Məhkəmə qərarları › İş №2(103)-7996/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7996/2020

01.12.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7996/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil və Cavabdeh Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə və qeyrilərinə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-2679/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə, həmin nazirliyin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə və Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Şağan müalicə pansionatının baş həkimi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli əmrin etibarsız hesab edilməsi, həmin pansionatda kompyuter üzrə operator vəzifəsinə bərpa olunması, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi, pansionatın baş həkimi tərəfindən vurulmuş mənəvi və maddi ziyana görə 10000 manat məbləğində pulun kompensasiya olaraq cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, xx xxxxxx 2014-cü il tarixdə əmək müqaviləsi əsasında Cavabdeh1 yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatında tam ştatla kompyuter üzrə operator vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddət ərzində əmək müqaviləsindən irəli gələn, habelə əmək qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrini lazımınca icra etmişdir. Şağan müalicə pansionatının yeni baş həkimi onunla işləmək istəmədiyini, öz kadrları ilə işləmək istədiyini bildirərək ona öz ərizəsi ilə işdən azad olunmağı təklif etmiş, əks halda onu başqa əsasla işdən azad edəcəyini bildirmişdir. Bundan sonra pansionatın baş həkiminin xx xxxxxx 2020-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən birtərəfli qaydada xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Həmin əmrlə tanış edilməmiş, əmrin surəti ona təqdim edilməmiş, əmr verilərkən onun izahatı alınmamış, əmrin məzmunu Əmək Məcəlləsinin tələblərinə uyğun olmamış, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, müəssisə həmkarlar ittifaqı təşkilatının iclası keçirilməmişdir. xx xxxxxx 2020-ci il tarixində o bütün günü işdə olmuş, tabel cədvəlini imzalamışdır. xx xxxxxx 2020-ci il tarixdən x xxxx 2020-ci il tarixədək isə əmək qabiliyyəti olmadığına görə bülletendə olmuşdur. Beləliklə, pansionatın rəhbərliyi o, işdə olduğu gün qanunsuz olaraq onu işdən azad etmişdir. Qanunsuz olaraq işdən azad olunması iddiaçının maddi və mənəvi zərərə məruz qalmasına səbəb olmuşdur. Cavabdeh1 yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti xx xxx 2020-ci il tarixdə iddia ərizəsinə yazılı etirazla müraciət edərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yazılı etiraz belə əsaslandırılmışdır ki, İddiaçı əmək fəaliyyətində yol verdiyi kobud səhvlərə, habelə pansionatın rəhbərliyi və əməkdaşları ilə kobud davranışına görə tutduğu vəzifədən azad olunmuş, işdən azad olunması barədə ona məlumat verilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün müəssisə həmkarlar təşkilatının iclası keçirilərək müvafiq razılıq alınmışdır. İddiaçı işdən azad olunması barədə əmrin surətini və əmək kitabçasını almaqdan imtina etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 2679/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatının nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İş üzrə digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına öz nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə həmin cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-2679/2020 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında Şağan müalicə pansionatının baş həkimi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 26 saylı əmrdən görünür ki, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə görə Azərbaycan Respublikası Cavabdeh1 yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyindəki Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatının inzibati idarəetmə heyətində kompyuter operatoru vəzifəsində işləyən İddiaçı xx xxxxxx 2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla xx xxxxxx 2014-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi inzibati tənbeh verə bilər. Cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Şağan müalicə pansionatı İddiaçı işdən azad olunmasını sonuncunun pansionatın baş həkiminə və əməkdaşlarına qarşı kobud davranışı, əmək funksiyalarını lazımi qaydada yerinə yetirməməsi ilə əsaslandıraraq onun barəsində x xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərdə müvafiq aktlar tərtib olunduğunu, İddiaçı hərəkətlərinin pansionatın həmkarlar ittifaqı təşkilatının 19 və xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş iclaslarında müzakirə olunaraq onun işdən azad olunmasına razılıq alındığını, işdən azad olunarkən İddiaçı izahat verməkdən imtina etdiyini, onun işdən azad olunması barədə əmrin surətini və əmək kitabçasını götürməkdən imtina etdiyini bildirmişlər. Belə ki, mülki işin materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixli 26 saylı işdən azad edilmə haqqında əmrə əsasən Reabilitasiya Xidməti və Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatında kompyuter operatoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Reabilitasiya Xidməti və Əlililiyi olan şəxslər üçün Şağan müalicə pansionatının Həmkarlar ittifaqı təşkilatının xx xxxxxx 2020-ci il tarixli protokoluna əsasən, Reabilitasiya Xidməti və Əlililiyi olan şəxslər üçün Şağan müalicə pansionatında kompyuter operatoru vəzifəsində çalışan İddiaçı öhdəsinə düşən vəzifələri yerinə yetirmədiyinə görə, kollektiv üzvləri ilə kobud rəftarına görə lazımi tədbirlərin görülməsi qərara alınmışdır. Həmin təşkilatın xx xxxxxx 2020-ci il tarixli protokoluna əsasən, müəssisədə kompyuter operatoru vəzifəsində çalışan İddiaçı öhdəsinə düşən vəzifələri yerinə yetrimədiyinə görə, əmək funksiyalarının icrasında buraxdığı nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan Reabilitasiya Xidməti və Əlililiyi olan şəxslər üçün Şağan müalicə pansionatının rəhbərliyinə ünvanlanan ərizələrdən və həmin təşkilatın aktlarından görünür ki, Pansionatın inzibati-idarəetmə heyətində kompyuter operatoru vəzifəsində çalışan İddiaçı işçilərə hədə-qorxu gələrək təhqir edib, onlarla kobud rəftar etmişdir. İş materiallarına əlavə edilmiş həmin təşlikatın aktlarından və məhkəmə iclasında dindirilmiş şahidlərin bir çoxunun ifadələrindən belə görünür ki, iddiaçı öz əmək funksiyalarını icra etməmiş, digər işçilərlə kobud rəftara yol vermiş və nəticədə onun əmək münasibətlərinə xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olunaraq işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi əsası ilə xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə aşağıdakı şərtlər daxilində yol verilir : a) işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir, b) işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır, c) işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır və həmin işçi ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Bundan əlavə, cavabdeh müəssisə iddiaçının öz əmək funksiyasına daxil olan hansı vəzifələri yerinə yetirmədiyini və əmək müqaviləsi üzrə hansı öhdəlikləri icra etmədiyini əmrdə göstərməmiş, bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli 26 saylı əmrdə onun “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə görə” işdən azad olunması qeyd olunmuşdur. Halbuki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər digər intizam tənbehi tədbirinin tətbiqinə də əsas ola bilərdi. Əmək Məcəlləsinin 80-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materiallarından görünür ki, işəgötürən tərəfindən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimat verilməmiş, Şağan müalicə pansionatının Həmkarlar ittifaqı təşkilatının 19 fevral və xx xxxxxx 2020-ci il tarixli protokollarında da belə bir təqdimata baxılması qeyd olunmamışdır. Müəssisə həmkarlar təşkilatının 143 üzvü olduğu halda, xx xxxxxx 2020-ci il tarixli protokolda 7 nəfər, xx xxxxxx 2020-ci il tarixli protokolda isə 8 nəfər şəxsin iclasda iştirakı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində müəssisə həmkarlar təşkilatının iclasının keçirilmədiyini, İddiaçı əleyhinə tərtib olunmuş akta işdən çıxarılmaqdan qorxduğu üçün imza etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən şahid qismində dindirilmiş pansionatın həmkarlar ittifaqı komitəsinin sədri X2 isə ifadəsində iddiaçının işdən çıxması ilə bağlı iclasların yanvar və fevral aylarında keçirilməsini, bundan əlavə, İddiaçı baş həkimin üstünə qışqırmaması, ona qarşı nalayiq ifadələr işlətməməsini, yalnız səs tonunu yüksəltdiyini göstərmişdir. Halbuki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi iclas protokollarında iclasların fevral ayında keçirilməsi qeyd olunmuş, pansionatın bir qrup əməkdaşının, o cümlədən K.Ağasiyevanın özünün də imza etdiyi xx.xx.2020-ci il tarixli aktda İddiaçı baş həkimi təhqir etməsi qeyd olunmuşdur. Bundan əlavə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi üçün həmkarlar ittifaqı təşkilatının dalbadal iki iclasının keçirilməsinin zəruriliyi əsaslandırılmamış, müəssisə həmkarlar təşkilatının xx xxxxxx 2020-ci il tarixli iclasına İddiaçı da dəvət olunması barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır. İşdən çıxarılmamışdan əvvəl İddiaçı yazılı izahat alınmaması barədə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlili yoxlanılarkən müəyyən edilmişdir ki, İddiaçı intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahat alınmamış, onun yazılı izahat verməkdən imtina etməsi barədə birinci instansiya məhkəməsinə heç bir sübut təqdim olunmamışdır. Yalnız apellyasiya icraatı qaydasında işə baxılarkən cavabdeh tərəf İddiaçı həmkarlar ittifaqı təşkilatının iclasında iştirak etməkdən və izahat verməkdən imtina etməsi barədə xx xxxxxx 2020-ci il tarixli aktın surətini məhkəməyə təqdim etmişdir. Aktdan görünür ki, həmin aktı pansionatın 4 tibb bacısı və sanitar qadın imzalamış, İddiaçı izahat almaq səlahiyyətinə malik olan pansionatın vəzifəli şəxslərindən hər hansı biri aktı imzalamamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əks halda, əmək müqaviləsinin ləğv olunması ilə bağlı təərəflər arasında fərdi əmək mübahisəsi yaranarsa, digər əlavə araşdırma aparılmadan işə baxan məhkəmə tərəfindən əmrin (sərəncamın, qərarın) etibarsız hesab edilməsi barədə qətnamə (qərar) çıxarıla bilər. Mübahisələndirilən əmrin məzmunundan görünür ki, əmrdə müəssisənin hüquqi ünvanı, onu imzalayan işəgötürənin atasının adı göstərilməmiş, habelə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan müəssisə həmkarlar ittifaqı təşkilatının qərarı əmrin məzmununa daxil edilməmişdir. Əmək Məcəlləsinin 83-cü maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materiallarından görünür ki, mübahisələndirilən əmrin surəti iddiaçıya verilməmiş və ünvanına göndərilməmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğu halda, birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini həmin hissələrdə rədd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktiki hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası bu qərara gəlir ki, işçinin öz işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ona dəymiş mənəvi zərərin əvəzi kimi də qiymətləndirilə bilər. Maddi ziyanla bağlı hissədə isə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş, maddi ziyanın nədən ibarət olmasını əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 2679/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatının baş həkimi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 26 saylı əmr etibarsız hesab edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatının inzibati idarəetmə heyətində kompyuter üzrə operator vəzifəsinə bərpa edilsin. Ona işdən çıxarıldığı xx xxxxxx 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilsin. İddia tələbi maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar