Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7967/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1599/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının yazılı müraciətlərinə cavab verməməsini qanunsuz hesab etməyi, İddiaçı şəxsi işində olan bütün sənədlərin, o cümlədən iddiaçının işə qəbul olunması barədə sənədlərin (müsabiqə və onun nəticələrinin əks olunduğu sənədlərin) habelə xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli Əlavəsinin təsdiq olnmuş surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şəxsi işdə saxlanılan bütün sənədlərin, o cümlədən işə qəbul olunmağı barədə sənədlərin (müsabiqə və onun nəticələrinin əks olunduğu sənədlərin) təsdiq olunmuş surətlərinin ona təqdim edilməsi üçün cavabdehə yazılı müraciət etmişdir. Mövcudluğu cavabdeh tərəfindən iddia edilən xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinin 01 saylı Əlavəsinin də təqdim edilməsi üçün müraciət etmiş, lakin ona cavabdeh tərəfindən yazılı müraciətlərə cavab verilməmişdir. Cavabdeh tərəfindən ona xx.xx.2014-cü il tarixdə əmək müqaviləsinin 1 nömrəli əlavəsi adı altında bir sənəd təqdim edilmiş, lakin təqdim edilən sənəddə, onun məhz xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə aid olmasını təsdiq edən heç bir qeyd müəyyən edilməmişdir. Belə ki, ona təqdim edilən sənəddə ümumiyyətlə tarix göstərilməmiş, həmin sənəd blank formasında olmaqla, hər səhifəsi cavabdeh Cəmiyyətin ştampı ilə və onun əməkdaşının imzası ilə təsdiq edilmişdir. Həmçinin təqdim edilən blankın vəzifə öhdəlikləri əsas öhdəliklər və əsas rəhbərlik öhdəlikləri qeyd olunan səhifələrində onun imzası da olmamışdır. Təkrarən yazılı müraciət etməyinə baxmayaraq cavabdeh tərəfindən ona heç bir cavab verilməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1599/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya, yalnız ilk müraciətindən sonra xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli əlavəsi adı altında tarixi və nömrəsi göstərilməyən sənəd təqdim etmiş, təqdim edilən həmin sənəddə, onun məhz xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə aid olmasını təsdiq edən heç bir qeyd müəyyən edilməmişdir. Sənəd blank formasında olmaqla, hər səhifəsi cavabdeh Cəmiyyətin ştampı ilə və onun əməkdaşının imzası ilə təsdiq edilmişdir. Lakin, təqdim edilən blankın mvəzifə öhdəlikləri-əsas öhdəliklər və əsas rəhbərlik öhdəlikləri qeyd olunan səhifələrində iddiaçının imzası da olmamışdır. Məhkəmə tarix və nömrəsi göstərilməyən, iddiaçının imzası olmayan bu sənədə heç bir hüquqi qiymət vermədən, əsassız olaraq onu xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli əlavəsi kimi nəzərdən keçirmişdir. Digər tərəfdən məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixli məktubun məzmununu da nəzərə almamışdır. Belə ki, adı çəkilən məktubda iddiaçının işə qəbulu və işdən çıxarılmasının TeliaSonera Eurasiya ofisi ilə razılaşdırılması göstərilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının əmək münasibətlərinə birbaşa aid olan bu razılaşmaların nədən ibarət olmasını və nə səbəbə həmin razalaşmaların iddiaçıya təqdim olunmamasını da aydınlaşdırmamışdır. Bundan başqa, iddiaçının cavabdeh Cəmiyyətin fəzifəli şəxsi ilə yazışmaları və üç mərhələli testlərdən keçməsi ilə bağlı çıxarışları məhkəməyə təqdim etməsinə baxmayaraq, məhkəmə bu sənədlərə də heç bir qiyəmət verməmişdir. Məhkəmə bu məsələyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50-ci maddəsini də düzgün tətbiq etməmiş, qətnamədə elm və təhsil sektorundan kənarda işəgötürənin üzərinə müsabiqə keçirmək vəzifəsi qoyulmadığı qeyd etmişdir. Halbuki, iddiaçı işə qəbul edilərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsində “bir qayda olaraq elm, sözləri qeyd edilmiş və həmin dövrdə müsabiqə yalnız elm və təhsil sahəsinə aid edilməmişdir. Məhkəmə iddiaçı ilə testlərin keçirilməsinin aşkar sübuta yetirildiyinə baxmayaraq, işəgötürənin iddiaçı ilə işə qəbul olunmasına dair keçirilmiş testlərin nəticələrinin sonuncuya təqdim edilmədiyini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, iddia tələbi tamamilə əsassızdır. İddiaçının məhz hansı sənədləri tələb etdiyi aydın deyildir. Belə ki, 2015-ci ildə 2(004)-6466/2015 saylı iş çərçivəsində tərəflər arasında əmək mübahisəsinə baxılarkən həmin sənədlər məhkəməyə təqdim edilmişdi. İddiaçının özü əmək kitabçasının surətini, əmək müqaviləsinin surətini, yazılı xəbərdarlıq və email yazışmalarını, cavabdeh isə xx xxxxxx 2014-cü il və xx xxxx 2015-ci il tarixli əmək müqavilələrinin, o cümlədən də həmin müqavilələrə 01 və 02 saylı əlavələrin, K- 170, K-26\a, K-26\b və K-51 saylı əmrlərin, xx xxxxxx 2015-ci il tarixli 4844 saylı məktubun, xx xxx 2015-ci il tarixli 11182 saylı məktubun surəti və alınmasını təsdiq edən email məhkəməyə təqdim etmişdir və əmək mübahisəsi çərçivəsində həmin sənədlər araşdırılmışdır. xx xxxxxx 2014-cü il tarixli müqaviləyə 01 saylı Əlavənin təsdiqlənmiş surəti iddiaçının xx xxxxxx 2019-cu il tarixli məktubuna cavab olaraq da ona göndərilmiş və çatdırılmışdır. İddiaçının nümayəndəsinin həm 2015-ci ildə məhkəməyə təqdim edilmiş, həm də 2019-cu ildə onlara göndərilmiş 01 saylı Əlavə barəsində Əlavədə tarixin olmaması və bütün səhifələrinin iddiaçı tərəfindən imzalanmaması barədə fikrinə cavab olaraq bildirir ki, 1 nömrəli əlavə əmək müqaviləsinin ayrılmaz tərkib hissəsidir və müqavilədən ayrı şəkildə nəzərdən keçirilə bilməz. Müqavilənin tarixi həm də Əlavənin tarixidir. Müsabiqə ilə bağlı sənədlərin niyə verilmədiyi ilə bildirir ki, iddiaçının işə qəbulu ilə bağlı müsabiqə elan edilməmiş və keçirilməmişdir. Bunu iddiaçının özü də dolayı yolla etiraf edərək işə götürülərkən doldurduğu şəxsi anketdə şirkətə necə gəlməsi barədə suala “şirkət prezidentinin tövsiyəsi ilə” cavabını vermişdir. Cavabdeh MMC şirkətində müsabiqənin keçirilməsini tənzimləyən hər hansı qaydalar və Müsabiqə Komissiyası mövcud olmadığından, onun hər hansı qərarı da mövcud deyil, yəni iddiaçı müsabiqə yolu ilə vəzifə tutmadığından, keçirilməmiş müsabiqə ilə bağlı hər hansı sənəd verilməsi qeyri-mümkündür. Əmək Məcəlləsinin 50-ci maddəsinin ona aid olmaması qənaətinə gələrək işə qəbul zamanı bu mexanizmdən istifadə etmir. Əmək Məcəlləsinin 2014-cü ildə qüvvədə olduğu redaksiyasında 50.2-ci maddədə deyilirdi ki, müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması, bir qayda olaraq, elm, təhsil müəssisələrində elmi, elmipedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. Cavabdeh elm və təhsil müəssisəsi olmadığından, iddiaçının da vəzifəsi elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı olmamışdır. Buna görə də, qanunvericilik cavabdehin üzərinə həmin vəzifə ilə bağlı müsabiqə elan edilməsi vəzifəsini qoymamışdır. Eyni zamanda, müsabiqə keçirməli olmayan şirkətin və ya onun sərmayəçisinin hər hansı vəzifəyə iddia edən namizədin həmin vəzifəyə uyğunluğunun yoxlaması üsulları (o cümlədən, müsahibə, simulyasiyalar, test və s) qanunvericiliklə məhdudlaşdırılmamışdır və bu hüquq istənilən sektorda fəaliyyət göstərən istənilən kommersiya təşkilatının azad sahibkarlıq fəaliyyətinin tərkib hissəsidir. İddiaçının namizədliyi cavabdehin o dövrki sərmayəçisi olan TeliaSonera Eurasia şirkəti tərəfindən dəyərləndirilmiş, o müxtəlif testlərdən keçirilmişdir. Ona görə də xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə iddiaçı və onun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-1599/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, K-170 saylı X5 işə qəbul olunması haqqında əmrdən görünür ki, Vüqar İkram oğlu X3 X1 X2 rəhbəri vəzifəsinə xx.xx.2014-cü il tarixindən başlayaraq 3 aylıq sınaq müddəti ilə maaşı ştat cədvəlinə əsasən təyin edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, K-51 saylı X5 əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrdən görünür ki, korporativ X2 rəhbəri İddiaçı cari əmək müqaviləsinə xx.xx.2015-ci il tarixindən AR Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli məktubun tərcümə edilmiş surətindən görünür ki, Cavabdeh tərəfindən cənab İddiaçı əmək müqaviləsinin xitam edilməsinə TeliaSonera Eurasia rəhbərliyinin yanaşması Azercelin yanaşması ilə üst-üstə düşür. xx.xx.2014-cü il tarixdə cənab İddiaçı “xxxx” MMC tərəfindən X4 rəhbəri vəzifəsinə təyin edilmidir. xx.xx.2015-ci il tarixdə sınaq müddətini keçməməsi səbəbindən onun müqaviləsinə xitam verilmiş və eyni tarixli üç aylıq müddətli müqavilə imzalanmışdır. xx.xx.2015-ci il tarixində müqavilə müddəti bitmiş və müqavilə uzadılmamışdır. Müddətsiz və sonrakı müddətli müqavilələrə xitam verilməsi qərarları qüvvəyə minməzdən öncə TeliaSonera Eurasiya ofisi ilə razılaşdırılmışdır. Kollegiya qeyd edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinə əvvəllər məhkəmələrdə baxılmış, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-6466 saylı qətnaməsi ilə tələb təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-6249/2015 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-1705/16 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 7700 saylı məktubdan görünür ki, Cavabdeh MMC-yə xx xxxxxx 2019-cu il tarixində daxil olmuş ərizəyə cavab olaraq bildirilmişdir ki, onunla əmək müqaviləsi bağlanan zaman xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinin, ona 1 nömrəli əlavənin (vəzifə öhdəlikləri forması) və 2 nömrəli əlavənin (iş təklifi formu) işçiyə aid nüsxəsi təqdim edilmişdir. Həmçinin onun şəxsən iştirak etdiyi və əlavə olaraq nümayəndə ilə təmsil olunduğu Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olmuş 2(004)- 6466/2015 saylı mülki iş üzrə nümayəndəsi tərəfindən yazılı vəsatətlə müvafiq sənədlər tələb edilmiş və bir sıra sənədlər o cümlədən xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli əlavəsi (vəzifə öhdəlikləri forması) məhkəməyə təqdim edilmiş, iş materiallarına əlavə edilərək (iş vərəqi 47- 50) onun və nümayəndəsinin həmin əlavə ilə tanış olmaq, surətlər çıxarmaq imkanı olmuşdur. xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli əlavəsinin (vəzifə öhdəlikləri forması) müvafiq surəti təkrar olaraq onun diqqətinə çatdırılmışdır. Məktuba sənədlərin tələb edilməsinə dair vəsatətin surəti – 1 vərəqdə, xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli əlavəsinin (vəzifə öhdəlikləri forması) surəti – 4 vərəqdə qoşulmuşdur. İddiaçının Cavabdeh MMC-yə xx xxxxxxxx 2019-cu il tarixində daxil olmuş ilkin müraciəti ilə eyni məzmunlu ərizəsi ilə təsdiq edilir ki, o xx.xx.2019-cu il tarixli 7700 saylı məktubu və qoşmalarını almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur. Kollegiya hesab edir ki, qeyd olunanlara əsasən və 2019-cu ildə cavabdeh xx xxxxxx 2014-cü il tarixli əmək müqaviləsinin 1 nömrəli Əlavəsinin surətini iddiaçıya göndərdiyindən, cavabdeh Əmək Məcəlləsinin 88.1-ci maddəsi ilə onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirdiyindən, iddia tələbləri əsaslı hesab edilə bilməz. İddiaçının müsabiqə və onun nəticələrinin təqdim edilməsi tələbinə gəldikdə isə, məhkəmə hesab etmişdir ki, Əmək Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulmuş qaydada iddiaçı barəsində müsabiqənin keçirildiyi, iddiaçının həmin normanın nəzərdə tutduğu müsabiqə yolu ilə vəzifə tutması və bu barədə cavabdehin işəgötürən kimi sənədləşmə aparıması xüsusatı sübuta yetirilmir. Məhkəmə hesab etmişdir ki, Əmək Məcəlləsinin 2014-cü ildə qüvvədə olmuş redaksiyası elm və təhsil sektorundan kənarda olan işəgötürənlərin üzərinə müsabiqə keçirmək vəzifəsi qoymamış, o zaman və hal-hazırda da ümumiyyətlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş vəzifələrin müsabiqə yolu ilə tutulması qaydası və müsabiqənin keçirilməsi şərtləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir. Həmçinin qanunun tələbinə əsasən iddia edilən müsabiqə açıq elan edilməli, bütün iddialı namizədlərin və işçilərin iştirakı təmin edilməli, müsabiqə komissiyasının qərarı ilə müsabiqənin qalibi olan namizəd ilə mütləq müqavilə bağlanmalıdır. Lakin məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən həmin vəzifənin müsabiqə yolu ilə tutulmasına heç bir istinad yoxdur, müsabiqənin qalibi kimi iddiaçı ilə müqavilə bağlanması tərəflərin təqdim etdiyi heç bir sənəddə qeyd edilməmiş, həmçinin hər hansı müsabiqənin məhz “xxxx” MMC tərəfindən keçirilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən hər hansı müsabiqənin keçirilməsi təsdiq edilmədiyindən, müsabiqə barədə sənədlərin təqdim olunması barədə iddiaçının tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 1599/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Rəşad Həsənov Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7967/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7967/2020
02.12.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver