Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8009/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Zəkəriyə oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, ölmüş İddiaçı2 və cavabdeh Oqtay Mirhəsənovun hüquq varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsaslıdır. Məhkəmə bunu aşağıdakılarla izah edir. 1-ci, İddiaçı2 08.08.2020-ci il tarixdə, cavabdeh Oqtay Mirhəsənov 03.10.2020ci il tarixdə ölüb. İş üzrə icraatın dayandırıldığı anda (11.06.2021-ci ildə) ölüm tarixindən 6 aydan çox vaxt keçmişdi. Hüquq varisliyi müddətsiz proses deyil. Mülki Məcəllənin 1243cü maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Ona görə də hüquq varisliyi bəlli müddət daxilində baş verməlidir. Mübahisə edilən hüquq münasibətin xarakterinə görə hüquq varisliyinə yol verməsi məhkəməyə səlahiyyət vermir ki, iş üzrə icraatı qeyri-müəyyən müddətə dayandırsın. Əgər ölən şəxsin hüquq varisi bəlli müddət daxilində müəyyən edilmirsə, deməli, hüquq varisliyi mümkün olmadı. Belə halda məhkəmə işi dayandırılmış vəziyyətdə saxlamalı deyil, müvafiq qərar qəbul etməlidir. 2-ci, mülki işdə iki iddiaçı var. Ölmüş iddiaçıya görə digər iddiaçının tələbinə baxılmasını dayandırmağa zərurət yoxdur. İddia tələbinin ölmüş iddiaçıya aid hissəsini ayrıca icraata ayrmaq və ayrılmış icraatı dayandırmaq mümkündür. 3-cü, mülki işdə 5 cavabdeh var. İddiaçı1 bildirir ki, ölmüş cavabdehə münasibətdə iddia ərizəsinin baxılmamış saxlanılmasına və ya həmin hissədə iş üzrə icraata xitam verilməsinə razıdır. Bundan başqa, 1 cavabdehin ölməsinə görə 4 cavabdehə qarşı tələbin baxılmasını dayandırmağa zərurət yoxdur. İddia tələbinin ölmüş cavabdehə qarşı yönələn hissəsini ayrıca icraata ayrmaq və ayrılmış icraatı dayandırmaq mümkündür. Beləliklə, məhkəmə Mülki-Prosessual Məcəllənin 58, 169 və 254-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qərardad ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 11.06.2021-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8009/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8009/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver