Məhkəmə qərarları › İş №2(103)-8005/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8005/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8005/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və Cavabdeh2na qarşı «hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(005)-1770/2021 saylı qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən 26.02.2015-ci il tarixində keçirilən 11/01 və 11/02 saylı hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, banka verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilərək qeydə alınması və bu barədə Daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona müvafiq Çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə yazılı ərizə təqdim edərək, "xxxx" MMC-nin 24.01.2024-cü il tarixli Qiymətləndirmə Hesabatının ləğv edilməsi, Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən 26.02.2015-ci il tarixində keçirilən 11/01 və 11/02 saylı hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi, həmin protokolun nəticəsinə tələbkar banka verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilərək qeydə alınması və bu barədə Daşınmaz əmlakın dövlət reyestri tərəfindən ona müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(005)- 1770/2021 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia rədd edilmiş, iddiaçı tərəf həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış, şikayətdə onu verən şəxsin ünvanı göstərilməmişdir. Halbuki, MPM-nin 361.1.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti göstərilməlidir. Apellyasiya şikayətində şikayəti verən şəxsin yaşayış yerinin (yaxud olduğu yerin) göstərilməsi, həmçinin məhkəmə sənədlərinin (bildirişlər və s.) lazımi qaydada çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, apellyasiya şikayətində apellyator qismində cəm şəkildə “iddiaçılar” qeyd edilmiş, həmçinin şikayətin məzmunu bütün iddiaçılar adından yazılmış kimi görünsə də (eyni zamanda, şikayətin xahiş etdi hissəsində də “iddia tələbimizin təmin edilməsi barədə yeni qətnamə qəbul edəsiniz” göstərilmişdir), şikayəti İddiaçı1 imzalamışdır. Belə olan halda isə apellyasiya şikayətinin yalnız İddiaçı1 tərəfindən, yoxsa digər iddiaçılarla birgə verilməsi aydın deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə və Cavabdeh2na qarşı «hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(005)-1770/2021 saylı qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar