Məhkəmə qərarları › İş №2(103)-8039/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8039/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8039/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilə üzrə və kommunal xidmətlərə görə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilə üzrə və kommunal xidmətlərə görə borcun ödənilməsi” tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, apellyasiya şikayəti MPM-nin normalarının tələblərinə cavab verməməkdədir; MPM-nin 361.1-ci maddəsinə əsasən, şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Digər tərəfdən qeyd olunmalıdır ki, apellyasiya şikayəti qətnamədən verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş məzmuna da uyğun deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1.4-cü-361.1.7-ci maddələrinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktını hansı hissədə mübahisələndirdiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir; iddiaçı isə şikayətində işin faktiki hallarına istinad etməklə maddi və prosessual hüquq normalarının pozulması kimi Mülki, habelə Mülki Prosessual Məcəllənin bir sıra maddələrini göstərmiş, lakin şikayətinin məzmununda həmin maddi və prosessual hüquq normalarının pozuntusunun işdə konkret nədə ifadə olunduğunu, mübahisəyə aidiyyətini izah etməmişdir. Qeyd olunmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Digər tərəfdən apellyator, apellyasiya şikayətində işə baxılmanın predmeti olmayan yeni tələb irəli sürmüş, İddiaçı MTK-nın idarəçilikdən uzaqlaşdırılması, idarəçiliyi, idarəçi təyin olunana qədər mülkiyyətçilərin yeni yaradacağı təftiş komissiyasının nəzarəti ilə yerli bələdiyyəyə təhvil verməsi, bununla əlaqədar prosedur qaydalar müəyyən olunması, ümumi istifadədə olan ofis binasını tərk etməsi, bütün açarları və sənədləri təhvil verməsi” məzmununda qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 372.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-800/2023 saylı iş üzrə 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar