Məhkəmə qərarları › İş №2(103)-8043/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8043/2022

19.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8043/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1556/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “qanunsuz tikilinin sökülməsi və vurulmuş maddi, mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə, Səbail Rayon Məhkəməsinin 2(009)-1556/2018 nömrəli, 18 oktyabr 2018-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək “İddiaçı 600 kv.m torpaq sahəsinin ayrılması barədə Cavabdeh2 Başçısının “Fərdi evlər tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 1042 saylı xx.xx.1995-ci il tarixli Sərəncamı qüvvədən düşmüş hesab edilməsi, İddiaçı tərəfindən Cavabdeh2 Başçısının “Fərdi evlər tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 1042 saylı xx.xx.1995-ci il tarixli Sərəncamına istinad edərək "xxxx"MTK-dan torpağa görə kompensasiya tələb edilməsinin əsassız hesab edilməsi qət edilmişdir.

2. Həmin qətnamədən onun maraqlarına toxunduğunu əsas gətirərək X3 tərəfindən apellyasiya şikayəti verilmişdir.

3. Səbail Rayon Məhkəməsinin 2(009)-1556/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır.

4. Həmin qərardaddan G.Hacıyevanın verdiyi şikayət Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

7. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli, G.Hacıyevanın apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməlidir.

8. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(009)-1556/2018 saylı qətnaməsi X1 hər hansı maraqlarına toxunmur və bu səbəbdən onun həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ yoxdur.

9. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır.

10. Belə ki, Səbail rayon Məhkəməsinin 2(009)-1556/2018 nömrəli, 18 oktyabr 2018cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək “İddiaçı 600 kv.m torpaq sahəsinin ayrılması barədə Cavabdeh2 Başçısının “Fərdi evlər tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 1042 saylı xx.xx.1995-ci il tarixli Sərəncamı qüvvədən düşmüş hesab edilmişdir.

11. G.Hacıyevanın apellyasiya şikayətinə əlavə edilmiş Cavabdeh2 Başçısının 1042 saylı xx.xx.1995-ci il tarixli Sərəncamından görünür ki, həmin sərəncamla X2 Badamdar qəsəbəsində fərdi evlər tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsində birinci instansiya məhkəmələrinin qətnamələrindən şikayət vermək hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir.

13. Məcəllənin 357.1-ci maddəsində birinci instansiya məhkəmələrinin qətnamələrindən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququnun olduğu göstərilmişdir.

14. Bununla yanaşı, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunmuş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunduğu hallarda digər şəxslərin də malik olduğu nəzərdə tutulmuşdur (maddə 357.2).

15. Bu baxımdan birinci instansiya məhkəməsinin aktlarından şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs, mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı, şikayəti qəbul edən məhkəmə isə onun bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

16. Hazırkı halda G.Hacıyeva apellyasiya şikayətinə Cavabdeh2 Başçısının 1042 saylı xx.xx.1995-ci il tarixli Sərəncamı ilə ona Badamdar qəsəbəsində fərdi evlər tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılması barədə sənədin surətini əlavə etmişdir.

17. Bununla məlum olur ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1556/2018 nömrəli, 18 oktyabr 2018-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək “İddiaçı 600 kv.m torpaq sahəsinin ayrılması barədə Cavabdeh2 Başçısının “Fərdi evlər tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 1042 saylı xx.xx.1995-ci il tarixli Sərəncamı qüvvədən düşmüş hesab edildiyindən, həmin qətnamə işdə iştirak etməyə cəlb edilməyən G.Hacıyevanın birbaşa hüquq və vəzifələrinə (maraqlarına) toxunur.

18. Qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və MPM-in 372.2-ci maddəsinin birinci cümləsinə əsasən G.Hacıyeva qəbul olunmuş qətnamə ilə hüquq və vəzifələrinə (maraqlarına) toxunan şəxs kimi tanınmalı və onun rayon məhkəməsinin 18.10 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti mümkün hesab edilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

20. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

21. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1556/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun və qəbul olunmuş qətnamə ilə hüquq və vəzifələrinə (maraqlarına) toxunan şəxs kimi X3 tərəfindən Səbail Rayon Məhkəməsinin 2(009)-1556/2018 nömrəli, 18 oktyabr 2018-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar