Məhkəmə qərarları › İş №2(103)-7997/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7997/2020

27.11.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7997/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə (bundan sonra – cavabdeh Təşkilat) qarşı “əmək müqaviləsinə edilmiş qoşmanın etibarsız hesab edilməsi, əvvəlki işinə bərpa edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, iddiaçının vəkili (nümayəndəsi) X3, cavabdeh Təşkilatın vəkili (nümayəndəsi) X1, tərcüməçi X2 qızının iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Təşkilata qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Təşkilat arasında bağlanmış 432/4 saylı “Əmək müqaviləsinə” olan xx.xx.2020-ci il tarixli 1 nömrəli qoşmanın etibarsız hesab edilməsi, onun əvvəlki işinə, yəni cavabdeh Təşkilatın Təmizlik Şöbəsinin menecer assistenti vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Təşkilat arasında bağlanmış xx.xx.2013-cü il tarixli 432/4 nömrəli “Əmək müqaviləsinə” əsasən iddiaçı cavabdeh Təşkilatın Təmizlik Şöbəsində menecer asistenti vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdə Təşkilat tərəfindən iddiaçıya “ştat vahidinin ixtisarı haqqında” xəbərdarlıq məktubu təqdim edilmişdir. Həmin xəbərdarlıq məktubunda göstərilmişdir ki, iddiaçı ilə Təşkilat arasında bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2020-ci il tarixdən xitam veriləcəkdir. Daha sonra, iddiaçı cavabdeh Təşkilatın Kadrlar Şöbəsinə dəvət olunmuş və iddiaçı, ona edilmiş təzyiq nəticəsində “Əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 nömrəli qoşmanı” imzalamışdır. “Qoşmada” qeyd edilmişdir ki, iddiaçı yeni vəzifəyə, yəni Təmizlik Şöbəsində qrup rəhbəri vəzifəsinə təyin olunur, onun illik əmək haqqının məbləği 14.400 manat, əmək məzuniyyətinin müddəti isə 21 təqvim günü müəyyən edilir. İddiaçı yeni vəzifəsinə təyin olunmasına məcburi qaydada razılıq vermiş, ərizəyə və qoşmaya təsir altında imza etmişdir. Həmin vaxt Kadrlar Şəbəsində iddiaçıya bildirilmişdir ki, onun əvvəlki işlədiyi ştat vahidi ixtisar olur və o, razılıq verməsə işsiz qala bilər. Bu səbəbdən iddiaçı başqa vəzifəyə keçməyə məcburi olaraq razılaşmışdır. xx.xx.2020-ci il tarixli razılıq ərizəsinə xx.xx.2020-ci il tarixdə iddiaçıya imza etdirmişlər, xx.xx.2020-ci il tarixdə iddiaçı işdə olmamışdır. İddiaçı həyat yoldaşı, övladı və anası ilə birlikdə yaşayır. İddiaçının əri ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyində mühafizəçi vəzifəsində işləyir. Birinci qrup əlil olan anası X5 iddiaçının himayəsində yaşayır. İddiaçıya anasına qulluğa görə ömürlük 50 manat Prezident təqaüdü təyin olunmuşdur. İddiaçı işdə olan zaman anasına dayə qulluq edir və iddiaçı dayəyə xidmət haqqı ödəyir. İddiaçı himayəsində birinci qrup əlil anası olması barədə cavabdehə məlumat vermişdir, lakin bu məlumata əhəmiyyət verilməmiş, ona qəyyum təyin olunması barədə məhkəmə qətnaməsi olduğu təqdirdə bu imtiyazdan istifadə edə biləcəyi bildirilmişdir. Halbuki, Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddiaçı bildirir ki, cavabdeh Təşkilatın departamentlər üzrə personalın sayı üzrə aylıq hesabatında göstərilir ki, iddiaçının əvvəlki işlədiyi Təmizlik Şöbəsinin menecer assistenti vəzifəsi üzrə 2 ştat vahidi olub, onlardan iddiaçının işlədiyi ştat ixtisar olunub, digər işçi isə ixtisar olunmayıb. Bu isə ştatların ixtisarı deyil, işçilərin sayının azaldılması hesab olunur. İddiaçını aldadaraq, razılıq ərizəsi almaqla iddiaçını başqa işə keçiriblər. xx.xx.2020-ci il tarixdə iddiaçı cavabdeh Təşkilata ərizə ilə müraciət edərək “Əmək müqaviləsinə 1 saylı qoşmanın” etibarsız hesab edilməsini və əvvəlki vəzifəsinə bərpa edilməsini xahiş etmiş, lakin cavabdeh Təşkilat iddiaçının ərizəsini nəzərə almamışdır. Bu səbəbdən də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının əvvəllər tutduğu vəzifə hazırda mövcuddur. Cavabdeh Təşkilatda ştat ixtisarı aparılmamışdır. Başqa işə keçirilməsinə razılıq verməmiş, Kadrlar Şöbəsinin müdiri onu əmək müqaviləsinə 1 nömrəli qoşmanı və başqa işə keçirilməsinə razılıq verilməsinə dair ərizəni imzalamağa məcbur etmişdir. Bundan başqa iddiaçının cavabdeh Təşkilata ünvanlandığı ərizə əmək müqaviləsinə 1 nömrəli qoşmadan iddiaçının narazı olması bildirilsə də, işə baxmış Rayon Məhkəməsi iddiaçının həmin müraciəti “təşəkkür və razılıq məktubu” kimi qiymətləndirmişdir. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. İddiaçı əlavə olaraq bildirdi ki, ştatın ixtisar olunacağı ilə bağlı ona xəbərdarlıq olunmuşdur və bununla əlaqədar onu cavabdeh Təşkilata çağırmışdılar. Həmin vaxtı karantin rejiminin tətbiq olunması ilə bağlı çətinliklə evdən çıxaraq iş yerinə getmiş və Kadrlar Şöbəsinə bildirilmişdir ki, himayəsində İ qrup əlil anası var, buna görə də onun işdən çıxarılması qanunsuzdur. Lakin buna əhəmiyyət vermədilər və bildirdilər ki, ya yeni vəzifəyə keçirilməsinə razı olmalıdır, ya da əmək müqaviləsinə tamamilə xitam veriləcək. İddiaçının vəkili (nümayəndəsi) əlavə olaraq bildirdi ki, cavabdeh Təşkilatda ştat ixtisarı əslində olmayıb, işçilərin sayı azaldılıb. Həmin Təşkilatda iddiaçının tutduğu vəzifə üzrə 2 ştat vahidi olub, hazırda 1 ştat vahidi qalır. İddiaçı daha təcrübəli olduğundan və himayəsində İ qrup anası olduğundan əvvəlki vəzifəsində qalmalı idi. Bu və iddiaçının başqa işə keçirilməsinə razılıq verməsi məcburetmə təsiri alında olması nəzərə alınmalı idi. Bundan başqa nəzərə alınmalıdır ki, qüvvədə olan Əmək Məcəlləsində əmək müqaviləsinə “qoşmanın” edilməsi nəzərdə tutulmayb. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, işə baxmış Rayon Məhkəməsi iddiaçının cavabdeh Təşkilata göndərdiyi məktubu “təşəkkür və razılıq məktubu” kimi qiymətləndirsə də əslində iddiaçı həmin məktubda “əmək müqaviləsinə 1 nömrəli qoşmadan” narazı olmasını bildirmiş və “Qoşmanın” etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh Təşkilatın vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddiaçının başqa vəzifəyə keçirilməsi tamamilə qanuni əsaslarla və iddiaçının razılığı ilə həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh Təşkilat ilə iddiaçı arasında əmək müqaviləsinə dəyişiklik olmuş, həmin dəyişiklik “Əmək müqaviləsinə 1 nömrəli qoşma” kimi adlandırılsa da, nəzərə alınmalıdır ki, bu sənəd ingilis dilində tərtib edilmiş, azərbaycan dilinə tərcümə olunmuş və “əlavə” sözü “qoşma” sözü kimi qeyd edilmişdir. Bu sənəd xx.xx.2020-ci il tarixdə imzalansa da, xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş və bu səbəbdən də, sənəddə xx.xx.2020-ci il tarix qeyd edilmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini, habelə mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh Təşkilat arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 432/4 nömrəli “Əmək müqaviləsindən” görünür ki, cavabdeh Təşkilat iddiaçını Təşkilatın Təmizlik Şöbəsində menecer assistenti vəzifəsində işə qəbul etmişdir. Cavabdeh Təşkilat tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə ştat vahidinin ixtisarı haqqında xəbərdarlıq məktubu təqdim edilməklə bildirilmişdir ki, ştat vahidinin ixtisarı ilə bağlı iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə”, xəbərdarlıq müddətini nəzərə alaraq (9 təqvim həftəsi) xx.xx.2020-ci il tarixdən xitam veriləcəkdir. Əmək Məcəlləsinin 77.4-cü maddəsini nəzərə alaraq, iddiaçı, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli əmək haqqını bir dəfəyə götürmək hüququna malikdir. Cavabdeh Təşkilatın xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, Təşkilatın Kadrlar Şöbəsində xx.xx.2020-ci il tarixdə iddiaçının iştirakı ilə iclas keçirilmiş və iclas zamanı iddiaçıya vəzifəsinin və maaşının dəyişdirilməsi barədə təklif və bununla bağlı izah verilmişdir. Bundan sonra, iddiaçı, ona təklif edilmiş yeni vəzifəyə - Təmizlik Şöbəsində qrup rəhbəri vəzifəsinə xx.xx.2020-ci il tarixdən etibarən keçməsinə və aylıq maaşının 1.200 manat təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Təşkilata dəvət edilmiş və tərəflər arasında “Əmək müqaviləsinə qoşma” imzalanmışdır ki, həmin qoşmaya əsasən iddiaçı cavabdeh Təşkilatın Təmizlik Şöbəsində qrup rəhbəri vəzifəsinə keçir və onun aylı əmək haqqısı 1.200 manat məbləğində müəyyən edilir. “Qoşmada” həmçinin qeyd edilib ki, iddiaçı “Qoşmanı” şəxsən oxuyub və “Qoşmanın” məzmunu ona aydındır. İddiaçı “Qoşmanın” bütün müddəalarına və həmçinin müqaviləyə və onun əlavələrinə vaxtaşırı ediləcək əlavə və dəyişikliklərə əməl edəcək, üzərinə düşən əmək funksiyalarını yerinə yetməyə razıdır. İddiaçı bildirir ki, o, “Əmək müqaviləsinə qoşmanı” cavabdeh tərəfindən edilmiş təzyiq və təsir nəticəsində imzalamışdır. Cavabdeh Təşkilatın nümayəndəsi (vəkili) bildirir ki, iddiaçının başqa vəzifəyə keçirilməsi tamamilə qanuni əsaslarla və iddiaçının razılığı ilə həyata keçirilmişdir. İddiaçının müzakirə olunan bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli (maddə 77.1.), məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Qeyd edilən prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, iddiaçının “Əmək müqaviləsinə qoşmanı” cavabdeh tərəfindən edilmiş təzyiq və təsir nəticəsində imzalaması xüsusatı apellyasiya baxışı zamanı öz əksini tapmamışdır. Belə olan halda hesab edilməlidir ki, müzakirə edilən dəlil əsassızdır. İddiaçının başqa bir dəlili ondan ibarətdir ki, onun anası X5 İ qrup əlildir və onun himayəsindədir. Belə olan halda Əmək Məcəlləsinin 79.1-ci maddəsinə görə, isə işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddiaçının bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan” görünür ki, iddiaçının A.Məmmədovaya xx.xx.2017-ci il tarixdən müddətsiz İ qrup əlillik təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhər Xətai Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********1 nömrəli arayışından görünür ki, İ qrup əlilliyi olan A.Məmmədovaya qulluğa görə ömürlük 50 manat məbləğində Prezident təqaüdü təyin olunmuşdur. İddiaçı anasının onun himayəsində olmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, müzakirə edilən dəlil əsassızdır. İddiaçı bildirir ki, “Əmək müqaviləsinə qoşmanı” imzaladıqdan sonra, yəni xx.xx.2020-ci il tarixdə o, cavabdeh Təşkilata ərizə ilə müraciət edərək “Qoşmanın” etibarsız hesab edilməsini və əvvəlki vəzifəsinə bərpa edilməsini xahiş etmiş, lakin cavabdeh Təşkilat onun müraciətini nəzərə almamışdır. İşə baxmış Rayon Məhkəməsi isə iddiaçının bu məktubunu “təşəkkür və razılıq məktubu” kimi qiymətləndirmişdir. Məhkəmə bildirir ki, iddiaçının bu dəlili də, əsassızdır, baxmayaraq ki, həqiqətən də iddiaçının cavabdeh Təşkilata ünvanlandığı həmin məktubunu “təşəkkür və razılıq məktubu” deyil. Belə ki, müvafiq poçt şöbəsi tərəfindən verilmiş qəbzdən (iş v. 13) görünür iddiaçının cavabdeh Təşkilata ünvanlandığı həmin məktub xx.xx.2020-ci il tarixdə, saat 12:26-da poçt şöbəsinə verilmişdir. “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişdən” (iş v. 32) isə görünür ki, cavabdeh Təşkilat iddiaçının vəzifəsinin dəyişdirilməsi barədə məlumatı təxminən 1 saat əvvəl, yəni həmin tarixdə saat 11:31-də elektron qaydada artıq portala yerləşdirmişdir. İddiaçı tərəfin daha bir dəlili ondan ibarətdir ki, qüvvədə olan Əmək Məcəlləsində əmək müqaviləsinə “qoşmanın” edilməsi nəzərdə tutulmayıb. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Cavabdeh Təşkilatın nümayəndəsi (vəkili) bu halı onunla izah etmişdir ki, cavabdeh Təşkilat ilə iddiaçı arasında əmək müqaviləsinə dəyişiklik olmuş, həmin dəyişiklik “Əmək müqaviləsinə 1 nömrəli qoşma” kimi adlandırılsa da, nəzərə alınmalıdır ki, bu sənəd ingilis dilində tərtib edilmiş, azərbaycan dilinə tərcümə olunmuş və “əlavə” sözü “qoşma” sözü kimi qeyd edilmişdir. İddiaçı tərəfin müzakirə edilən bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, “əlavə” və ya “qoşma” kimi adlandırılmasından asılı olmayaraq həmin sənədin məzmundan görünür ki, o, iddiaçı ilə cavabdeh Təşkilat arasında bağlanmış “Əmək müqaviləsinin” müəyyən şərtlərinin dəyişdirilməsini özündə ehtiva edir. Əmək Məcəlləsinin “Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi qaydaları” adlı 12-ci Fəsilində nəzərdə tutulmuşdur. Bu kimi razılaşmanın adının bu və ya digər qaydada qoyulması səbəbindən işçi ilə işəgötürən arasında əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə əldə olunmuş razılaşmanın ləğv edilməsi və ya etibarsız hesab edilməsi Əmək Məcəlləsi ilə müəyyən edilməmişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı tərəfin müzakirə edilən bu dəlili də əsassızdır. Beləliklə də, Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə görə, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə görə, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir. Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinə görə, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məcəllənin 59-cu maddəsinə görə, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Qeyd edilən maddi hüquq normalarının mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçının başqa işə keçirilməsi barədə əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 nömrəli qoşma qanuni və əsaslıdır, iddiaçının başqa işə keçirilməsinin qanunsuz sayılması üçün əsas yoxdur. Ona görə də Rayon Məhkəməsi iddianı haqlı olaraq təmin etməmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar