Məhkəmə qərarları › İş №2(103)-8000/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8000/2021

12.10.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8000/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın boşaldılması və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(007)-64/2021 saylı qətnaməsindən cavabdeh və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(007)-64/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh Bakı şəhəri Nizami rayonu B.Çobanzadə küçəsi 14C, 2405-ci məhəllədə yerləşən “Dan Ulduzu” şadlıq evi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsindəki bütün əmlakının boşaldılaraq həmin qeyriyaşayış sahəsinin X1 təhvil verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(103)-8000/2021 saylı qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. 30 iyul 2021-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş və baxılması üçün 11 avqust 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(103)-8000/2021 saylı qərardadı ilə həmin apellyasiya şikayəti üzrə də apellyasiya mümkün hesab edilmişdir. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmadan Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(103)-8000/2021 saylı qərardadı ləğv edilməli, iddiaçının apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(007)-64/2021 saylı qətnaməsindən Cavabdeh və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(007)-64/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar