Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7998/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh MMC tərəfindən istifadəsinə verilməsindən imtina edilmiş 4.8 kv.metrlik sahənin dəyərinə müvafiq 20.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilməsi, ekspertiza xərcinin əvəzi olan 100 manatın İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət, hüquq normalarının pozulması, mühüm əhəmiyyətli faktiki halların müəyyən edilməməsi, məhkəmənin gəldiyi nəticələrin işin hallarına uyğun olmaması ilə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, apelyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, cavabdehlə arasında xx.xx.2012-ci ildə ümumi sahəsi sözügedən mənzilə dair müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyəri 168.000 manat, ümumi sahəsi 152.14 kv.metr müəyyən olunmuşdur. Aralarında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə, Cavabdeh MMC tərəfindən iddiaçının mülkiyyətinə ümumi sahəsi 148.6 kv.metr olan mənzil verilmişdir. Göründüyü kimi, cavabdeh müqavilədən irəli gələn öhdəliyini pozmaqla rəsmi olaraq razılaşdırılmış 152.14 kv.metr deyil, 148.6 kv.metr mənzil sahəsini onun istifadəsinə vermiş və nəticədə faktiki olaraq 4.8 kv.metrlik fərq yaranmışdır ki, onun dəyəri ödənilməlidir. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Baxılan işin müəyyən edilmiş faktiki hallarına görə, “X1” MMC (icraçı) ilə İddiaçı (sifarışçi) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, GMPE1-31/2012 saylı müqaviləyə əsasən, icraçı Cavabdeh MMC-nin Ə.Ələkbərov küçəsi 89 ünvanında tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı “E1” bloku, 14-cü mərtəbə, 31 №-li, ümumi sahəsi 152,14 kv.metr olan 3 otaqlı mənzili bu müqaviləyə əlavə edilən 1 №-li texniki şərtlərə uyğun tikilmiş halda sifarışçiyə satmağı, sifarişçi isə aldığı mənzilin ümumi dəyəri kimi 168.000 manatı bu müqaviləyə əlavə edilən ödəniş qrafikinə uyğun ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən, sözügedən ünvanda ümumi sahəsi 152,14 kv.metr olan 31 №-li mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə borcu qalmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 194, 196, 198, 200, 202, Şəfaət Mehdiyev küçəsi, 129, 133 ünvanında yerləşən A3 tikilisi, 14-cü mərtəbə, ümumi sahəsi 148.6 kv.metr olan 3 otaqlı, 31 №-li mənzil Cavabdeh MMC tərəfindən İddiaçı satılmışdır. Hazırda iddiaçı, ümumi sahəsi 152,14 kv.metr olan mənzilin dəyərini ödəsə də, cavabdehin müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini pozaraq ona razılaşdırılmış ölçüdə deyil, sahəsi 148,6 kv.metr olan mənzil təhvil verdiyini bildirərək, aradakı fərqin dəyərinə uyğun pulun verilməsini tələb edir. Cavabdeh isə, iddiaçıya faktiki olaraq müqavilədə nəzərdə tutulmuş ölçüdə mənzil təhvil verdiyini, daşınmaz əmlakın dövlət reystrində həmin mənzilin sahəsinin az göstərilməsinin qanunvericiliyin tələbləri ilə bağlı olduğunu bildirməklə, iddiaya etiraz edir. Göründüyü kimi, mübahisə, mənzilin faktiki təhvil verilmiş sahəsi ilə müqavilədə nəzərdə tutulmuş və iddiaçı tərəfindən dəyəri ödənilmiş sahəsi arasında uyğunsuzluğun olması ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 22158 saylı rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu Ş.Mehdiyev küçəsi, 89, 14-cü mərtəbə, E1 bloku ünvanında yerləşən 31 saylı mənzilin faktiki ümumi sahəsi 152,3 kv.metr və Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı, xx.xx.2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həmçinin hesablanma Qaydaları”-nın 2-ci və 3.8-ci bəndlərinin tələbləri nəzərə alınmaqla mənzilin ümumi sahəsi 148,6 kv.metr müəyyən edilmişdir. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası, ekspert rəyini və qanunvericiliyin aşağıdakı normalarını nəzərə alaraq hesab edir ki, rayon məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçı qarşısında müqavilə üzrə öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci tarixli, 7 saylı Tikinti obyektlərinin sahəsinin və həcminin hesablama qaydalarının 2-ci və 3.8-ci maddələrinə əsasən balkon-fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança; eyvan- binaya bitişik və ya onun içərisində tikilmiş isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, Beləliklə, Kollegiya, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-117/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7998/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7998/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver