Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8002/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı X1 nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2208/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərardadından iddiaçı X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı əmlakın qiymətləndirilməsinə dair rəyin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2208/2021 saylı 25.02.2021-ci il tarixli qərardadı ilə ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsinin qəbul olunmasından imtina edilmişdir. İddiaçı X3 həmin qərardaddan şikayət edərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2208/2021 saylı, 23.04.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən qərardaddan şikayət vermə müddəti ötürüldüyündən şikayət geri qaytarılmışdır. İddiaçı X3 bu qərardaddan da şikayət verərək ləğv edilməsini və Yasamal Rayon Məhkəməsinin 2(004)-2208/2021 saylı, 25.02.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2208/2021 saylı, 14 iyul 2021-ci il tarixli qərardadı ilə iddiaçı X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(004)- 2208/2021 saylı qərardadından şikayət verilməsi üçün müddət ötürülməmiş hesab edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2208/2021 saylı, 25.02.2021-ci il tarixli qərardadından iddiaçı X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət 2(004)-2208/2021 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 bildirdi ki, cavabdeh tərəfindən onlara qarşı irəli sürülmüş iddia təmin olunaraq kredit borcu tutulmuş və tutma mənzilə yönəldilmiş, həmin qətnamədə də mənzilin qiyməti 30000 manat müəyyən edilmişdir. Həmin iş üzrə Ali Məhkəmənin də qərarı qəbul edilmiş və mənzilin qiyməti 30000 manat kimi qalmışdır. Buna baxmayaraq, o, bu qiymətdən narazıdır. Çünki, həmin mənzilin yanında əlavə tikili inşa etmişdir. Ona görə də qiymət əlavə tikili ilə birlikdə 30000 manatdan daha çoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürməkdən imtina edərkən, qənaətini belə əsaslandırmışdır ki, məhkəmə iddiaçı X1 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, iddiaçı məhkəmədən əmlakın qiymətləndirilməsinə dair rəyin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, müstəqil qiymətləndiricinin rəyinin ləğv edilməsi barədə iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mülki işin icraata qəbulundan imtina edilməlidir Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qiymətləndirici hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi mümkünlüyü birbaşa göstərilmişdir. Eyni zamanda əmlakın icra məmuru tərəfindən qiymətləndirilməsi qaydasını tənzimləyən “İcra haqqında” Qanunun 51.1-ci maddəsində belə hesabatın maraqlı şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsini qadağan və ya istisna edən hal nəzərdə tutulmamışdır. Eyni zamanda uzun illərdir formalaşmış məhkəmə təcrübəsində məhkəmələr tərəfindən oxşar mübahisələrə mahiyyəti üzrə baxılmışdır. Mübahisələndirilən rəylə(hesabatla) iddiaçıya məxsus əmlak qiymətləndirilmişdir və iddiaçı hesabatda müəyyən edilmiş qiymətlə razı deyil. Lakin işdən və iddiaçının nümayəndəsinin izahatından da görünür ki, artıq cavabdeh tərəfindən başqa işdə iddiaçıya qarşı kredit borcunun tələb edilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair işə hər üç instansiya məhkəməsində baxılmışdır. Ona görə də ipoteka predmeti olmuş həmin mənzilin ipoteka müqaviləsi bağlanarkən müstəqil qiymətləndirici tərəfindən 30000(otuz min) manat məbləğində qiymətləndirilməsinin yenidən ayrıca icraatda mübahisələndirilməsinin hansısa nəticəsi yaxud iddiaçı üçün hər hansı bir əhəmiyyəti olarsa yeni müstəqil iddianın predmeti yarana bilər. Ancaq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ipoteka predmeti olmuş mənzilin ilkin satış qiyməti artıq müəyyən edildiyindən ipoteka müqaviləsi bağlanarkən mənzilin qiymətləndirilməsinə dair müstəqil qiymətləndiricinin həmin rəyinin etibarsızılığına yaxud ləğv edilməsinə dair işə yenidən məhkəmə qaydasında baxıla bilməz. Bununla yanaşı, iddiaçı əmlakın qiymətləndirilməsinə dair rəyin etibarsız hesab edilməsini və ləğv edilməsini tələb etsə də cavabdeh kimi, "xxxx" ASC-ni göstərmiş, ancaq sonuncunun qiymətləndirmə fəaliyyəti ilə məşğul olması işdən görünmür və buna dair sübut da əlavə edilməmiş, eyni zamanda rəyin nə vaxt və hansı şəxs tərəfindən verildiyi də bəlli deyildir. Ona görə də bu cavabdehə qarşı hər hansı bir tələb yönəldilmədiyindən iddia ərizəsinin forma və məzmununa aid tələblərə də riayət edilməmişdir. Göstərilənlərdə əlavə, əlbətdə ki, şikayətdəki dəlillər açıq-aşkar əsassızdır. Çünki, Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin imperativ tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Bu cür vəziyyətdə hazırki tələb ayrıca məhkəmə icraatının necə predmeti ola bilər ki, iddiaçı da məhz israrla bunu arzulayır. Ancaq hər bir arzunun və istəyin də hüquqi müstəvidə qanuni əsası olmalıdır. Əgər belə bir əsas yoxdursa demək nəinki konstitusion hüquq, heç adi hüququn da pozulmasından bəhs etmək əsassızdır. Göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmayaraq qərardaddan şikayət vermişdir. Lakin iddianın yolverilməzliyinə görə baxılmalı olmayan bir tələblə məhkəməyə müraciət edərək bu istəyinə necə nail olacağını qanuna istinad etməklə əsaslandırmamış, dolayısı ilə, nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçməmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2208/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı X1 şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2208/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8002/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8002/2021
03.08.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver