Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-799/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: pulun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 68 nömrəli müqaviləyə əsasən cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi ünvanında tikilən 16 mərtəbəli, 1 bloklu, 4-cü yaşayış binasından 22 saylı, ümumi sahəsi 153 kv.m 3 otaqlı olan mənzil iddiaçıya 1 kv.m sahəyə görə 520 ABŞ dolları hesablanmaqla 79.612 ABŞ dollarına satılmış, iddiaçı mənzilin dəyərini tam ödəmişdir.
2. Sözügedən mənzil üzərində mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 126,50 kv.m göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ev 19B mənzil 22 (Yeni qaydalarla: Bakı şəhəri Nərimanov rayonu X7 küçəsi ev 47 mərtəbə 7 mənzil 2) ünvanında inşa edilmiş 16 mərtəbəli 1 bloklu 4-cü yaşayış binasından 22 saylı mənzilin satışı zamanı sahəni artıq göstərməklə iddiaçıdan artıq alınmış 13.832 ABŞ dolları, ödənilmiş dövlət rüsumunun əvəzi olan 221 manat, xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dövr üçün 11.757 ABŞ dolları əldən çıxmış faydanın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə üzrə mənzilin ümumi sahəsinə uyğun olaraq hesablanmış dəyəri (hər 1 m2 üçün 520 ABŞ dolları olmaqla) 79.612 ABŞ dolları (520 ABŞ dolları x 153.1 kv.m) iddiaçı tərəfindən ümumi məbləğin 100%-ni, yəni 79.612 ABŞ dollarını cavabdehə tam ödəmişdir (Müqavilənin 2.1.2-ci maddəsi). Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixli kassa mədaxil qəbzi verilmişdir. Bundan əlavə, iddiaçı evinə çıxarış alınması üçün maliyyə arayışını vermədikləri üçün hüquq mühafizə orqanlarına şikayətlər ünvanlamış, bu şikayətlərdən sonra iddiaçıya xx.xx.2022-ci il tarixli maliyyə arayışı da verilmişdir. Lakin, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməmiş, iddiaçıya həmin ünvanda ümumi sahəsi 153.1 kv.m olmaq əvəzinə 126.50 kv.m (26.6 kv.m az) olan mənzil təhvil vermişdir. Buradan belə çıxır ki, o, cavabdehə 13.832 ABŞ dolları (26.6 kv.m x 520 ABŞ dolları) məbləğində artıq pul ödəmişdir. Bu hal iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqda məlum olmuşdur.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4367 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən ünvan 2 ünvanında yerləşən binanın 7-ci mərtəbəsindəki 3 otaqlı 22 saylı mənzilin ümumi sahəsinin 126.5 kv.m təşkil etdiyi müəyyən edilir. Həmin mənzilin divarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 153,1 kv.m təşkil etdiyi müəyyən edilir. Mənzilin qanunvericiliyin (müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə-plan və s. uyğun) tələblərinə uyğun inşa edildiyi müəyyən edilmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) 2(005)-140/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 9.360 (doqquz min üç yüz altmış) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü manata məzənnə ilə manatla iddiaçının xeyrinə ödənilməsi, mülki iş üzrə ödənilmiş 221 manat dövlət rüsumunun 140 manat hissəsinin iddiaçıya, 81 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə ödənilməsi, 150 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, bağlanmış müqavilədə qeyd edilən mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan arasında fərq 18,3 kv.m təşkil edir. Bu da öz növbəsində iddia tələbinin qismən əsaslı olmasını şərtləndirir. Belə ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi - kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan "kvadrat metr” çıxış edir. Nəzərə alsaq ki, satılan obyektin hər kvadrat metrinin dəyəri kifayət dərəcədə pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Bu baxımdan iddiaçı hazırkı iddianı qaldırmaqda haqlıdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etməmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirməmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürmək hüququ yaranmışdır. Məhkəmə ekspert rəyinə əsasən müəyyən etmişdir ki, mənzilin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 134,8 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və balkonların (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) sahəsi habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi nəzərə alınaraq hesablandıqda ümumi sahən 153,1 kv.m-dir. Cavabdeh iddiaçıya müqavilədə göstərilən sahədən 18,3 kv.m daha az sahəsi olan mənzil təhvil vermiş, iddiaçı müqavilədə göstərilən 153,1 kv metr sahəsi olan mənzilin hər kv.m üçün 520 ABŞ dollar ödəmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404, 425.1, 439.7, 752.1, 762, 766-cı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2 və 59.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mənzili 2007-ci ilin ən geci avqust ayında qəbul etmiş, xx.xx.2007-ci il tarixdən mənzilin elektrik təchizatı üçün "xxxx" ASC ilə, xx.xx.2008-ci il tarixdəisə mənzilin su və çirkab tələbatının təmin edilməsi üçün "xxxx" ASC ilə müqavilə bağlamış, 2008-cı ilin yanvar ayından mənzildə istehlak edilmiş elektrik enerjisinə görə, 2009-cu ildən isə su və çikab istehlakına ödənişləri etməyə başlamışdır. 2007-ci ildən iddia qaldırılan tarixədək iddiaçı mənzilin iddia edilən qüsuru ilə bağlı hər hansı pretenziya irəli sürməmiş, bununla da mənzili, onun iddia etdiyi qüsuru ilə qəbul etdiyini nümayiş etdirmişdir. Mülki Məcəllənin 773-cü maddəsinin tələbinə əsasən bu halda iddiaçının iddia etdiyi qüsurlarla bağlı tələb hüququ yaranmır. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfin iştirakı təmin olunmadığından cavabdeh tərəf iddiaçının 2007-ci ildə mənzili təhvil alıb, həmin ildə orada təmir işləri aparıb, 2008-ci ildən mənzilə köçüb yaşamağa başladığına dair sübutlarını, şahidlərini məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı iddia məhkəməyə iddia müddəti ötürülməklə verilmişdir. Lakin, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfin iştirakı təmin olunmadığından cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edə bilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Etiraz iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.
13. Cavabdehin nümayəndəsi ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayəti təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
15. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı:
“kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır”.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarı:
“faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər”.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnaməni yalnız cavabdeh mübahisələndirdiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. Kollegiya qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə əsasında yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ünvan 3 ünvanında tikdiyi 16 mərtəbəli 1 bloklu 4-cü yaşayış binasından, ümumi sahəsi 153.1 kv.m-dən ibarət olan, 3 otaqlı, 22 saylı mənzili dəyəri tam ödənildikdən sonra alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı müqavilədə şərtləşdirilmiş məbləği bütünlüklə cavabdehə ödəmiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və iddiaçıya mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 126.50 kv.m göstərilmişdir.
22. Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir.
23. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur.
24. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir.
26. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
27. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir.
28. Birinci instansiya məhkəməsi tərəfindən bu xüsusatı yoxlamaq məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir.
29. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, sözügedən mənzilin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 134,8 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və balkonların (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) sahəsi habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi nəzərə alınaraq hesablandıqda ümumi sahənin 153,1 kv.m olduğu müəyyən edilmişdir
30. Göründüyü kimi, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozaraq ona ümumi sahəsi 153,1 kv.m əvəzinə 134,8 kv.m olan, yəni müqavilədə nəzərdə tutulandan 18,3 kv.m az sahəsi olan mənzili təhvil vermişdir. Yaranmış vəziyyətdə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
31. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməsinə dair apelyatorun ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir.
32. Kollegiya ilk növbədə nəzərə alır ki, cavabdehə birinci instansiya məhkəməsinin iclaslarının yeri və vaxtı bildirişlər ünvan 4 ünvanı üzrə göndərilmiş, bildirişlər “ünvan tapılmır” qeydi ilə rabitə orqanı tərəfindən geri qaytarılmış, cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, bundan sonra cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində cavabdehin ünvanı olaraq məhkəmə bildirişlərinin göndərildiyi ünvandan fərqli ünvan qeyd edilmişdir. Belə olan halda Kollegiya hazırkı mərhələdə iddia müddətinin tətbiqi barədə ərizənin müzakirəsini mümkün sayır.
33. Kollegiyanın qənaətinə görə iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır və qətnamənin ləğvi üçün əsas deyildir.
34. Belə ki, işdən mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçıya cavabdeh tərəfindən 34/22 saylı maliyyə arayışı xx.xx.2022-ci il tarixdə verilmiş, mənzil üzərində iddiaçının mülkiyyət hüququ isə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 126.50 kv.m göstərilmişdir. Belə olan halda iddiaçı hüquqlarının pozulduğunu müvafiq çıxarış verildikdən sonra bilmiş, nəticə etibarilə qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri, eləcə də cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etməməsi formal mülahizələr olmaqla qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz.
36. MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 12 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.