - qanunla nəzərdə tutulmalı, qanuni məqsədə xidmət etməklə, mütənasib (demokratik cəmiyyətdə zəruri olmalı) olmalıdır. «Qanunla nəzərdə tutulmuş» ifadəsi isə təkcə tədbirin daxili hüquqda əsaslanmış olduğunu tələb etmir, həmçinin həmin qanunun keyfiyyətini nəzərdən keçirir. Bu qanun şəxs üçün aydın və öz nəticələri nöqteyi-nəzərdən öngörülə bilən olmalıdır. (Rotaru Rumıniyaya qarşı [GC], no 28341/95, § 52, CEDH 2000-V). Hüquqi şəxsin rəhbəri şəxsi vəsaiti hesabına deyil, məhz hüquqi şəxsin fəaliyyəti nəticəsində əldə edilmiş müvafiq vəsaitdən vergi öhdəliyini yerinə yetirmək vəzifəsini daşıyır. Yuxarıda qeyd edildiyi kimi hazırki iş üzrə vergi orqanının iddia etdiyi 6501,11 manat vergi borcunun 6461,11 manat hissəsi məhkəmə qərarı ilə tamamilə silinmiş, iddia tələbi yalnız 40 manat maliyyə sanksiyası hissədə təmin olunmamışdır ki, həmin məbləğ (40 manat) də kifayət qədər kiçik olmaqla, şəxsin konstitusion hüququ olan sərbəst hərəkət etmək hüququnun məhdudlaşdırılmasına mütənasiblik, zərurilik və məqsədəuyğunluq baxımından qanuni əsas təşkil edə bilməz. Beləliklə,işin faktiki halları və qanunvericiliyin qeyd edilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki,apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, ərizə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(007)-4841/2018 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi (vəkili) Zaur Abıyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(007)- 4841/2018 saylı qətnaməsi ləğv olunsun, ərizə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rafael Eyvazov Hakimlər: Ziya Şirinov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar