Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-798/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-701/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1980-ci ildə Bakı şəhər, Yasamal rayonu, Ələsgər Ələkkbərov küçəsi, ev 43-ün yerləşdiyi həyətdə tikdiyi evi qanunsuz zəbt edən X1, Cavabdeh1 və Cavabdeh2 sözügedən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-701/2021 saylı, 24 sentyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, 1946-cı ildən Bakı şəhər, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 43-də valideynləri və qardaşları ilə birlikdə yaşayıb, 1977-ci ildə əsgərliyə gedib, 1981-ci ildə əsgərlikdən gələn kimi cavabdehlərin hazırda yaşadığı evi tikdi, bununla bağlı sübutu şahid kimi ata-anası olub, onlar da rəhmətə gediblər. 1990-cı ildə qardaşı hazırkı Cavabdeh3 ilə evləndi və onun tikdiyi evdə yaşadılar, o da gedib dayısıgilin evində yaşadı, sonra dedilər ki, sığışmırlar, onun həyətdəki qarajının üstünü tikib, orada yaşadılar, ataanası isə onun tikdiyi evdə yaşayıb. Anası rəhmətə gedəndən sonra 2010-cu ildə o həmin evi kirayəyə verdi, sonra kirayəçiləri cavabdehlər çıxardılar, çünki orada bir hamam var, o da bunlarındı, kirayəçini də ora buraxmırdılar, o da çıxıb getdi. O taksi sürücüsü işləyir, həmişə həmin həyətdə olur, hər gün evə gedib nahar edir, dincəlirdi. Cavabdehlər ondan xahiş ediblər ki, evləri istidi, gəlib həmin evdə qalmaq istəyirlər, o da razılaşıb, sonra 2014- 2015-ci ildə onun evinin üstünü də tikdilər, onlar evin ikinci mərtəbəsini tikəndən sonra açarı ona vermədilər, əvvəllər buna elə də fikir verməyib, sonra görüb bunların başqa fikri var, indi deyirlər hamısı onlarındı, onu evə buraxmırlar. Bu səbəbdən, apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsinin xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, 1990-cı ildə həmin evə gəlin gəlib, həmişə də orada yaşayıb, həmin ev qayınatasının olub, o evin sənədi də var, bunu rayon məhkəməsində işə baxılarkən ekspertlər də təsdiq ediblər, digər cavabdehlər onun övladlarıdı, həmin evdə doğulublar, həmişə orada yaşayıblar, indi də orada yaşayırlar, iddiaçının Nərimanov rayonunda dörd otaqlı evi var, o vaxt ona ev alıb köçürüblər, sonra da kiçik qardaşa toy edib onu gəlin gətiriblər. İddiaçı həmin vaxtdan orada yaşamayıb, ata-anasının yanına gəlib gedirdi. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, həmin evdə doğulub, indi də orada yaşayır. İddiaçı eşidib ki, bu evlər söküləcək ona görə hazırkı iddianı qaldırıb, qarajın üstünü tikmələrinin səbəbi yaşadıları evin pəncərəsinin olmamasına görədir. Hazırda isə sənədi olan və iddiaçının boşaltmaqlarını istədiyi evin üstünü də tikiblər və orada yaşayırlar. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarına əlavə edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 sentyabr 2021-ci il tarixli **********70 saylı məktubundan görünür ki, müvafiq şöbənin mühəndisi tərəfindən sözügedən ünvan 1 ünvanında 31.08.2021-ci il tarixdə yoxlama-ölçü işləri aparılmışdır. Bildirilmişdir ki, İddiaçı iddia etdiyi sahələr 04.05.2011-ci il tarixli dövlət reyestrindən çıxarışda qeyd olunan **********53-10301 reyestr nömrəli fərdi yaşayış evinin B-literli tikilinin 1972-ci ildə tərtib olunmuş arxiv texniki pasporta əsasən ümumi sahəsi 14,3m 2 olan 2 (yaşayış otağı) və 4 (mətbəx) nömrəli yerləşgələrdir. Faktiki olaraq 2 və 4 nömrəli yerləşgələr artırılmışdır (2 nömrəli yaşayış otağının sahəsi 15,2 kv.m, 4 nömrəli mətbəxin sahəsi 13,9 kv.m–dir) və 4 nömrəli yerləşgəyə əlavə olaraq 6,3 kv.m hazırda mətbəx kimi istifadə olunan sahə inşa olunmuşdur. Artırma sahələrindən 11,3 kv.m dövlət reyestrindən çıxarışda öz əksini tapmamışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın araşdırmaları ilə müəyyən edilmişdir ki, Cavabdeh3 1990-cı ildən mübahisəli əmlaka həmin vaxt əmlakın sahiblərinin razılığı ilə köçərək orada yaşaması, digər onun övladları olan digər cavabdehlərin orada doğularaq yaşaması təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə 01.10.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq müddəalarını tətbiq etmişdir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İddiaçı apellyasiya şikayətində boşaldılmasını tələb etdiyi evi özü tikdiyini bildirsə də, bunu təsdiq edən sübutları təqdim edə bilməmişdir, bu səbəbdən şikayət əsssızdır və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya iddia tələbini təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya iddia tələbini təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-701/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elmira Nağıyeva Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-798/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-798/2022
19.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver