Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-800/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Sadıqov Vahid Nəriman oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi vəkil X3 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nərimanov rayonu Nərimanov Bələdiyyəsi cəlb edilməklə ) “icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-229/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 589,4 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 2947 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddiası Nərimanov Rayon Məhkəməsinin 2(005)-229/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-229/2023 nömrəli qətnaməsi ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 6-cı hissəsi, 55; Mülki Prosessual Məcəllənin 217, 385.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Torpaq Məcəlləsinin yuxarıda istinad olunan normaları dövlət mülkiyyətində olan torpaq sahəsindən mənfəət əldə etmək məqsədilə istifadə edən fiziki və ya hüquqi şəxs üçün həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaq vəzifəsini müəyyən etmişdir. Məhkəmə Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamağa məcburetməyə yol verilmədiyini qeyd etsə də, hazırkı mübahisənin torpaq sahəsi ilə bağlı olduğunu və Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən torpaq sahəsi ilə bağlı mübahisənin torpaq qanunvericiliyinin müddəalarına əsasən həll edilməli olduğunu nəzərə almamışdır. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, müqavilə bağlamağa məcbur etməyə yol verilən istisna hallar hazırkı işdə mövcud deyil. Belə ki, məhkəmə tərəfin könüllü olaraq öhdəlik götürmədiyini bildirmişdir, lakin dövlət mülkiyyətində olan həmin torpaq sahəsindən cavabdehin qanunsuz olaraq faktiki istifadə etdiyini nəzərə almamışdır. Dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində olan qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətində olsa da, torpaq sahəsi isə özəlləşdirilməmiş və dövlətin mülkiyyətində qalmaqda davam edir. Bu halda isə torpaq ya özəlləşdirilməli, ya da icarə müqaviləsi əsasında istifadə edilməlidir. Həm Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin altıncı hissəsində, həm də “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci bəndində nəzərdə tutulmuş - “Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir” – müddəası imperativ müddəadır və icrası Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. 08 yanvar 2024-cü il tarixdə məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbayca Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdiyini, tərəfin icarə müqaviləsini bağlamağa razılıq verdiyi halda barışığın mümkün ola biləcəyini , mövcud qanunvericiliyin tələbinə görə əmlakın ya özəlləşdirilməli, ya da icarə müqaviləsinin bağlanmalı olduğunu, özlləşdirmə mərkəzi və onların ekspertləri tərəfindən əmlaka qiymət qoyulduğunu qeyd etmiş, hazırkı işi üzrə də ümumi özəlləşdirmə məbləği 1 178 8000,0 manat məbləğində müəyyən olunduğunu, Bakı şəhəri üzrə həmin məbləğin 3 faizi, digər rayonlar üzrə isə 2 faizi illik icarə haqqı sayıldığını, Həmin məbləğin də 3 faizi illik 35364 manat təşkil etdiyini, həmin məbləğ də aylığa bölünəndə 2947 manat təşkil etdiyini qeyd etmiş, bu qəbilədən olan işlərdə əvvəllər icarə haqqı və ya özəlləşdirilmə tələb olunmamasına səbəbi kimi iş yükünün çoxluğunu, icarə müqaviləsinin bağlanması ilə bağlı normanın artıq uzun müddətdir qanunvericilikdə mövcud olduğunu, 2020-ci ildən sonra bu məsələyə xüsusi diqqət yetirildiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X6 apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş,”Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”-nin 8-ci bəndinə istinad etmiş, lakin həmin qərarın bütöv məzmununa diqqət yetirilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi bu qanun özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinə aiddir, hazırkı mübahisə predmeti olan torpaq sahəsi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona ayrılmış, həmin boş torpaq sahəsində cavabdehin əmisi tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmiş, sonradan isə həmin sahə cavabdehə hədiyyə edilmişdir. Bu səbəbdən həmin qanunun ona münasibətdə aidiyyatının olmadığını, bundan əlavə iddiaçının ilkin olaraq onlara özəlləşdirmə təklif etməli olduğunu, özəlləşdirmədən imtina etdikləri təqdirdə isə Vergi Məcəlləsinin 206.3-cü maddəsinə müvafiq olaraq ancaq icarə müqaviləsi bağlanılmalı olduğunu, həmin icarə müqaviləsinə əsasən illik icarə haqqının təqribi olaraq 240 manat civarında olmalı olduğunu qeyd etmiş, aidiyyat məsələsinə münasibətdə isə cavabdeh fiziki şəxs olduğu üçün hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalı olduğunu və burada dövlət orqanının hər hansı qərarının inzibati qaydada mübahisələndirilməsindən söhbət getmədiyini qeyd etmişdir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, ilk olaraq münasibətlərin səciyyəsini nəzərə alaraq, işin mülki icraat qaydasında baxılaraq məhkəmənin səlahiyyətlərinə aid olmasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən: Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1 və 24.2-ci maddələrinin tələblərinə əsasən: Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir; Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 4-№-li qərarına əsasən: “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunda inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti həyata keçirərkən nəzərə almalı olduqları ümumi və prosedur prinsiplər, həmçinin inzibati orqanların qanunun tələblərinə ciddi şəkildə bağlı olduqları öz əksini tapmışdır. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir.. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun (maddələrinin) tələblərinə əsasən 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt; 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 46.1. İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar.46.2. İşdə iştirak edən şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda, o, həmin sübutları tələb etmək barədə vəsatətlə inzibati orqana müraciət edir. Vəsatətdə sübutların iş üçün əhəmiyyəti, əlamətləri və olduğu yer göstərilməlidir. İnzibati orqan həmin sübutları tələb etməyə və onların təqdim olunmasını təmin etməyə borcludur. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Həmin qanunun 28-ci maddəsinə əsasən: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 71-ci maddəsinə əsasən: 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. 71.3. Yalnız aşağıdakı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana (bundan sonra - şikayət instansiyası) şikayət verilə bilər: 71.3.1. səlahiyyətlə bağlı; 71.3.2. etirazla bağlı; 71.3.3. icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı; 71.3.4. qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İnzibati mübahisələrin məhkəmə aidiyyəti adlı 2-ci maddəsinə əsasən: 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla,normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. Məcəllənin 261.0.1-ci maddəsinə əsasən: iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icaata xitam verir. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən: apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (384.0.5.). Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli qərarı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 10 nömrəli Qərarı, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən müvafiq məhkəmə kollegiyası hesab edir ki, mübahisə tələbə yönəlik subyektiv tərkib baxımından cavab verməli olan və ya olmayan şəxsə qarşı verilməsindən asılı olmayaraq, münasibətlər mülki səciyyə daşımamaqla mülki icraat qaydasında baxılmalı olmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İzah edilməlidir ki, ilkin olaraq inzibati münasibətlərin səciyyəsindən asılı olmataraq inzibati orqan tərəfindən vəzifələrin icra edilməsi baxımından inzibati icraat qaydasında araşdırılmalı və vəzifələrin icrası ilə bağlı inzibati münasibətlərdə mübahisə yarandığı təqdirdə inzibati prosedur qaydasında müvafiq məhkəmə instansiyasına müraciət edilə bilər. Belə ki, şəxsin müraciət edilməsindən asılı olmayaraq inzibati hüquq münasibətlər çərşivəsində cavabdehin hüquqlarına və məlum olmayan əvvəlki rəftara (etimada) müvafiq iddiaçının öz vəzifələrini həyata keçirərək inzibati icraat qaydasında araşdırma aparmaq və cavabdehin bu prosedurda iştirak (və digər) hüquqları mövcuddur. Nə qədər ki, qeyd edilən prosedur həyata keçirilməyib və inzibati icraatın nəticəsi barədə qərar qəbul edilməmişdir, məhkəmə (ələlxüsus mülki məhkəmə) icraatı qaydasında işin baxılması yolverilməzdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 263- 264, 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-229/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-800/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-800/2024
29.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver