Məhkəmə qərarları › İş №2(103)-8014/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8014/2021

11.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8014/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-659/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə əvvəlki işinə bərpa edilməsi, iş vaxtından əlavə işlədiyi iş saatlarına görə, gecə növbəsində işləməyinə görə, istirahət günlərində işləməyinə görə pul vəsaitinin cavabdehdən tutulması, 5 il ərzində istirahət, bayram günlərində işləməyinə görə və məzuniyyət haqqının tutulması, vurulmuş mənəvi zərərə görə 5000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-659/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi(Yasamal Rayon Məhkəməsinin 2(004)-659/2021 saylı 30 iyun 2021-ci il tarixli yanlışlıq qərardadı ilə) ilə iddia qismən təmin edilərək Cavabdeh MMC-nin İddiaçı “əmək müqaviləsinə xitam verilməsi haqqında” 09 iyul 2020-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə lift operatoru vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 09 iyul 2020-ci il tarixdən hesablanmaqla İddiaçı işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, cavabdehdən 200 manat mənəvi zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin qismən, "xxxx" MMC-nin İddiaçı "əmək müqaviləsinə xitam verilməsi haqqında" 09 iyul 2020-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-nin lift operatoru vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 09 iyul 2020-ci il tarixdən hesablanmaqla İddiaçı işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması, cavabdehdən "xxxx" MMC-dən 200 (iki yüz) manat məbləğində mənəvi zərər tutularaq İddiaçı ödənilməsi, 1,20 (bir manat iyirmi qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi hissəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının öz xahişi ilə verdiyi ərizəsinə münasibətdə məhkəmə birtərəfli mövqe nümayiş etdirmişdir. Belə ki, məhkəmə qeyd edir ki, "...cavabdeh iddiaçının onun öz xahişi ilə işdən azad edilməsi barədə ərizəsini məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh bunu iddiaçının həmin ərizəni əzərək özü ilə aparması ilə izah etmiş və bu barədə tərtib edilmiş 22 iyul 2020-ci il tarixli aktı və videogörüntünü məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, həmin sübutlar iddiaçı tərəfindən yuxarıda göstərilən ərizənin verilməsini təsdiq etmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş səssiz video görüntüdən iddiaçının imzaladığı sənədin nədən ibarət olması müəyyən olunmur. Bundan əlavə 22 iyul 2020-ci il tarixli aktda göstərilən şəxslər məhkəməyə şahid qismində təqdim edilməmişlər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının öz xahişi ilə işdən azad olunması barədə cavabdehin nümayəndəsinin dəlilləri əsassızdır." Məhkəmə video görüntülərdə görünən və aktla təsdiq edilən iddiaçının ona təqdim olunmuş vərəqin nədən ibarət olduğuna və niyə özü ilə apardığına hüquqi qiymət verməmişdir, iddiaçı özü ilə apardığı vərəqin işdən azad olunması barədə ərizə olmadığını sübut edə bilmədi. Halbuki, məhkəmə iclasında iddiaçıya sual verildi ki, əgər özü apardığı vərəq özünün yazmış olduğu işdən azad olunmasını xahiş etdiyi ərizə deyildisə, həmin vərəqi niyə apardı və həmin vərəqi indi məhkəməyə təqdim edə bilərmi? İddiaçı bu suallara heç bir cavab vermədi. Eyni zamanda, məhkəmə də iş üçün çox vacib olan bu halı araşdırmadı. Bundan əlavə, məhkəmə onların təqdim etdiyi video görüntüləri və aktı nəyə görə əsassız hesab etməsini əsaslandıra bilməmişdir. Belə ki, həmin videogörüntü və akt nə iddiaçı tərəfindən mübahisələndirilməmiş, nə də onların əsassız olması barədə hər hansı bir sübut təqdim edilməmişdir. Bu da məhkəmənin sübutların tədqiqinə və araşdırılmasına iddiaçının xeyrinə birtərəfli və subyektiv yanaşdığını təsdiq edir. Belə ki, məhkəmə iclaslarında tərəfindən qeyd olunmuşdu ki, MMC-də işdən öz xahişi ilə azad olunan şəxslərə əmək kitabçası onlara müvafiq ərizələrinin arxasında öz xətləri ilə qeyd və imza edildikdən sonra verilir. Məhkəməyə təqdim etdiyi video görüntülərdən açıq-aşkar görünür ki, məhz bu məqsədlə iddiaçıya onun işdən azad olunması barədə özünün yazdığı ərizənin arxa hissəsinə əmək kitabçasının alması barədə qeyd etmək və imza atmaq üçün ərizə təqdim olunur, iddiaçı həmin ərizəni oxuyur, onu çevirərək arxa hissəsinə müvafiq qeydləri etməyə başlayır və sonradan qeyd etməyi dayandırır, həmin ərizə ilə birlikdə stolun üstündə olan şəxsiyyət vəsiqəsini götürüb gedir, amma əmək kitabçasını orada saxlayır. MMC-nin HR şöbəsinin rəisi onun əmək kitabçasını əlinə götürərək havada yelləyir, iddiaçıya geri qayıdıb kitabçanı götürməsini deyir, amma iddiaçı geri qayıtmır. Bununla bağlı, video görüntülərdən əlavə, məhkəməyə həmin hadisəni təsdiq edən 22 iyul 2020-ci il tarixli akt da təqdim olunmuşdur. İddiaçı ilə MMC arasında olan əmək münasibətlərinin yaranmasına, eləcə də xitamına əsas olan ərizədən başqa hər hansı bir digər sənəd götürmək iddiaçı üçün əhəmiyyət kəsb etmədiyindən, iddiaçı məhz işdən azad olunması barədə ərizəni götürməklə, sonradan MMC-yə qarşı məhkəmədə qaldıracağı iddianı bu yolla udmağı planlaşdırmışdır. Belə ki, iddiaçı, iddia ərizəsində, əmək kitabçasını almaq üçün MMC-nin ofisinə gəlməmişdən əvvəl, bu məsələ ilə bağlı hüquqşünaslardan məsləhət aldığını göstərmişdir. Məhkəmənin diqqətinə bu xüsusatı da çatdırılmasına baxmayaraq, məhkəmə bu halı da araşdırmadı. 22 iyul 2010-cu il tarixli aktda qeyd olunanları öz imzaları ilə təsdiq edən şəxslərin əlavə şahid kimi məhkəməyə cəlb edilməsinə hər hansı bir ehtiyac yox idi. Əgər, məhkəmə buna ehtiyac duyurdusa (qənaətlərinə görə, məhkəmə buna ehtiyac duymuşdur, belə ki, məhkəmə qətnamədə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş səssiz video görüntüdən iddiaçının imzaladığı sənədin nədən ibarət olması müəyyən olunmur), bunu öz təşəbbüsü ilə edə bilərdi. Çünki, həmin sənədin nədən ibarət olmasını sübut etmək yükü, yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçının da üzərinə düşürdü. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, mübahisəni məhkəmədən kənar həll etmək üçün işəgötürənin təklif etdiyi məbləğ 1500 manat olmuşdur. Belə ki, məhkəmənin barışıq təklifini işəgötürənə, işəgötürənin təklif etdiyi məbləği isə məhkəmənin nəzərinə çatdırdı. Bununla yanaşı, iddiaçının işdən çıxması barədə ərizəsi olub. Təqdim edilən videogörüntülərdə hər şey görünür. Ona görə də şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, məhkəmənin mübahisəni barışıq sazişi ilə yekunlaşdırmaq təklifinə razı olsa da, qarşı tərəfin təklif etdiyi məbləğlə razı deyil. Bundan əlavə, işlədiyi 5 il müddət ərzində bir dəfə də olsun məzuniyyətə çıxmamışdır. Heç vaxt işdən çıxmaq da istəməmiş, onu məcburən işdən çıxarıblar. Belə ki, videogörüntüdə ona təqdim edilən yazılmamış hazır ərizə forması idi. Əvvəlcə həmin vərəqə imza etdi. Sonra xanım ona həmin vərəqdə adını, soyadını yazmağı və imzalamağı bildirdi. Vərəqin arxasında 04 may 2020-ci il yazıldığı qeyd edilmişdir. Bunun nə olduğunu soruşduqda, guya öz xahişi ilə işdən çıxmaq barədə ərizə olduğunu bildirmişlər. Çünki, ərizədə maddə də yazılmışdı, o, da bilmirdi həmin maddə nədir. Əmək kitabçasını götürəndə oradakı işçidən soruşdu, mahiyyətini o zaman bildi. Onda səbəbini soruşdu, ona bildirdilər ki, Ağalar müəllim belə deyib. O, da ad, soyadı yazılan ərizəni sonradan onun əleyhinə istifadə edə bilməsinlər deyə götürüb çıxdı. Çünki, işdən çıxma barədə heç vaxt ərizə yazmamışdır. Elə bir ərizə yazmaq niyyəti də olmayıb. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, işdən görünür ki, iddiaçı 10 sentyabr 2015-ci il tarixdə Cavabdeh MMC-yə ilməkçi vəzifəsinə işə qəbul edilmiş, 4 may 2020-ci il tarixdə əmək müqaviləsinə öz xahişi ilə xitam verilmiş, eyni tarixli əmrdən görünür ki, iddiaçıya istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın və son haqq hesabın verilməsinin təmin edilməsi əmr edilmişdir. 04.05.2020-ci il tarixdə iddiaçı Cavabdeh MMC-yə lift operatoru peşəsinə işə qəbul edilmiş, iddiaçının əmək müqaviləsinə 09.07.2020-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə xitam verilmişdir. Lakin cavabdeh iddiaçının onun öz xahişi ilə işdən azad edilməsi barədə ərizəsini məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh bunu iddiaçının həmin ərizəni əzərək özü ilə aparması ilə izah etmiş və bu barədə tərtib edilmiş 22 iyul 2020-ci il tarixli aktı və videogörüntünü məhkəməyə təqdim etmişdir. Tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsi ilə müəyyən olunmuş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan ləğv edildiyi təsdiq edildiyindən iddia işə bərpa tələbinə dair hissədə təmin olunmalı, iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddiaçının iş vaxtından artıq vaxtda işləməsi, gecə növbəsində işləməsi, istirahət günlərində işləməsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia iddiaçının həmin vaxtlarda işləməsinə görə əmək haqqı tələbinə dair hissədə iddiası təmin edilə bilməz. Məzuniyyət haqqı tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlarlardan görünür ki, həm 2020-ci ilin may ayında, həm də 9 iyul 2020-ci il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesab, o cümlədən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi verilmişdir. Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Həmin məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən .əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, təmin edilən hissədə iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissədə iş üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Əvvəla, apellyasiya baxışı zamanı iddiaçı video görüntülərdə görünən və aktla təsdiq edilən ona təqdim olunmuş vərəqin nədən ibarət olduğuna və niyə özü ilə apardığına münasibət bildirdi. Cavabdeh iddiaçının özü ilə apardığı vərəqin işdən azad olunması barədə ərizə olmadığını sübut edə bilmədiyini göstərsə də, əslində bunun sübut edilməsinə də zərurət yoxdur. Çünki, iddiaçı heç vaxt işdən öz təşəbbüsü ilə çıxmaq fikrinin olmadığını bildirir. Əgər iddiaçı həqiqətən də öz iradəsi ilə könüllü olaraq belə bir ərizə yazmışdırsa, onda hansı səbəbdən həmin ərizəni məhv etməli yaxud bundan imtina etməli idi. Əlbətdə ki, əslində cavabdeh tərəf bunun motivlərini göstərməli idi yaxud ümumiyyətlə bunun üçün hansısa səbəb olmalıdır. İddiaçı videogörüntüdə göstərilən ərizə ilə bağlı kifayət qədər dolğun izahat verdi. Bu izahat inandırıcı və ağlabatan olmaqla, işin hallarına da uyğun gəlir. Başqa sözlə, iddiaçı həmin vərəqi özü ilə aparmasının səbəblərini də göstərdi. Bu cür vəziyyətdə cavabdehin sübut etməli olduğu hallar barədə, iddiaçıdan sübut tələb etmək yaxud onu buna məcbur etmək əmək qanunvericiliyinin prinsiplərinə zidd bir yanaşmadır. İkincisi, MMC-də işdən öz xahişi ilə azad olunan şəxslərə əmək kitabçası onlara müvafiq ərizələrinin arxasında öz xətləri ilə qeyd və imza edildikdən sonra verilməsi təcrübəsi olsa da iddiaçı öz xahişi ilə işdən azad olması barədə ərizə yazmadığı yaxud belə bir ərizə mövcud olmuş olsa belə, bunun onun iradəsini əks etdirmədiyi işin faktiki hallarından aydın olur. Məhkəməyə təqdim edilən video görüntülərdə məhz bu məqsədlə iddiaçıya onun işdən azad olunması barədə “özünün yazdığı” ərizənin arxa hissəsinə əmək kitabçasının alması barədə qeyd etmək və imza atmaq üçün təqdim olunması, iddiaçının həmin ərizəni oxuyub, onu çevirərək arxa hissəsinə müvafiq qeydləri etməyə başlaması və sonradan qeyd etməyi dayandıraraq, həmin ərizə ilə birlikdə stolun üstündə olan şəxsiyyət vəsiqəsini götürüb getməsi, amma əmək kitabçasını orada saxlaması əslində iddia tələbini əsassız edən deyil, əsaslı edən görüntülərdir. Çünki, iddiaçı da bu görüntülərdə əks olunan hadisələri təsdiqləyir, ancaq cavabdeh tərəf iddiaçının vərəqin arxasına qeyd etməyi hansı səbəbdən dayandırdığı barədə heç bir dəlil göstərmir. Bir daha qeyd olunur ki, əgər iddiaçının işdən öz təşəbbüsü ilə azad olmaq istəyi olmuşdursa və bu barədə “öz təşəbbüsü” ilə ərizə yazmışdırsa, sonradan fikrini niyə dəyişməli idi. Əlbətdə ki, bunun üçün ciddi əsas olmalıydı. Ancaq işəgötürən bu barədə heç bir fikir bildirmir. Görüntülərdə, iddiaçının geri qayıdıb əmək kitabçasını götürməməsi yaxud götürmək istəməmsi də qətiyyən iddianın əsassızlığına dəlalət etmir. Göstərilənlərdən əlavə, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən edib. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizədə göstərmək istəyirsə bunu yalnız xəbərdarlıq müddətinin (bir ayın) daxilində göstərə bilər. Əmək Məcəlləsi işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verməyib. Əgər işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verilsə istənilən işçi ərizə yazaraq 2 ay, 3 ay və s. müddətdən sonra əmək müqaviləsinin ləğv edilməsini tələb edə bilər. Əgər işçinin əmək münasibətini dayandırmaq istədiyi gün xəbərdarlıq müddətindən (1 aydan) kənardadırsa ərizə həmin günə aid hissədə etibarsız sayılır və hesab olunur ki, işçi ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Bu halda 1 ay bitən kimi əmək müqaviləsi ləğv edilmiş sayılır. Hazırki iş üzrə iddiaçının hansı tarixdə ərizə yazdığı və öz təşəbbüsü ilə hansı tarixdən işdən çıxmaq istəməsinə dair də cavabdeh tərəf məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Demək, mübahisəli hal həm də odur ki, iddiaçının hansı tarixdə ərizə yazdığı, hansı tarixdən əmək müqaviləsinin ləğv edilməsini istədiyi, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydaları barədə Əmək Məcəlləsinin tələblərinin düzgün yerinə yetirilib-yetirilməməsi də aydınlaşdırılmalı idi. Bu halları sübut etmək yükü isə artıq işəgötürən olaraq cavabdeh tərəfin üzərinə düşürdü. Bununla yanaşı, bəzən belə mübahisələrin həlli zamanı "əmək müqaviləsinin ləğv edilməsi" anlayışı ilə "əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsi" anlayışı səhvən eyniləşdirilir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda müqaviləni işçi ləğv edir, işəgötürən isə ləğvi rəsmiləşdirir (Əmək Məcəlləsi, maddə 83. hissə 1). İşçi əmək müqaviləsinin tərəfi kimi həmin müqaviləni ləğv etmək hüququna malikdir, bu hüququnu həyala keçirmək üçün müqavilənin digər tərəfinin (işəgötürənin) əmrindən asılı deyil, sadəcə xəbərdarlıq müddətinə (1 aya) əməl etməlidir. Ancaq hazırki mübahisənin mahiyyətinə diqqət yetirdikdə, sanki əmək müqaviləsinin ləğv edilməsini işçi olan iddiaçı deyil, cavabdeh olan işəgötürən nəinki arzu edir, həm də buna hər vəchlə nail olmağa çalışır. Lakin Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndi bunu yəni,... hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməyi qadağan edir. Bu halın özü də iddianın təmin edilən hissəsinin müstəqil əsası kimi çıxış edə bilərdi. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004 )-659/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar