Məhkəmə qərarları › İş №2(103)-803/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-803/2024

16.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-803/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış sahəsinə köçürülmə və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5202/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. İddiaçı mübahisəli evdə cavabdehlə birgə yaşamış, təsərrüfat aparmışdır. Cavabdeh hazırda iddiaçının uşaqları ilə birlikdə mübahisəli tikilidə yaşamalarına etiraz edir, fərdi yaşayış evinin onun ailəsinə məxsus olduğunu bildirir. Mübahisəli evin hüquqi rejiminə görə özbaşına tikinti olması işin mübahisələndirilməyən halıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3741/2023 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, X14, 2-ci sahə, fərdi yaşayış evinə köçürülməsi və həmin mənzildən istifadə hüquqlarının məhdudlaşdırılmasının cavabdehə və digər şəxslərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X12 ilə nikahı dövlət qeydiyyatına 11 mart 2011-ci ildə alınmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 240 nömrəsi ilə qeyd edilmişdir. Rəsmi nikahdan xx.xx.2011-ci ildə X8 və xx.xx.2014-cü ildə X10 adlı övladları olmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-3741/2023 nömrəli qətnaməsi ilə nikahları pozulmuş və hər iki uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 440 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh ona və övladlarına qarşı diqqətsiz olduğundan, ailə qayğısı çəkmədiyindən, uşaqların saxlanmasına maddi yardım göstərmədiyindən, tez-tez onu döyməsi və səbəbsiz yerə qısqanması, ailənin qorunması, maddi təminatlarının ağır olduğu barədə iradlara baxmayaraq öz qazancını istədiyi kimi xərcləyirdi. İddiaçının bütün şəxsi əşyaları, cehiz əşyaları və birgə nikahda olarkən aldıqları əşyaları hal-hazırda cavabdehlə faktiki yaşadığı ünvandadır. Onların birgə nikah dövründə işləyərək yığdıqları pul vəsaiti və "xxxx"dan götürdülkəri 3000 manat kredit hesabına 2013-cü ilin avqust ayında X15 ərazisindən 0,02 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi alaraq orada 4 otaqlı kürsülü fərdi yaşayış evi tikmişlər. O vaxt Cavabdeh Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmət etdiyindən və özünün dediyi kimi orada ev növbəsinə durduğundan, onun adına torpaq sahəsi olacağı halda evlə təmin edilməyəcəyi üçün, torpaq sahəsini ümumi razılıqla 99 illik icarə hüququ əsasında cavabdehin atası X5 adına rəsmiləşdiriblər. Evin tikilməsində, təmirində və ev əşyaları ilə təmin olunmasında cavabdehlə bərabər o, anası və atası da pul xərcləmişlər. Bunu qonşuları da təsdiq edə bilərlər. X1 öləndən sonra qayınanasının təsiri ilə əri onunla pis rəftar etməyə başlayıb. Onun evdə heç bir hüququ olmadığını deyərək, xx.xx.2023-cü ildə evdən uşaqları ilə birlikdə zorla çıxarıb. Qayınanası daima onların ailə məsələlərinə müdaxilə edir. Cavabdeh isə qazancının yaxşı olmasına baxmayaraq bütün pulunu özünə xərclədiyini, uşaqların baxılmasına köməklik etmədiyindən, iki uşağına 4 aydır ki, onun atası və anası baxır. Uşaqları ilə evdən cavabdehin təhdidlərindən qorxduqları üçün çıxıb. Birgə yaşadıqları dövrdə uşaqları balaca olduğundan və ərinin qısqanclığına görə evlərinin həyətində tikilən salonda saç ustası kimi işləyib. Bütün salona aid əşyaları da orada qalıb. Evdən təkcə paltarlarını götürərək çıxdıqlarına görə heç bir yerdə işləyə bilmir. Maddi durumları ağırdır. Belə vəziyyətdə uşaqlarının baxılmasında, onların təlim-tərbiyəsində cavabdeh iştirak etmir. Hətta uşaqların məktəb çantalarını belə vermədiyindən, uşaqlar məktəbə gedə bilmirlər. Hətta məktəbə getmədikləri üçün uşaqlar sinifdə qalıblar. Uşaqları Ramanada, “Şuşa qəsəbəsində” 4 nömrəli tam orta məktəbdə oxuyurlar. Evləri isə Ramanada, 2-ci sahədə yerləşir. Cavabdehlə bundan öncə də mübahisələri olub, onu dəfələrlə evdən qovub ki, bu ev anasınındır. Lakin bu yalanlarına baxmayaraq evin su sayğacı və telefon nömrəsi cavabehin adına olub. İndi isə anasının adına keçirilib. Evi birgə nikah dövründə özləri tikdiriblər, cavabdehin atası və anası pensiyaçı olub. Onların belə bir ev tikməyə maddi imkanı ola bilməzdi. O və uşaqları Sabunçu qəsəbəsində qeydiyyatda olsalar da, həmin evdə yaşadıqları üçün Ramana Bələdiyyəsindən və Qəsəbə nümayəndəliyindən bu barədə arayış alıblar. Onun Bakı şəhərində başqa ərazidə yaşamağa yeri yoxdur. Ona görə də, o, uşaqları ilə keçmiş əri ilə birgə yaşamağa məcburdur. Cavabdehlə evin özəlləşdirilərək satılmasına və ailə üzvləri arasında pulun bölünməsinə razılaşa bilmirlər. Həmçinin evin də mülkiyyət sənədi yoxdur. Çünki ev kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilmişdir. Cavabdehlə danışığı öz müsbət həllini tapmadığından yaşadığı və ailə üzvü kimi istifadə hüququna malik olduğu evə uşaqları ilə birlikdə qayıtmaq istəyir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5202/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı övladları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, X14, 2-ci sahə, fərdi yaşayış evinə köçürülməsi; 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir.

5. İddiaçı mübahisəli evdə cavabdehlə birgə yaşamış, təsərrüfat aparmışdır, cavabdeh hazırda həmin evdə yaşasa da iddiaçı orada yaşamır, cavabdeh iddiaçının evdə yaşamasına razı deyildir. Həmçinin, cavabdeh iddiaçının mübahisəli evə köçürülüməsinə etirazını bildirsə də onun adına mübahisəli evə dair hüquqmüəyyənedici sənədlərin mövcudluğu, hüquqlarının müvafiq qaydada qeydiyyata alınması, həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların olması, tikilinin yalnız onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud, birgə nikah dövründən əvvəl, ümumi əmlak hesabına deyil, öz vəsaiti hesabına inşa edilməsi, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları nikahdan əvvəl əvəzli əldə etməsi, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında şəxsən və tək iştirak etməsi halları da müəyyən edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3-cü maddələri; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5202/2023 saylı iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, səs yazıları və sübutlar iddianı təsdiq etmir. Torpaq icarə torpağıdır, evin isə heç bir sənədi yoxdur. Özbaşına tikilidir. Evi atası tikib, onlar isə 2018-ci ildə həmin evə köçüb orada yaşayırdırlar. Hal-hazırda həmin evdə yaşayanlar var. Hazırda belə bir iddianın qaldırılması üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də hesab edir ki, iddia rədd edilməlidir. İddiaçının mövqeyi əsassızdır, ailəli olarkən maddi imkanları yaxşı olmadığından, həmin evə, yəni atasının adına olan evə köçmüş və orada yaşamışlar. Həmin evdə onlardan əvvəl yaşayış olub, qardaşı öz ailəsi ilə orada yaşayıb. Ev qeyri-qanuni tikilidir. Torpaq sahəsi əvvəl icarəyə götürülmüş torpaq idi, daha sonra reyestrdən qeydiyyatdan keçmiş və atasının adına rəsmiləşdirilmişdir. Ev ona məxsus deyil, atasına məxsusdur, belə olduğu halda iddiaçının atasına məxsus evə köçürülməsi “non-sens”dir. Ona görə də aşağı məhkəmənin qətnaməsi qanunsuz və əsassız olduğu üçün apellyasiya qaydasında ləğv edilməlidir. Atasının qanunla qorunan mülkiyyət hüququ tapdalanmışdır. Onun özünə məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqları əlindən alınmışdır. Göründüyü kimi, o, mülkiyyətçi olmayan şəxsin hüquqları institutunun təsir dairəsinə düşür. İddiaçı özlərinə aid olmayan evə köçürülmüşdür. Belə olduğu halda, məhkəmə ədalət mühakiməsinin həyata keçirilməsinin prinsip və vəzifələrinə zidd olaraq, onun hüquqlarını görməzdən gəlmiş, həmin şəxslərin onun evinə köçürülməsinə qərar vermişdir.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən əsassız qətnamə qəbul etmişdir. Belə ki, işin mübahisəli halıdır ki, tikili özbaşına tikilidir. Torpağın xüsusi mülkiyyət çıxarışı yoxdur, sadəcə icarə haqqında çıxarış mövcuddur. Torpaq sahəsi iddiaçının atasına məxsusdur, 99 illik onun icarəsinə verilmişdir. Həmin torpaq sahəsini icarə hüququnun alğı-satqısı vasitəsilə digər şəxsdən notarial qaydada müqavilə bağlanmaqla əldə etmişdir. Kənd Təsərrüfatı təyinatlı boş torpaq sahəsi alınmışdır. Torpaq sahəsi üzərində cavabdehin atası tərəfindən öz hesabına tikili inşa edilmişdir. Torpaq sahəsi 2013-cü il tarixində alınmışdır. Tikinti 2014-2016-cı il tarixlərində həyata keçirilmişdir. İddiaçı 2018-ci il tarixində cavabdehlə birgə hazır evə köçmüşdür. İddiaçı və cavabdehin bundan əvvəl qaldıqları evlər kirayə olmuşdur. Sonuncu kirayə müqaviləsi iş materiallarına əlavə edilmişdir və həmin müqavilə 5 illik müddətə bağlanmışdır. Əgər onların evi var idisə nəyə görə 5 illik kirayə müqaviləsi bağlanmalı idi. Tikilinin cavabdehin atası tərəfindən tikilməsinə dair şahidlər, qonşular vardır. Şahidlərlə bağlı birinci instansiya məhkəməsində vəsatət qaldırılmamışdır. İddiaçı həmin evi öz razılığı ilə uşaqları və əşyaları götürərək tərk etmişdir. İddiaçı həmin vaxtdan özünün qeydiyyatda olduğu ünvanda yaşayır. Onun yaşayış sahəsinə ehtiyacı yoxdur. Köçürülmənin hüquqi əsası da yoxdur. İddiaçı özü-öz xoşluğu ilə evdən çıxmışdır. İddiaçı və cavabdeh 2018-ci il tarixində cavabdehin atasının dəvəti ilə həmin mübahisəli evə köçmüşdür. Bu müddətə qədər uzun müddət kirayə müqaviləsi bağlanmışdır.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, iddiaçı onun evdən güclə çıxarıldığını bildirsə də, belə bir hal olmamışdr. Hətta evə gələndə iddiaçını evdə görməyəndə, polisə müraciət etdi. O, mübahisəli mənzilə 2018-ci il tarixində gəlmiş, oraya gələnə qədər orada qardaşı uşaqları yaşayırdı. Hazırkı gündə o, özü çöldə qalmışdır. İddiaçının özünün atasının evi vardır, orada qeydiyyatı vardır, mübahisəli mənzil isə qanunsuz tikilidir. Torpaq sahəsi atasına məxsusdur. O, həmin evə 2018-ci il tarixində gəlmiş. 2018-ci il tarixindən 2023-cü il tarixinə qədər iddiaçı ilə aralarında 3 dəfə boşanma olmuşdur, barışmağa cəhd etsələr də alınmamışdır. İddiaçıya qarşı heç kim şiddət göstərməmişdir, onu özü uşaqları və özünə aid əşyaları götürərək evi tərk etmişdir. Bundan sonra iddiaçı evə qayıtmamışdır. Hazırda o, başqa evdə yaşayır. CD diskdəki səs yazılarla bağlı bildirmişdir ki, iddiaçı onunla mübahisə etmiş, onun səsini yazmış və o da iddiaçını sakitləşdirmək üçün CD diskdəki sözləri demişdir. Evi atası və anası tərəfindən tikilmişdir. O, krediti müxtəlif problemlərinə görə götürmüş, həmin məqsədlər üçün pul vəsaitini xərcləmişdir. Kredit götürülən ərəfədə oğlunun səhhətində problem var idi,1 ay xəstəxanada yatdı, həmin pul vəsaitindən oraya da xərclədi. Onlar həmin evə gələnə qədər orada ailə - atası, anası, qardaşının ailəsi yaşayırdı. İş materiallarında qardaşının arvadı ilə bağlı səsyazma qurma ola bilər. Qardaşının arvadı onlarla düşmən mövqedə deyildir. Həmin səs yazılarının qardaşının arvadına məxsus olması sübut olunmur. Hazırda bacısıgilin evində yaşayır.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 bildirmişdir ki, onun yoldaşı polis işçisi olubdur, pensiya alıbdır. Bundan başqa kənddə yoldaşının anasının torpaq sahəsi var idi və onlar orada əkin-biçinlə, heyvandarlıqlda məşğul olurdu. Onlar torpaq sahəsini 2013-cü il tarixində satın-aldılar. Oğlugil əvvəlcə Lənkəranda, daha sonra “vosmoy” tərəfdə kirayədə yaşayırdı. Mübahisəli ev yoldaşı tərəfindən tikilibdir, daha sonra onlar orada yaşamışdırlar. Oğlu Cavabdeh maddi durumu yaxşı olmadığı üçün onu yanlarında yaşamağa icazə verdilər. Onlar 2018-ci il tarixində evə gəldilər. Onların iddiaçı ilə yaşamağı qeyri-mümkündür. Torpaq sahəsi 2013-cü il tarixində 99 illik icarə yolu ilə alınmışdır, xüsusi mülkiyyətə keçməmişdir. Ev yoldaşı tərəfindən tikilmişdir. Həmin müddətdə oğlu kirayədə yaşamışdır. Evin materialları Tovuz rayonundan gətirilmişdir. Oğlunun 500-600 manat əmək haqqısı var idi, həmin pulla ev tikə bilməzdi. Ev tikilən zaman qızının evində yaşamış, orada yaşayaraq evini tikirdi. Mübahisəli ev Sabunçu rayonu, Şuşa qəsəbəsində yerləşir. Hal-hazırda həmin evdə o və böyük oğlunun uşaqları yaşayır. İddiaçı Tovuz rayonunun Azaflı kəndinə gəlin köçmüşdür. Bir müddət orada qalandan sonra Lənkərana köçdülər, daha sonra isə Bakıya gələrək kirayədə yaşadılar. İddiaçı mübahisəli evə 2018-ci il tarixində gəldi. Həmin vaxt maddi durumları aşağı olduğuna görə onların yanında yaşamağa başladılar. Evin həyətindəki salon kimi deyilən yer əl damı kimi tikilmişdi, qış fəslində bankaları, beli və s. qoyurdu. İddiaçı gəldikdən sonra oraya stol qoydu, adam olandan-olnana orada saç kəsirdi və.s işlə məşğul olurdu. Evin yoldaşı tərəfindən tikilməsi ilə bağlı şahidlər vardır. Qaz, işıq müqavilələri hamısı yoldaşının adınadır. Mübahisəli ev yoldaşı tərəfindən tikilmişdir. Yoldaşı 2022-ci ilin dekabr ayında rəhmətə getdi. Torpaq sahəsi 2013-cü ildə yoldaşı tərəfindən alındı və ev isə 2016-2017-cı il tarixlərinə qədər tikilib qurtardı. 13.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, yoldaşı evə görə növbəyə yazılmaq istəyirdi, ona görə də adına heç nəyin olmasını istəmirdi. Onun toyu Tovuz rayonunda oldu, daha sonra yoldaşı hərbçi olduğuna görə Lənkərana köçdülər, orada təqribi 1il kiraydə qaldılar. Daha sonra Bakıya gəldilər. Uşağı Bakıda oldu, daha sonra uşaqdan sonra Lənkərana getdi. Bundan sonra yoldaşı təyinatını Bakıya aldı və Bakıya köçdülər. Bakıya təqribi 2013-cü il tarixində gəldilər. Təqribi 2 il müddətinə Komsomolda kirayədə yaşadılar. Həmin ərəfədə mübahisəli ev yox idi. Onlar pul yığdı, torpaq aldılar, daha sonra evi tikdilər. Əvvəlcə yarımtikili tikdilər və oraya köçdülər. Ev tikilənə qədər kirayədə qalırdılar. Evi təqribi 2-3 ilə tikdilər. İş materiallarındakı kirayə müqaviləsi ilə bağlı bildirmişdir ki, cavabdeh işdən kirayə pulu almaq üçün həmin müqaviləni bağlamışdı. Onlar həmin evə köçən zaman orada heç kim yox idi. Evi tikmək üçün birgə nikah dövründə kredit götürmüşlər. Mübahisəli evdə onun salonu var idi. O, həmin salonu son 3-4 ildir işlədirdi. Kreditlər mübahisəli evin tikilməsi ilə bağlı götürülmüşdür. O, hazırda kirayədə yaşayır, bununla kirayə müqaviləsi yoxdur. Mübahisəli tikili birgə nikah dövründə götürülmüş kredit vəsaitləri əsasında tikilmişdir. Təqdim edilmiş CD diskdəki səs yazısı cavabdehlə onun arasında olan səs yazısıdır. Həmin səs yazısısnda evin tikilməsi və kreditin götürülməsi ilə danışıqlar gedir. Səs yazısı onun tərəfindən gizlin şəkildə aparılmışdır. Evin su sayğacı əvvəl yoldaşının adına idi, telefon isə onun adına idi. İş materiallarına bununla bağl sübutlar əlavə olunmuşdur. Evi tikmək üçün yoldaşı kredit götürmüşdü, o, isə salon işlədirdi. O, mübahisəli evə köçənə qədər həmin evdə heç kim yaşamırdı. Tikintinin başında onlar özləri durur, tikinti materiallarını da əllərinə pul düşdükcə alırdılar. Ev birgə nikah dövründə birgə vəsait hesabına tikilmişdir.

Apellyasiya baxışının hədləri

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnmənin tam ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, qətnamə ilə iddia qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

18.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

19.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

20.11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 21.157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və yamüqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 22.158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 23.180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bunalazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 24.225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 25.31.1-ci və 31.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir 26.32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

27. 32.2-ci madəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

28.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 30.89.1-ci və 89.2-ci maddələrinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 31.95.1-ci maddəsinə əsasən, elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 33.İş materiallarından göründüyü kimi, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.

34. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Belə ki, ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. 35.Bununla yanaşı qeyd olunmalıdır ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. 36.Mülki iş üzrə mübahisələndirilən hal mübahisəli fərdi yaşayış evinin kimin vəsaiti hesabına tikilməsidir. Belə ki, sözügedən fərdi yaşayış evi özbaşına tikili olsa belə, hər bir halda həmin fərdi yaşayış evinə dair “gözlənti” hüququ məhz kimə məxsus olması halı araşdırılmalıdır.

37. İddiaçı, üzərində mübahisəli evin tikildiyi torpaq sahəsinin ərinin bankdan kredit müqaviləsinə əsasən götürdüyü vəsait hesabına əldə edildiyini, hərbçi olaraq mənzil növbəsində olduğu üçün atası X4 adına rəsmiləşdirildiyini, kredit müqaviləsinin bağlandığı tarix ilə alqı-satqı müqaviləsinin bağlandığı tarixin üst-üstə düşməsinin bunu təsdiq etdiyini, üzərində mövcud fərdi yaşayış evinin onlar tərəfindən birgə nikah dövründə tikildiyini, evin tam hazır olduğu tarixdən xx.xx.2023-cü ilə qədər orada yaşadığını, uşaqlarının da o ərazidə yerləşən məktəbdə oxuduqlarını, evlərinin həyətində tikilən salonda saç ustası kimi fəaliyyət göstərdiyini bildirir. O, həmçinin qeyd edir ki, cavabdehin valideynlərinin bu evin əmələ gəlməsində hər-hansı zəhməti olmamış, onlar həmin tikilidə yaşamamış, yaşayış sahəsi kimi heç vaxt istifadə etməmiş, ümumiyyətlə bu evlə davamlı əlaqələri olmamışdır. Bundan başqa iddiaçı cavabdehin qardaşının ailəsinin mübahisəli evdə nə vaxtsa yaşadığını təkzib edir.

38. Hazırkı işin müəyyən olunan halları da ondan ibarətdir ki, ƏMDK yanında DƏDRXnin Abşeron Ərazi İdarəsi ilə cavabdehin atası X11 arasında 31 avqust 2023-cü il tarixdə bağlanmış AN-İ seriyalı torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqısı müqaviləsinə əsasən sonuncu X15 ərazisində yerləşən 0,02 ha ölçüdə olan torpaq sahəsinə icarə hüququnu 3.000 manat müqabilində əldə etmişdir. Müqaviləyə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Abşeron rayonu, X15 ərazisində yerləşən 0,02 ha ölçüdə olan torpaq sahəsi icarə hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

39. Eyni zamanda iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank borc alana həmin tarixdə 24 ay müddətinə illik 24% dərəcəsi ilə 3.000 manat məbləğində kredit vermişdir. Başqa sözlə, Cavabdeh kredit müqaviləsi üzrə pul götürməsinə və X4 X14 ərazisində yerləşən 0,02 ha ölçüdə olan torpaq sahəsinə icarə hüququnu almasına dair əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması, əməliyyatların keçirilməsi üçün istifadə olunan məbləğin eyni olması faktları iddiaçının xeyrinə qiymətləndirilə bilər.

40. Bundan başqa, torpağın icarə hüququ ilə X6 aid olması belə, mübahisəli tikilinin sırf onun vəsaiti hesabına inşa edilməsi qənaətinə gəlməsi üçün kifayətedici sübut kimi nəzərə alına bilməz. Çünki hazırki mübahisə sırf tikiliyə aid hallar əsasında araşdırılmalı, bu hallara, məhz iddiaçının uzun müddət ərzində əmlaka fasiləsiz sahiblik etməsi, cavabdehin anasının və ya qardaşının buna qarşı heç bir tələbinin olmaması, tikilinin tərəflərin birgə nikah dövründə inşa edilməsi və s. kontekstindən qiymətləndirilməlidir. 41.Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər xx.xx.2011-ci il tarixdə ailə qurmuş, Bakı şəhəri, Sabunçu rayonu, X15, 2-ci sahə ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi 2018-ci bitmiş, tərəflər həmin ildə mübahisəli evə köçmüşlər. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan həmin evin yaşayış sahəsi kimi istifadə edildiyi və tərəflərin ailə münasibətlərinin pozulmasına qədər evə dair bəzi kommunal xidmətlərlə əlaqədar müqavilələrin tərəfinin cavabdeh olduğu iş materialları ilə müəyyən edilir. İşin hallarından həmçinin görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixə qədər yaşayış yeri həmin ev olmuş, o, göstərilən tarixdə həmin evi tərk etmişdir. 42.Özbaşına tikilinin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin məhz tərəflərin olmasını həmcinin cavabdeh tərəfindən həqiqiliyi təsdiq edilən CD disk əsasında müəyyən olunur. İddiaçının təqdim etdiyi diskdəki səs yazısı onunla cavabdeh arasında olan danışıqdır. Həmin danışıqda cavabdeh mübahisəli fərdi yaşayış evini iddiaçı ilə birlikdə tikdiyini etiraf edir. Hazırda da bu CD diskin mötəbər sübut qismində qiymətləndirilməsindən imtina üçün hər hansı əsas yoxdur. 43.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında əks olunan hüquqi mövqedən müəyyən edilir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. 44.Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasındakı münasibətlərin pozulmasına səbəb olmuş hallar nəzərə alınsa iddiaçının hazırda öz övladları ilə birlikdə cavabdehlə nikahları dövründə yaşadıqları evdən sonuncunun dediyi kimi məcburi çıxarılmaması qənaətinə gəlinə bilməz və bu hallar həmçinin yaşaması üçün onun və uşaqlarının mübahisəsi gedən evə köçürülmələrinə maneə törədən hal kimi qəbul edilməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh inkar etsə də, işin hallarından tərəflərin 2018-ci ildən sonra münasibətlərinin pozulduğu dövrədək məhz ünvan həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşayıb orada birlikdə təsərrüfat apardıqları məlum olur. Nikahın (münasibətlərinin) pozulmasından sonra cavabdehin davranışları da o qənaətə gəlməyə əsas verir ki, o, mübahisəsi gedən fərdi yaşayış evinə dair iddiaçının tələb irəli sürməsinin qarşısını almağa cəhd etmiş, həmin evin valideynlərinə, qardaşının ailəsinə məxsus olduğu görüntüsünü yaratmağa çalışmışdır. 45.Yuxarıda göstərilənləri ümumiləşdirərək kollegiya qeyd edir ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olduğu prezumpsiyadır və bunun əksini sübutetmə yükü bilavasitə həmin halı irəli sürən tərəfin üzərinə düşməkdədir. Bu kontekstdə nəzərə alınmalıdır ki, mübahisəsi gedən həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, əgər evin tərəflərin nikahları dövründə inşa edildiyi müəyyən olunursa, bu hal evin ümumi əmlak hesabına inşa edildiyi, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakların əvəzli əldə olunduğu, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında ər-arvadın hər ikisinin iştirak etdiyi qənaətinə gəlməyə əsas yaradır. 46.Bu zaman həm də nəzərə alınmalıdır ki, əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini, yəni şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Bu mənada, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qisminə, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qisminə aid olunur. 47.Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. 48.Kollegiya həmçinin tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci ildə X8 və xx.xx.2014-cü ildə X7 münasibətdə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 49.Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 3741/2023 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X10 iddiaçının himayəsinə verilmişdir. Məhkəmənin işin faktiki hallarına əsasən gəldiyi qənaətdən göründüyü kimi İddiaçı mübahisəli mənzilə köçürülməsi barədə iddianın əsaslı olduğu müəyyən edildiyindən, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X10 anasınıniddiaçının himayəsinə verildiyindən, hazırki vəziyyətdə onların mübahisəli evə köçürülməli olmalarına dair qənaətə gəlinməlidir. 50.Kollegiya cavabdehin apelyasiya şikayətində istinad etdiyi digər dəlillərlə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, bu dəllilər əsassızdır və mülahizə xarakter daşıyır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

51. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. 52.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 53.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 54.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5202/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar