Məhkəmə qərarları › İş №2(103)-8018/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8018/2020

16.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8018/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Bank “xxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-879/2020 saylı qətnaməsindən Cavabdeh2 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxx” ASC iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların övladı X2 bankın mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 59 ünvanında yerləşən 17 saylı mənzildən (Yeni qaydalarla: AZ 1126, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 239, M 9, m 1) istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli SMN-00014-16/15A saylı kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmiş, kreditin təminatı qismində Cavabdeh2 ilə bağlanmış xx.xx.2015-ci il tarixli SMMG-00014-16/15A saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 59, ünvanında yerləşən 17 nömrəli mənzil (Yeni qaydalarla: AZ 1126, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 239, M 9, m 1) ipotekaya qoyulmuşdur. Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdehdən kredit müqaviləsi üzrə cəmi 45881,49 manat borcun və 30,4 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan mənzilə yönəldilərək açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-90/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 80000 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)-2138/2019 saylı qərarı ilə qətnamə dəyişdirilmədən saxlanmışdır. “X1 Mərkəzi” MMC-nin xx.xx.2019-cu il tarixli Y-234/1 nömrəli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” protokoluna əsasən mənzil ASC-nin balansına keçmişdir. Hərracın yekunlan üzrə ASC ilə “X1 Mərkəzi” MMC arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən mənzil hal-hazırda ASC-nin mülkiyyətindədir. Lakin Cavabdeh1 həmin mənzildə qeydiyyatdadır. Bu isə bir mülkiyyətçi kimi ASC-nin hüquqlarını pozur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-879/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların övladı X2 iddiaçı Bank “xxx” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 59 ünvanında yerləşən 17 saylı mənzildən (Yeni qaydalarla: AZ 1126, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 239, M 9, m 1) istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin boşaldılması, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Bank “xxx” ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə ona qanunla müəyyən edilmiş qaydada məlumat verilməmiş, iştirakı təmin edilməmişdir. Hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və apelyasiya şikayətinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi-vəkili ərizə ünvanlayaraq, Cavabdeh2 cavabdehlər “X1 Mərkəzi” MMC-yə və qeyrilərinə qarşı “keçirilmiş hərracın və onun yekununa dair protokolun etibarsız hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə qətnamədən apelyasiya şikayəti verildiyini və hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatında olduğunu bildirərək, hazırki mülki işin icraatının dayandırılmasını və ya məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyinə görə məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Kollegiya iş üzrə icraatın dayandırılmasına zərurət olmadığını qeyd edərək, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarına əsasən, iddiaçının Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair” iddiası Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(041)-1884/2016 saylı qətnaməsi ilə qismən təmin edilərək, xx.xx.2015-ci il tarixli SMN-Ö0014-16/15A saylı kredit müqaviləsi üzrə 38.306,21 manat əsas borc, 5.175,28 manat faiz borcu, 2.400 manat cərimə olmaqla 45.881,49 manat, habelə 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan hazırki mübahisəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışından əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi qət edilmişdir, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)- 90/2018 saylı qətnaməsi ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 80000 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-2138/2019 saylı qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-90/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “X1 Mərkəzi” MMC-nin xx.xx.2019-cu il tarixli Y-234/1 nömrəli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, həmin müqavilə əsasında iddiaçı hazırki mübahisəli mənzili əldə etmiş və onun mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmaqla bu barədə Çıxarış (qeydiyyat nömrəsi **********) verilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Elektron notariat” Avtomatlaşdırılmış informasiya Sistemindən xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 və cavabdehlərin övladı - xx.xx.2015-ci il təvəllüdlü X3 mübahisəli mənzildə qeydiyyatdadırlar. Hazırda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Cavabdehlərin isə həmin mənzilə dair hər hansı hüquqları artıq mövcud olmadığından iddiaçı hazırki iddianı qaldırmışdır. Kollegiya qeyd edir ki, iddiaçının tələbi əsaslıdır. İş materiallarından mübahisəsiz olaraq müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 59 ünvanında yerləşən 17 saylı mənzil (Yeni qaydalarla: AZ 1126, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 239, M 9, m 1) ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və sonradan açıq hərrac nəticəsində onun mülkiyyətçisi dəyişmişdir.Həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında Bank “xxx” ASC-nin adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, Bank hazırda mənzilin mülkiyyətçisidir, cavabdehlərin isə mənzilə dair hər hansı hüquqları artıq mövcud deyil. Belə ki, iddiaçının mülkiyyət hüququ qeydə alındığı andan cavabdehlərin həmin mənzilə dair mülkiyyət hüquqları itirilmişdir. Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhz bu səbəblə kollegiya hesab edir ki, iddiaçı öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehlərin isə mənzilə dair hər hansı hüquqları mövcud olmadığından onların mənzili boşaldaraq iddiaçıya təhvil verməməsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi iddia tələblərini haqlı olaraq təmin etmişdir. Apellyatorun, məhkəmə iclaslarında iştirakının təmin edilmədiyi və çəkişmə prinsipinin pozulduğu mənasına gələn arqumentləri isə iş materialları ilə təkzib olunur. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, məhkəmənin qənaəti isə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-879/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar