Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7971/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər "Üfüq" İstehsalat Birliyi "xxxx" Zavoduna, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “Sosial Xidmətlər İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (üçüncü şəxslər X7 və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi olmaqla) "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(011)-1954/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana binasının 5 saylı mənzilinə dair X3 adına yazılan 02.08.2009-cu il tarixli, 6 saylı orderin verilməsinə əsas olmuş 110 saylı rəsmiləşdirilmiş 08.06.2009-cu il tarixli 41 saylı birgə qərarının (protokolun), Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvandakı yataqxana binasının 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 18,0 kv.metr olan 5 saylı mənzilə Müdafiə Sənayesi Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 adına yazılan 02.08.2009-cu il tarixli, 6 saylı orderin etibarsız hesab edilməsi və X3 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxana binası onların balansına qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdınlmasına dair əlavə tədbirlər haqqında" 21.02.2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafıq X2 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkiin ailəsindən 57 ailə yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Cavabdeh S.M.Rəhimli Departamentə müraciət edərək 4 saylı yataqxana binasının 5 saylı otağına adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4 saylı yataqxana binasının 5 saylı otağında 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkün kimi X6 1 nəfər özü məskunlaşmış, həmin məcburi köçkün Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. Bundan istifadə edən cavabdeh 5 saylı otağı əldə etmək məqsədilə qapısını bağlamışdır. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda guya "xxxx" MMC-nin müvəqqəti yaşamaq üçün adına yazılmış 02.08.2009-cu il tarixli, 6 saylı yataqxana orderi ilə faktiki olaraq boş olmayan 5 saylı mənzil ona verilmişdir, göründüyü kimi qeyd edilən protokol və order mənzil qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla əldə edilmişdir, departament tərəfındən 11.02.2019-cu il tarixli, 48 saylı məktubla "Üfüq" İB, "xxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması xahiş edilmişdir. "Üfüq" İB, "Radioquraşdırma zavodu” MMC bildirilmişdir ki, 4 saylı yataqxana binası 01.01.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir, əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır, göründüyü kimi, Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin adı göstərilməklə X3 adına yazılmış order mənzil qanunvericiliyinin tələblərinə zidd olduğundan ləğv edilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(011)-1954/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(011)-1954/2021 saylı qətnaməsi maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi əsaslarına görə tam ləğv edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(011)- 1954/2021 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan, həmin qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər idarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə 07.01.2014-cü il tarixli Təhvil-Qəbul Aktının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131 saylı sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamına, Departamentinin 18.12.2013-cü il tarixli, 122 saylı sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 25.12.2013-cü il tarlxli, 16 saylı əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 07.06.2013-cü il tarixli, 01-1/984 saylı məktubuna və Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər idarəsinin 12.06.2013-cü il tarixli, 15 saylı əmrinə əsasən Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 1 ünvanda yerləşən yataqxana binası Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. İş materiallarında olan Bakı "xxxx" İB-nin HİK-nin X1 Şurasının və MMK-nin birgə növbəti İclasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birlikdə uzun illər işləyən və yataqxana növbəsində olan fəhlə və qulluqçulara, növbə əsasında mənzil verilə bilinməməsi nəzərə alınaraq birliyə məxsus yataqxanalarda, o cümlədən ünvan 2 ünvanında yerləşən yataqxanada məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyi "Üfüq" İstehsalat Birliyi "Radioquraşdırma” Zavodunun məlumatından görünür ki, X7 01.12.208-ci il tarixdən 18.01.2019-cu il tarixinədək "xxxx" zavodunda işləmişdir, mənzil verilməsi haqqında növbəlik siyahısında 262-ci adam olaraq növbəyə alınmışdır İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 13587/2019 saylı 06.12.2019 tarixli qətnaməsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4192/2020 saylı 28.07.2020 tarixli qərarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 02.08.2009-cu il tarixli, 6 nömrəli orderin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən yataqxananın 1-ci giriş 1-ci mərtəbəsindəki yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı 5 saylı mənzilə dair X4 order verilmişdir. İş materiallarında olan Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14.05.2019-cu il tarixli, 68/1-ç nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən yataqxananın 5 saylı mənzilində 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkün kimi X6 1 nəfər özü məskunlaşmış, o, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. Həmin otaq X7 tərəfindən zəbt edilmişdir. İş materiallarına əlavə olunmuş Departamentin 11.02.2019-cu il tarixli, 48 saylı məktubunun surətindən görünür ki, "Üfüq" İB "xxxx" zavodu MMC-yə müraciət edilərək məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə orderlərin verilməsinə əsas olan sənədlərin təqdim olunması xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş "Üfüq" İB "xxxx" zavodu MMC-nin 04.03.2019-cu il tarixli, 02/47 məktubunun surətindən görünür ki, ünvan 1 yataqxana binası 01.01.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş protokollarla bağlı məlumatın verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli, 2(011)-5857/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh X4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinə, Cavabdeh1 İstehsalat Birliyi "xxxx" Zavodu MMC-yə və Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı – ünvan 1 yataqxana binasının 5 saylı mənzilinə dair cavabdehin qanunsuz olaraq əldə etdiyi 02.08.2009-cu il tarixli, 6 saylı orderin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə hüququnun itirilməsi barəsində iddiası rədd edimişdir. İş materialları əsasında müəyyən olunmuşdur ki, X3 adına Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana binasının 5 saylı mənzilinə dair "Üfüq" İstehsalat Birliyi "Radioquraşdırma” Zavodu tərəfindən 02.08.2009-cu il tarixli, 6 saylı order verilmişdir, həmin order cavabdeh tərəfindən 41 saylı protokolla rəsmiləşdirilmiş, 09.11.2004-cü il tarixli birgə qərar verilmişdir, mübahisəli mənzil 4 saylı yataqxana binasındadır, 07.01.2014-cü il tarixdə həmin bina iddiaçının balansına keçmişdir, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin X4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinə, Cavabdeh1 İstehsalat Birliyi "xxxx" Zavodu MMC-yə və Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı – “ünvan 1 yataqxana binasının 5 saylı mənzilinə dair cavabdehin qanunsuz olaraq əldə etdiyi 02.08.2009-cu il tarixli, 6 saylı orderin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə hüququnun itirilməsi” barəsində iddiası rədd edimişdir, hazırki iddia tələbi cavabdeh tərəfindən verilmiş order və orderin verilməsinə əsas olan sənədlərin etibarsızlığı, o cümlədən üçüncü şəxs S.Rəhimlinin həmin mənzildən istifadə hüququna xitam verilməsi barədədir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, tərəflər arasındakı mübahisənin həlli həmin zaman qüvvədə olan maddi hüquq normalarına, işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə mübahisə edilən order 02.08.2009-cu il tarixdə verilmişdir. Odur ki, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 1-ci abzasının tələbinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Göründüyü kimi, mübahisəli mənzilə order 02.08.2009-cu il tarixdə verilmişdir. Mübahisəli otağın yerləşdiyi ünvandakı yataqxana iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 11 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 7 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Bununla da orderin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddət ötürülmüşdür. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(011)-1954/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7971/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7971/2021
26.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver