Məhkəmə qərarları › İş №2(103)-8010/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8010/2020

13.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8010/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Anar Hadıyevin iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Belə ki, iddiaçı cavabdeh təşkilatın “Ramada Baku” Texniki şöbəsində bağban vəzifəsində işləyib, cavabdeh təşkilatın Baş direktorunun (işəgötürənin) xx.xx.2019-cu il tarixli, 99-Ş №-li əmri ilə iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilib. Əmr onunla əsaslandırılıb ki, iddiaçı əmək vəzifələrini kobud şəkildə pozub. Əmrdə hüquqi əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olunub. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi isə apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: İddia tələbinin irəli sürülməsi üçün iddia müddəti keçib. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsindən görünür ki, bu iddianın irəli sürülməsi üçün iddia müddəti 1 aydır, həmin müddət işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən başlayır. İddiaçı hüququnun pozulduğunu xx.xx.2019-cu il tarixdə aşkar edib. Belə ki, onun özü apelyasiya icraatı zamanı yazılı surətdə məhkəməyə bildirmişdir ki, əmək kitabçası ona xx.xx.2019-cu il tarixdə verilib. Lakin iddiaçı məhkəməyə 9 ay sonra - xx.xx.2020-ci il tarixdə müraciət edib. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən "mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır, müvafiq olaraq həmin ifadənin əksi, yəni "mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar əmək münasibətlərində tətbiq edilməli deyil. Belə ki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub-olmadığı və pozulubpozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar