Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7962/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1146/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh MMC-nin ona qarşı törətdiyi hərəkətlərinə görə məhdudlaşdırılan əmək fəaliyyətinin bərpa edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi, qanunazidd hərəkətləri üzündən ona dəymiş mənəvi zərərə görə 3000 manat məbləğində mənəvi təzminatın cavabdehdən tutularaq ona geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1146/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli araşdırmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Babayev apellyasiya şikayəti ilə razılaşmayaraq, iddiaçı əvvəllər də eyni xarakterli pozuntulara görə əmək intizamına cəlb edilmiş, həm 2019, həm də 2020-ci ildə ona bu pozuntulara görə töhmət verilmişdir. Bundan sonra, təkrar analoji pozuntular etdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu baxımdan, işdən azad olunma əmri qanunidir. Bundan əlavə, iddiaçı eyni zamanda bir aylıq müddət ötürülməklə məhkəməyə müraciət etmişdir. Məhkəmədə onun gətirdiyi dəlillər isə üzrlü hal kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Ə.Məhərrəmli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, bununla bağlı məhkəmə iclası təxirə salınmış, buna baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Cavabdeh MMC-nin 06.12.2019-cu il tarixli 2134 nömrəli əmrin X4 aid olan hissəsindən görünür ki, Cavabdeh MMC-nin 3 saylı Poçt Filialının 132 saylı Poçt şöbəsinin əməliyyatçısı X4 “Töhmət” verilməsi, xidməti fəaliyyətində təkrar nöqsana yol verəcəyi halda barəsində daha ciddi intizam tənbehi görüləcəyi onun nəzərinə çatdırılması əmr verilmişdir. Əsas: struktur bölmələrlə iş və nəzarət departamentinin 08.11.2019-cu il tarixli SİBİND 17-17 2-100 nömrəli məlumatı və aidiyyəti izahat. Cavabdeh MMC-nin 22.09.2020-ci il tarixli 1567 nömrəli əmrin X4 aid olan hissəsindən görünür ki, Azərbaycan Respulikası Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşaraq xidməti fəaliyyətləri zamanı Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən qəbul edilən “Azərbaycan Respublikasının rezizent və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 3.3-cü maddəsini pozduğuna görə Cavabdeh MMC-nin 3 saylı 132 Poçt Filialının əməliyyatçısı X4 “Töhmət” verilməsi, xidməti fəaliyyətində təkrar nöqsana yol verəcəyi halda barəsində daha ciddi intizam tənbehi görüləcəyi onun nəzərinə çatdırılması əmr verilmişdir. Əsas: risklərin idarə edilməsi departamentinin direktoru O.Şirəliyevin 25.08.2020-ci il tarixli RİED 18-18-01-05 nömrəli məktubu və aidiyyəti izahatlar. Cavabdeh MMC-nin Risklərin idarə edilməsi Departamentinin direktoru tərəfindən Cavabdeh MMC-nin Baş Direktora ünvanlanmış 26.11.2020-ci il tarixli RİED 18-18-01-51 nömrəli məktubun kserosurətindən görünür ki, Cavabdeh MMC-yə tabeli poçt şöbələrində xarici valyuta vəsaitlərini bank hesabı açmadan Azərbaycan Respublikasından kənara köçürmə əməliyyatlarının qaydalara uyğun aparılması risklərin idarə edilməsi departamentinin əməkdaşları tərəfindən sistem üzərindən yoxlanılır. Aparılan monitorinqlər zamanı 3 saylı poçt filialının 132 saylı poçt şöbəsində 24.11.2020-ci il tarixdə “Zolotaya Korona” sistemində X7 adından 2 halda hər biri 1000 ABŞ dolları olmaqla cəmi 2000 ABŞ dolları məbləğində (694310962, 4********), cari ay ərzində isə 13 halda hər biri 1000 ABŞ dolları olmaqla 13.000 ABŞ dolları məbləğində vəsaitin Gürcüstan Respublikasındakı ayrıayrı şəxslərə göndərildiyi aşkar edilmişdir. Əməliyyatın icraçısı 132 saylı poçt şöbəsinin əməliyyatçısı İddiaçı alınmış izahatda o, təkrarlanmış nöqsanlı əməliyyatların şöbədə gərgin iş şəraitinin olması səbəbindən yarandığını bildirmişdir. Bundan sonra 132 saylı poçt şöbəsində cari ilin noyabr ayı ərzində beynəlxalq pul köçürmələri sistemi vasitəsi ilə icra edilmiş bütün əməliyyatlar sistem üzərindən yoxlanılmış və bir sıra ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, cari ilin noyabr ayı ərzində X5 adından 11 halda cəmi 10.500 ABŞ dolları, X6 adından 13 halda cəmi 11.345 ABŞ dolları, X2 adından 12 halda cəmi 12.000 ABŞ dolları məbləğində vəsaitlər Azərbaycan Respublikasından kənara göndərilmişdir. Qeyd olunan əməliyyatların icraçısı İddiaçı səhlənkarlığı nəticəsində “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalar”ı kobud şəkildə pozulmuşdur. Qeyd olunanlarla bağlı 132 saylı poçt şöbəsinin müdiri X1 alınmış izahatda o bir daha belə hallarla yol verməyəcəklərini bildirmişdir. Qeyd olunanların nəzərə alınmasını və müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh MMC tərəfindən Cavabdeh MMC-nin 3 saylı X9 İttifaqı Komitəsinin sədrinə, surəti 3 saylı Poçt Filialının rəisinə ünvanlanmış 27.11.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, Cavabdeh MMC-nin 3 saylı Poçt Filialının 132 saylı Poçt şöbəsinin əməliyyatçısı İddiaçı xidməti fəaliyyətində “Zolotaya Korona” beynəlxalq pul köçürməsi zamanı “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalar”ının tələblərini kobud şəkildə pozaraq ciddi nöqsanlara yol verdiyi aşkar edilmişdir. Belə ki, İddiaçı yol verdiyi eyni nöqsana görə onun barəsində görülmüş müvafiq intizam tənbehi tədbirindən nəticə çıxarmayaraq, xidməti fəaliyyətində analoji nöqsanlara yol verməkdə davam etmişdir. Xidməti fəaliyyətində dəfələrlə yol verdiyi nöqsanlar İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına hüquqi əsas yaradır. Qeyd olunanları nəzərə alaraq İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına dair filialın Həmkarlar İttifaqı Komitəsinin rəyini bildirməsini xahiş etmişlər. Cavabdeh MMC-nin 3 saylı Poçt Filialı tərəfindən Cavabdeh MMC-nin Baş direktorun müavininə ünvanlanan 04.12.2020-ci il tarixli məktubun surətindən görünür ki, 132 saylı PŞ-nin əməliyyatçısı İddiaçı yol verdiyi nöqsana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi məsələsi ilə əlaqədar Həmkarlar İttifaqı Komitəsinin iclasını məlum pandemiyaya görə yetərsayla keçirmək mümkün olmadığı üçün rəy bildirməsi mümkün olmamışdır. Mülki işdə olan 07.12.2020-ci il tarixli aktın surətindən görünür ki, Həmkarların saat 13.00 başlayacaq iclasına İddiaçı dəfət edilmiş,gələcəyini bildirsə də, iclasa gəlmədiyi üçün iclas baş tutmamışdır. Cavabdeh MMC-nin 3 saylı Poçt Filialının və HİK-nın birgə iclasının 39 No-li, 09.12.2020-ci il tarixli protokolun kserosurətindən görünür ki, 3 saylı Poçt Filialının 132 saylı Poçt Şöbəsinin əməliyyatçısı İddiaçı işdə yol verdiyi ciddi qanun pozuntularını nəzərə alaraq onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına müsbət münasibət bildirmişlər. İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, o, 19.12.2011-ci il tarixdə Cavabdeh MMC-nin 3 saylı PF-nin 48 saylı PŞ-nə müqavilə yolu ilə əməliyyatçı vəzifəsinə qəbul edilmiş, 06.06.2012-ci il tarixdə həmin şöbədə Vİ dərəcəli poçtalyon ştatına (poçtalyon analıq məzuniyyətində H.Mustafayevanın yerinə) keçirilmiş, 01.04.2013-cü il tarixdə 92 sayl Poçt şöbəsinə 4-cü dərəcəli əməliyyatçı vəzifəsində keçirilmiş, 26.12.2016-cı il tarixdə həmin filialın 132 saylı Poçt şöbəsinə əməliyyatçı keçirilmiş, 10.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (öhdəlikləri yerinə yetirmədiyinə görə) əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş əmək müqaviləsinin xitam verilməsi haqqında 10.12.2020-ci il tarixli 2192 saylı əmrin kserosurətindən görünür ki, Cavabdeh MMC-nin 3 saylı Poçt Filialının 132 saylı Poçt şöbəsinin əməliyyatçısı İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 10.12.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: risklərin idarə edilməsi departamentinin 26.11.2020-ci il tarixli RİED-18- 18-01-61 nömrəli məlumat, Həmkarlar Komitəsinin protokolu, akt və müvafiq təsdiqləyici sənədlər. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 28.11.2016-cı il tarixdə 45/1 saylı qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən Bank hesabı açılmadan Azərbaycan Respublikasının daxilində və Azərbaycan Respublikasından kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər. Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən bank hesabı açılmadan xarici valyutada pul köçürməsi əməliyyatlarının aparılmasına yol verilmir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən rezident və qeyri-rezident fiziki şəxs Azərbaycan Respublikasından kənara bank hesabı açmadan xarici valyuta vəsaitlərini bir əməliyyat günü ərzində 1000 (bir min) АBŞ dolları, təqvim ayı ərzində isə 10000 (on min) АBŞ dolları ekvivalentinədək məbləğdə köçürə bilər. Göründüyü kimi qanunvericiliyinin tələbinə əsasən rezident olan şəxslər bir əməliyyat günü ərzində 1000 ABŞ dolları, təqvim ayı ərzində isə 10000 ABŞ dolları məbləğində xaricə pul göndərişi həyata keçirə bilərlər. İddiaçı tərəfindən isə göründüyü kimi bir əməliyyat günü ərzində bir şəxsin adından 2000 ABŞ dolları, bir təqvim ayı ərzində 10000 ABŞ dollarından yuxarı müxtəlif əməliyyatlar həyata keçirilmişdir. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən aşkar edilmiş hallar qanun pozuntusu hesab edilir və bu səbəbdən cavabdeh həmin qanun pozuntusu ilə bağlı işəgötürən kimi iddiaçı barəsində intizam tənbehi tətbiq etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikasınm Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikasmm Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfmdən həmin əsasla ləğv edilə bilər. Qeyd edilən Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin «e» bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80-cı maddəsinini 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfinndən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Mülki iş materiallarından göründüyü kimi iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar təşkilatının qabaqcadan razılığı verilmiş və bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddianın verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, ƏM-in 296-cı maddəsinin 2-ci hissəsinə əsasən ... fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdehin 10 dekabr 2020-ci il tarixli əmrinə müvafiq olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, iddiaçı bundan həmin vaxtdan xəbərdar olsa da, məhkəməyə qanunla müəyyən olunmuş 1 aylıq müddəti ötürməklə, 31.03.2021-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmiş, həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı əsaslı dəlil təqdim edə bilməmişdir. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi dəymiş mənəvi zərərə görə 3000 manat məbləğində mənəvi təzminatın ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olduğundan iddiaçının apellyasiya şikayəti təmin edilə bilməz. Nəticə: Bununla da müəyyən olunur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiya məhkəməsinin qətnaməsi isə qanuni və əsaslıdır, buna görə də məhkəmə iddianı rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1146/2021 saylı, 16 iyun 2021-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7962/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7962/2021
17.09.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver