Məhkəmə qərarları › İş №2(103)-8034/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8034/2021

21.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8034/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh1, onun vəkili X7 qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(011)-359/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək (sonradan iddia tələbini dəqiqləşdirməklə), Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16, 28 saylı mənzildə qeydiyyatda olan cavabdehlərin sözügedən mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan 28 saylı mənzil 2019-cu ildə xüsusi mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. DİN tərəfindən verilmiş ******* saylı arayışdan görünür ki, cavabdehlər həmin mənzildə qeydiyyatdadırlar. Lakin hazırda orada yaşamadıqlarından mənzildə qeydiyyatda olmaları formal xarakter daşıyır. Bu isə, bir mülkiyyətçi kimi ona hüquqlarını həyata keçirməyə mane olur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(011)-359/2021 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16, 28 saylı mənzildən istifadə hüququnun itirilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. İddiaçı, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(103)-8034/2021 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(011)-359/2021 saylı qətnaməsi Cavabdeh3 aid hissədə ləğv olunmuş, həmin hissədə işin icraatına xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini, cavabdehlərin mülkiyyətində olan mübahisəli mənzildə müvəqqəti yaşamalarına icazə versə də, qeydiyyata düşmələrinə razılıq verməməsinə, eyni zamanda, cavabdehlərin onun ailə üzvləri sayılmamasına baxmayaraq, məhkəmə tərəfindən bu hallar nəzərə alınmadan maddi hüquq normalarının səhv tətbiq olunması ilə əsaslandırmışdır. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili), apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdikləri izahatlara uyğun eyniməzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, 1976-cı ildə qeyd olunan ünvanda həm iddiaçıların, həm də cavabdehlərin atalarının adına 28 və 28a saylı mənzillərə dair orderlər verilmişdir. Lakin 2 order verilməsinə baxmayaraq, sözügedən mənzil faktiki olaraq bir əmlakdır və hər hansı arakəsmə yoxdur. Cavabdehlər də iddiaçı kimi doğulduqları andan həmin mənzildə yaşayıblar, hazırda da yaşamağa davam edirlər. İddiaçı isə ailə qurduqdan sonra başqa ünvana köçmüş və təxminən 20 ildir orada yaşamır. Atası vəfat etdikdən sonra evi Leylaya bağışlamış və onun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Lakin cavabdehlər iddiaçının razılığı olmadan mənzilə qeydiyyata düşməklə mülkiyyətçi kimi onun hüquqlarını pozmuşlar. Odur ki, göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir və suala cavab olaraq bildirir ki, cavabdehlər faktiki olaraq həm 28, həm də 28a saylı mənzillərdən istifadə ediblər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun vəkili, apellyasiya şikyətinə etiraz edərək, həmçinin bildirmişlər ki, iddiaçı və cavabdehlər doğulduqları andan mübahisə predmeti olan mənzildə uzun müddət birlikdə yaşamışlar. 1994-cü ildə atası Cavabdeh3 28 saylı mənzilin əvəzində əmisinə, yəni iddiaçının atasına başqa yaşayış sahəsi almış və o, ailəsi ilə birlikdə oraya köçmüşdür. Cavabdehlər isə 30 ildir ki, həmin mənzildə yaşayır və mənzilin bütün kommunal xərclərini ödəyirlər. Tərəflər arasında bununla bağlı əvvəllər heç bir problem olmamış, hazırda isə müəyyən ailəvi münaqişələr olduğundan iddiaçı belə bir iddia qaldırmışdır. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş edirlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən – Cavabdeh2 münasibətdə təmin olunmuş, həmin cavabdeh qətnaməni mübahisələndirməmiş, digər Cavabdeh3 münasibətdə isə işin icraatına xitam verilmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz iddiaçının apellyasiya şikayəti həddində (Cavabdeh1 aid hissədə) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarına görə, 1976-cı ildə order əsasında Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 16 ünvanında iddiaçının atası X4 28 saylı, Cavabdeh3 isə 28a saylı mənzil verilmişdir. İki nömrə verilməsinə baxmayaraq, faktiki olaraq 28 və 28a saylı mənzillər bir girişi olmaqla vahid daşınmaz əşyadır. Cavabdeh1 mənzilin verildiyi vaxtdan hal-hazıradək orada yaşamaqla hər iki mənzildən istifadə edir. 28 saylı mənzil 28.09.2019cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iddiaçı Cavabdeh1 razılığı olamadan mülkiyyətində olan 28 saylı mənzilə qeydiyyata düşdüyünü, onun ailə üzvü sayılmadığını, sadəcə yaşaması üçün ona müvəqqəti icazə verdiyini bildirərək, istifadə hüququna xitam verilməsini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək, 28a saylı mənzilin order əsasında atasına verdildiyini, 28 saylı mənzili isə əmisindən aldığını və 30 ildən artıq müddətdir ki orada yaşadığını bildirir. Birinci instansiya məhkəməsi, Cavabdeh1 münasibətdə iddianı rədd edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdeh uzun müddət ünvan 1 ünvanda yaşamaqla mənzilə istifadə hüququ mövcud olduğundan onun bu hüququna yalnız mülkiyyətçinin kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. Məhkəmə kollegiyası rayon məhkəməsinin qənaətini əsaslı hesab etməklə, cavabdehin sözügedən mənzildə 2000-ci ildən əvvəl daimi yaşamasını nəzərə almaqla onun mənzilə istifadə hüququnun olub-olmaması hissəsində mübahisənin hüquqi həlli ilə bağlı həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin aşağıdakı maddələrini nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər (maddə 53.). İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər (maddə 54). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır (maddə 60). Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (maddə 87). Baxılan işdən görünür ki, mübahisə predmeti olan mənzil 1976-cı ildə (28 və 28a saylı kimi qeyd olunmuş) cavabdehin atasına və əmisinə order əsasında verilmiş və cavabdeh həmin vaxtdan hal-hazıradək həmin mənzildə yaşayır. Belə olan halda, yuxarıda qeyd olunan normaların tələbləri baxımından cavabdeh həm atasına, həm də əmisinə münasibətdə ailə üzvü sayılmaqla mənzilə istifadə hüququ olan şəxsdir. Bu hüquqa xitam verilməsi isə yalnız aşağıdakı qaydada mümkündür. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud əşya hüququdur (şəxsi servitutdur). Başqa sözlə, yaşayış sahəsindən istifadə hüququ, vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion prinsiplərdən irəli gəldiyi üçün mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasının əsaslarından biri kimi qəbul edilmişdir. Bununla belə, qanunverici, həmin hüquqa xitam verilməsi imkanını nəzərdə tutmaqla, onu müəyyən şərtlərdən aslı etmişdir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Bu qaydanın nəzərdə tutulması tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Göründüyü kimi, qanunverici, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna adi əsasla deyil, məhz müvafiq kompensasiya ödənilməklə xitam verilməsi qaydasını müəyyən etmişdir. hazırda iddiaçı tərəfindən isə hər hansı kompensasiya məbləği təklif olunmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). Qeyd olunanlar isə onu deməyə əsas verir ki, Mülki Məcəllənin mülkiyyətçi olmayan şəxsin əmlak hüquqlarını istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə etməsi (maddə 158.4) nəzərə alınmaqla, cavabdehin mübahisə predmeti olan mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi yolverilməzdir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(011)-359/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(011)- 359/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar