Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8005/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı, cavabdeh “xxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4382/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə (əvvəlki təşkilati hüquqi forması - Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixli, 68 nömrəli əmrin ləğv edilməsi, onun sahə nəzarətçisi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “xxxxxx” MMC-də xx xxxxxx 2019-cu il tarixdən sahə nəzarətçisi kimi rəsmi əmrlə müddətsiz işə qəbul olunmuş, işlədiyi müddətdə heç bir qanun pozuntusuna və peşə pozuntusuna yol verməmişdir. Bir dəfədə olsun fəaliyyəti ilə əlaqədar intizam məsuliyyəti yaratmamış və intizam məsuliyyətinə cəlb olunmamış. İşlədiyi müddətdə həmişə nizam-intizam qaydalarına riayət etmiş, hər hansı fəaliyyəti ilə bağlı qüsura yol verməmişdir. 2019cu ilin avqust ayında əmək haqqı köçmədiyi üçün mühasibatlıqla əlaqə saxlamış, ona bildirmişlər ki, o, işdən öz ərizəsi ilə azad olunmuşdur. O, belə bir ərizə yazmadığı bildiyi üçün yazmış olduğu ərizənin ona göstərilməsini, əmək kitabçasını və əmrin sürətinin ona verilməsi barədə dəfələrlə müraciət etməsinə baxmayaraq ona verməmiş, poçtla göndərəcəklərini söyləyərək bəhanələr gətirmişlər. xx xxxxxx 2019-cu il tarixdə onu öz ərizəsi ilə işdən azad olunması barədə, əmək kitabçanı, əmrin sürətini və son haqq-hesabını ala bilməməyi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hüquqlarının pozulması barədə müraciət etmiş, bununla əlaqədar cəmiyyətin rəhbərliyinə ƏƏSMN-in tərəfindən müvafiq qaydada məktub göndərilməsinə baxmayaraq hələdə bu günə kimi ona əmrin surəti və digər sənədlər verilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxx 2020-ci il tarixli məktubundan bilmişdir ki, ƏƏSMN-in mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sistemində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hisəsinin “a” bəndinə əsasən işdən çıxmağı (tərəflərdən birinin təşəbbüsü) qeydə alınmışdır. Amma xx xxxx 2019-cu il tarixli 68 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx xxxxxx 2019-cu ildə isə ona son haqqhesab ödənildiyi müəyyən olunmuşdur. Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidmətində onun barəsində araşdırmada əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Ona görə də yuxanda göstərdiyi qanun pozuntularından məlum olur ki, onun işinə idarə tərəfindən qeyri-qanuni olaraq xitam verildiyinə görə o, işinə bərpa edilərək işləməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4382/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırki təşkilatı hüquqi forması – Qapalı Səhmdar Cəmiyyəti) xx xxxx 2019-cu il tarixli, 68 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı “xxxxxx” Qapalı Səhmdar Cəmiyyətində “sahə nəzarətçisi” vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı “xxxxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “xxxxxx” Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmini üçün əsas olan '‘iddiaçı ilə əlaqə saxlanılmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsi’’ fikri ilə əlaqədar bildirir ki, məhkəmədə həmin sübutların təqdim edilə bilməməsini rabitə orqanlarının göndərilən zənglərin yalnız 3 ay müddətinə saxlanmasından irəli gəldiyini məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə bu işi araşdıran Dövlət Əmək Müfəttişliyi Xidmətinin məktubunu nəzərə almadan (məktubda iddiaçının 70-ci maddənin ç bəndi ilə işdən çıxarıldığı, lakin elektron portalda səhvən 68-ci maddə qeyd edilmişdi) əmrdə əsas kimi öz ərizəsinə əsasən qeyd edildiyini əsas götürmüşdü. Əmrdəki texniki səhvə əsasən portala da səhv qeyd edilmişdir. Dövlət Əmək Müfəttişliyi Xidməti bunu nəzərə almış, lakin nədənsə məhkəmə nəzərə almaq istəmir. Məhkəmə iddiaçının həmin gün işdən çıxması barədə məlumat aldığı barədə etirafını, müəsisənin bu qərarından narazı qaldığını və müəssisəyə etiraz verdiyini və ya əmək kitabçasını tələb etdiyini təsdiq edən hər hansı bir etiraz etdiyini sübut edən təsdiqedici sənəd olmadığının və Əmək Müfəttişliyinə isə həmin vaxt deyil, xx xxxxxx 2019-cu il tarixdə, yəni 5 ay 17 gün sonra müraciət etdiyi (rəsmi sənəddən aydın olur) lakin məhkəmədə yalan ifadə verdiyinin prosesdə müəyyən edildiyini nəzərə almadığından səhv nəticəyə gəlmişdir. İddiaçı etiraf etdiyi kimi həmin gün izahat verməkdən imtina etdiyi barədə aktı və yazılı xəbərdarlıqları məhkəməyə təqdim edərək iddiaçının xəbərdarlıqlar belə almaq istəməməsi, müəsisə rəhbərliyinin bir müddət güzəştə getdiyindən və müəsisə rəhbərliyi ilə tanışlığından sui istifadə etdiyindən qanunvericiliklə müəyyən edilmiş qaydada izahatların alınmasını mümkünsüz etmişdi. Məhkəmə iddiaçının həmin gün işdən çıxması barədə məlumat aldığı barədə etirafını, işdən azad olduğunu bildiyi gündən işə gəlmədiyini və ən azından xx xxxxxx 2019-cu il tarixdə, yəni 5 ay 17 gün sonra Dövlət Əmək Müfəttişliyi Xidmətininə müraciət etdiyini bildiyi halda iddia müddətini tətbiq edərək iddianı rədd etməmişdir. Məhkəmə iclasında cavabdeh “xxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, iddiaçı rayona gedir, gəlmir. Gündəlik tabelə qol çəkmir. Rəhbərlik də nə qədər güzəştə getməlidir? İddiaçını dəvət edirlər, lakin gəlmir. Aylarla özü qəsdən gəlməyib. Əmək Müfəttişliyi müddət tətbiq edib, məhkəmə niyə tətbiq etməsin? İddiaçı ilə əlaqə saxlanılıb. Həmçinin müddət şəxsə məlum olan vaxtdan hesablanır. İddiaçının da məlumatı olub. Məhkəmə iclasında İddiaçı bildirdi ki, qarşı tərəfin nümayəndəsinin dedikləri yalandır. Heç vaxt rəhbərliyə qarşı hörmətsizlik etməmişdir. Ona heç bir məlumat verilməyib. Əksinə o, özü dəfələrlə müraciət etmiş, lakin ona sənəd verməyiblər. Nə qədər tələb etsə də, ona sənədlərini təqdim etmədilər. Müfəttişliyə müraciət etdi. Müfəttişlikdən isə ona dedilər ki, narahat olmasın, hər şey yaxşı olacaq. 5 ay gedib-gəlmişdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, tərəflər arasında əmək münasibətləri mövcud olmuş, xx xxxx 2019-cu il tarixdə isə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən sahə nəzarətçisi vəzifəsindən azad olunmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, həmin əmrin ləğv edilməsini, işə bərpa, məcburi buraxmaya görə əmək haqqının əvəzinin ödənilməsini tələb edir, cavabadehin nümayəndəsi və vəkili isə iddianı əsassız hesab etməklə yanaşı iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının tutduğu vəzifəsindən azad edilməsinə dair xx xxxx 2019-cu il tarixli, 68 №li əmrində iddiaçının “xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyi qeyd edilsə də, həmin əmrdə bunun əsası kimi işçinin ərizəsi göstərilmişdir. Halbuki, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında işçinin işdən azad olunmasına əsas kimi tərtib edilmiş aktları göstərmiş, iddiaçının həmin əmrdə qeyd edilən ərizəsini məhkəməyə təqdim etməmiş, həmçinin, iddiaçı özü də belə ərizə yazmadığını bildirmişdir. Bundan əlavə, qeyd olunan əmrdə cavabdeh Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamış, əmrdə yalnız iddiaçının Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə işdən azad edildiyini göstərmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatın verilməsininin tələb edilməsi də iş materiallarında öz təsdiqini tapmır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili işçiyə bununla bağlı dəfələrlə zəng edildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən 71, 83, 187-ci maddələrinin tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair, məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Mübahisələndirilən əmrdə də Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. İkincisi, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olmuş halların həqiqiliyi təsdiq olunsa belə, bunlar iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, təqdim edilmiş aktlarda iddiaçının xx xxxxxx 2019-cu il tarixdə işəgötürənə məlumat vermədən və üzrlü səbəb olmadan işlədiyi sahəni tərk etməsi, xx xxxx 2019-cu il tarixli aktda iddiaçıya həvalə edilən tapşırıqları vaxtı-vaxtında yerinə yetirmədiyi, xx xxxxx 2019-cu il tarixli aktda işəgötürənə məlumat vermədən və üzrlü səbəb olmadan iş vaxtı davamiyyətini pozduğu, xx xxx 2019-cu il tarixdə işəgötürənə məlumat vermədən və müntəzəm olaraq iş vaxtına başlama saatlarını pozduğu, xx xxxx 2019-cu il tarixdə isə verilən yazılı xəbərdarlıqlara baxmayaraq işə məsuliyyətsiz yanaşması və nizam-intizam qaydalarını pozması göstərilmişdir. İddia olunan həmin pozuntuların hər birinə görə iddiaçıya ayrılıqda yazılı qaydada xəbərdarlıq edilmişdir. Xəbərdarılq intizam tənbehi sayılmasa da işəgötürən Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı birini tətbiq etmədən iddiaçıya yazılı xəbərdarlığı artıq etmişdir. Eyni zamanda ilk dörd aktda göstərilən pozuntular həqiqi olsa belə intizam tənbehi əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilərdi. Demək ilk dörd akt üzrə olan pozuntu həqiqi olsa belə müddətin keçdiyi üçün onlara görə intizam tənbehi verilə bilməzdi. Göründüyü kimi, sadalanan bu hallar da işəgötürənə iddiaçı ilə əmək müqaviləsini göstərilən əsasla ləğv etməyə əsas vermirdi. Üçüncüsü, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən iddiaçı hüquqlarının pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüquqlarının pozulduğunu aşkar edildiyi gün-işçiyə müvafiq əmrin(sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin(kitabçasının, vərəqəsinin,çekinin) verildiyi,...gündür(ƏM.m.296.4).Cavabdeh iddiaçıya əmrin surətini, əmək kitabçasını yaxud haqqhesab sənədlərini qanunla müəyyən edilmiş müddətdə verməsinə yaxud buna hansısa formada cəhd etdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də iddiaçının hüquqlarının pozulduğunu aşkar etdiyi günün cavabdeh tərəfin göstərdiyi gün olduğunu mötəbər məlumat kimi qəbul etmək əsaslı deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “xxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4382/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8005/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8005/2020
16.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver