Məhkəmə qərarları › İş №2(103)-8013/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8013/2022

20.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8013/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsinin 9 saylı şəhər poliklinikasına qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı X2, cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsinin 9 saylı şəhər poliklinikasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsinin 9 saylı şəhər poliklinikasına qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair 2(001)-5887/2022 saylı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı X4 Cavabdeh 04 iyul 2018-ci il tarixli 89k saylı əmri ilə 1,0 ştat vahidi ilə provizor vəzifəsinə işə qəbul edilmişdir.

2. Həmin Poliklinikanın baş həkiminin 01 iyun 2022-ci il tarixli 93-K nömrəli əmri ilə 9 nömrəli Şəhər Poliklinikasının aptekinin provizoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 iyun 2022-ci il tarixindən xitam verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı X4 cavabdeh Bakı şəhər Baş Səhiyyə İdarəsinin 9 saylı şəhər poliklinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 01 iyun 2022-ci il tarixli 93-K nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərərin əvəzi kimi 1000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 04 iyul 2018-ci il tarixdən poliklinikanın aptekində provizor vəzifəsində işləmiş, ona verilən tapşırıqları vicdanla və qüsursuz yerinə yetirmişdir. Poliklinika rəhbərliyi heç bir əsas olmadan qanunsuz olaraq onu işdən azad etmişdir.

5. Cavabdeh təşkilat iddia ərizəsinə yazılı etiraz vermiş və etirazını belə əsaslandırmışdır ki, X4 24-27 may 2022-ci il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə gəlmədiyinə görə onun hərəkətləri 31 may 2022-ci il tarixində həmkarlar təşkilatında müzakirə olunmuş və onun işdən azad olunması məqsədəmüvafiq hesab edilmişdir. 01 iyun 2022-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı Rüfət Rəhimov məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5887/2022 saylı mülki iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Fərid Hətəmzadə)

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı X4 ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam əməl edilmiş, iddiaçının işdən qanunsuz azad olunması barədə dəlilləri məhkəmə baxışında təsdiqini tapmamış və əmrin ləğv edilməsi üçün əsaslar olmamışdır. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70, 71, 72, 80, 83, 84, 186, 187, 296 və 300-cü maddələri, Mülki Məcəllənin 372.1 və 375.2-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14, 77, 217, 220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı X4 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun heç bir üzrlü səbəb olmadan işə gəlməməsi barədə deyilənlər həqiqətə uyğun deyil. Bundan əlavə, məhkəmə onun barəsində intizam tənbehi tətbiq edərkən onun şəxsiyyətini, kollektivdə nüfuzunu və peşəkarlıq səviyyəsini, əvvəllər məsuliyyətə cəlb edilmədiyini nəzərə almamışdır. Bundan əlavə, o, işdən çıxarıldıqdan sonra əvvəlcə Əmək Müfəttişliyinə, sonra mediatora, daha sonra isə məhkəməyə müraciət etmişdir. Buna görə də onun iddia müddətini buraxması barədə qətnamədə qeyd olunanlar doğru deyil. Məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 12.Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, həmin maddənin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Yenə həmin maddənin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın tam təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və dəyişdirilməsinə əsas yoxdur.

16. İş materiallarından görünür ki, X4 24-27 may 2022-ci il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə çıxmamış, onun hərəkətləri poliklinikanın həmkarlar ittifaqı təşkilatının 31 may 2022-ci il tarixli iclasında müzakirə olunaraq onun işdən azad olunması məqsədəmüvafiq hesab edilmişdir. Bundan sonra 01 iyun 2022-ci il tarixli 93-K saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

17. Müəyyən edilmişdir ki, X2 əmək intizamını pozması onun fəaliyyətində yeganə hal olmamışdır. Belə ki, o, 20 iyun 2020-ci ildən 16 iyul 2020-ci ilədək işə çıxmadığına görə 13 avqust 2020-ci il tarixli 249-K saylı əmrlə, habelə müəssisədaxili intizam qaydalarını pozduğuna görə 16 sentyabr 2021-ci il tarixli 258-K saylı əmrlə ona töhmət verilmişdir.

18. İddiaçı X2 istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı qaydasında işə baxılarkən verdiyi izahatdan görünür ki, o, işdən azad olunması barədə əmri, əmək kitabçasını və digər sənədləri poliklinikadan 03 iyun 2022-ci il tarixində almışdır. (i.v.80) Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, X4 işə bərpa barədə iddia tələbi ilə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilərdi. İş materiallarından görünür ki, X4 hüququnun pozulduğunu 03 iyun 2022-ci il tarixində bildiyi halda, bundan 2 ay sonra 2022-ci ilin avqust ayında mediasiya təşkilatına, 08 sentyabr 2022-ci il tarixində isə məhkəməyə müraciət etmişdir. X2 əmək hüquqlarının pozulması barədə X5 Xidmətinə müraciətləri isə işdən azad olunma barədə əmrin verildiyi tarixdən əvvəl, yəni 17 və 20 may 2022-ci il tarixlərində olmuşdur. (i.v.14) Kollegiya həmçinin qeyd edir ki, hətta işdən azad olunma tarixindən sonrakı dövrdə X5 Xidmətinə müraciət olunsa idi belə, X5 Xidməti əmək mübahisəsini həll edən orqan olmadığına görə həmin Xidmətə müraciət iddia müddətinin axımının dayandırılmasına əsas ola bilməzdi. Poliklinikanın imtiyazlı aptekinin provizoru olan X2 24-27 may 2022-ci il tarixlərində heç bir üzrlü səbəb olmadan işə gəlməməsi poliklinikada işin və əmək intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur.

19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, X4 əmək intizamını pozduğuna görə düzgün olaraq onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyindən, həm də iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini buraxdığından, birinci instansiya məhkəməsi onun iddiasını təmin etməməkdə haqlı olmuşdur.

20. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5887/2022 saylı mülki iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar