Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-800/2020 08.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs “X1 Mərkəzi” MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6295/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı X3 cavabdeh “xxxxxxx” ASC və digərlərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, ipoteka predmeti üzərində ipoteka yüklülüyünə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipoteka qeydiyyatının ləğv edilməsi, ipoteka predmetinin əvvəlki vəziyyətə, həmçinin sahibinə qaytarılması, ipoteka predmetindən istifadə hüququnun bərpa edilməsi” barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6295/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, xx xxxxxxx 2017-ci il tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, 23 saylı evin üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi, həmin evin ipotekadan azad edilməsi və ipoteka qeydiyyatının ləğv edilməsi, evin əvvəlki vəziyyətə, həmçinin sahibinə qaytarılması, habelə iddiaçının ev üzərində hüququnun bərpa edilməsi qət edilib. Cavabdeh “xxxxxxx” ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 3211/2019 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli qətnaməsi ləğv edilib, iddia tələbi rədd olunmuşdur. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs “X1 Mərkəzi” MMC-nin nümayəndəsi Z.Bədəlov məhkəmə kollegiyasının mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə digər tərələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: “X1 Mərkəzi” MMC-nin tələbkar “xxxxxxxxxxxx” ASC-yə, borclu İddiaçı ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2011 -ci il tarixli, 8930 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, ev 23-ün ilkin satış qiyməti 95.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxxxxxxx 2011-ci il tarixə təyin edilmişdir. “X1 Mərkəzi” MMC-nin tələbkar «xxxxxxxxxxxx» ASC-yə, borclu İddiaçı ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2011 -ci il tarixli, 9622 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, ev 23-ün satış qiyməti 80750 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx xxxxxxx 2011-ci il tarixə təyin edilmişdir. “X1 Mərkəzi” MMC-nin Suraxanı Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2012-ci il tarixli, 16337 saylı məktubundan görünür ki, Hərrac Mərkəzi tərəfindən keçirilən hərraclar zamanı borclu İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, ev 23 satılmamışdır. «Hərracın yekunları barədə» xx xxxxxxx 2017-ci il tarixli, Y-574 №-li protokoldan görünür ki, hərracın təşkilatçısı - “X1 Mərkəzi” MMC-nin direktoru İ.Bayramov ilə alıcı “AGBar nümayəndəsi N.K.Nağıyev Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, ev 23-ün 65.000 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli qərarında qeyd etmişdir ki, ipoteka predmetinə dair ilk hərrac xx xxxxxxxx 2011-ci il tarixdə 95.000 manat qiymətlə, təkrar hərrac xx xxxxxxx 2011-ci il tarixdə 80.750 manat qiymətlə keçirilsə də, hərraclar baş tutmamış və hərrac təşkilatçısı tərəfindən xx xxxxxx 2011-ci il tarixdə ipoteka predmeti tələbkar banka 25 faiz aşağı qiymətlə, yəni 60.562 manata təklif edilmiş, lakin sonuncu 30 təqvim günü ərzində nəinki ipoteka predmetini əldə edib, heç buna cəhd belə göstərməmişdir və nəticədə icra məmurunun qərarı ilə icra sənədi düzgün olaraq məhkəməyə geri qaytarılmışdır. İcra məmurunun qərarı ilə icra sənədi məhkəməyə geri qaytarıldıqdan altı ildən sonra məhkəmənin xx xxxxx 2017-ci il tarixli məktubu ilə icra sənədinin yenidən icraya yönəldilməsi, eləcə də qiymətləndiricinin rəyinə əsasən ipoteka predmetinin yenidən qiymətləndirilməsi, ipoteka predmetinə dair xx xxxxxx 2017-ci il tarixdə 65.000 manat qiymətlə üçüncü, xx xxxxxxxx 2017-ci il tarixdə 55.250 manat qiymətlə dördüncü dəfə hərracların keçirilməsi və bundan sonra hərracların baş tutmaması əsas tutularaq hərracın təşkilatçısı tərəfindən ipoteka predmetinin xx xxxxxxxx 2017-ci il tarixdə 25 faiz aşağı qiymətlə, yəni 41.437 manata banka təklif edilməsi və sonuncunun həmin qiymətlə ipoteka predmetini qəbul etməsi açıq-aşkar qanunsuz olmuşdur. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində göstərilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən, yəni xx xxxxxx 2011-ci il tarixdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyindən və həmin tarixdən ipoteka qoyanın ipotekaya xitam verilməsini tələb etmək hüququ əmələ gəldiyindən, ipoteka saxlayanla, ipoteka qoyan arasında kredit borcunun ödənilməsinə dair hər hansı razılaşmanın əldə edilməsi, eləcə də iddiaçı tərəfindən banka xx xxxxxxxx 2011-ci ildən xx xxxxxx 2014-cü il tarixədək 23.000 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsi, altı ildən sonra ipoteka predmetinə dair üçüncü, dördüncü hərracların keçirilməsi üçün əsas sayıla bilməz. Çünki, qanunun mənasına görə qeyd olunan əsaslarla yeni hərracların keçirilməsi yolverilməzdir. Beləliklə, Məhkəmə kollegiyası Ali Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli qərarındakı göstərişləri ilə razılaşaraq hesab edir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən, yəni xx xxxxxx 2011-ci il tarixdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyindən və həmin tarixdən ipoteka qoyanın ipotekaya xitam verilməsini tələb etmək hüququ əmələ gəldiyindən, ipoteka saxlayanla, ipoteka qoyan arasında kredit borcunun ödənilməsinə dair hər hansı razılaşmanın əldə edilməsi, eləcə də iddiaçı tərəfindən banka xx xxxxxxxx 2011-ci ildən xx xxxxxx 2014-cü il tarixədək 23.000 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsi, altı ildən sonra ipoteka predmetinə dair üçüncü, dördüncü hərracların keçirilməsi üçün əsas sayıla bilməz. Kollegiya qeyd edir ki, iddia tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Eləcə də Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsində göstərilir ki, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməkdə haqlı olmuş, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh “xxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6295/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-800/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-800/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver