Məhkəmə qərarları › İş №2(103)-805/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-805/2020

04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-805/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı X1, Cavabdehlər Cavabdeh1 Mənaf oğlu və Cavabdeh2 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 Mənaf oğluna və Cavabdeh2 qarşı qurğuların, icarəyə verilmiş ərazinin geri qaytarılması, icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 Mənaf oğlu verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 cavabdehlər Cavabdeh1 Mənaf oğluna və Cavabdeh2 qarşı qurğuların, icarəyə verilmiş ərazinin geri qaytarılması, icarə haqqının və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi, habelə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 hektardan ibarət daş karxanasının, istifadəyə verdiyi bütün texnika və avadanlıqların geri qaytarılması, avadanlıqların, qurğuların və texnikanın geri qaytarılması mümkün olmadığı təqdirdə onların dəyəri olan 30380 manat məbləğində zərərin əvəzinin cavabdehlərdən tutulması, su çəninə, fəhlə yatağına və daş karxanasının ortadan bölünməsinə görə dəymiş 1500 manat məbləğində zərərin əvəzinin cavabdehlərdən tutulması, cavabdehlərin daş karxanasından satdıqları mişar daşından əldə etdikləri 48700 manat məbləğində təmiz gəlirin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdehlərin əməllərində cinayət tərkibinin əlamətlərinin olub-olmamasının müəyyənləşdirilməsi üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərlə xx xxxxxx 2015-ci il tarixdə sadə yazılı formada icarə müqaviləsi bağlayaraq ona məxsus olan Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 hektardan ibarət daş karxanasını onlara icarəyə vermişdir. İcarə haqqı kimi isə hər ay 8000 ədəd mişar daşı verməklə və eləcə də “xxxx” MMC-dən aldığı 1 ədəd “Şantu SL50W Frontal” yükləyiciyə (Kon) görə ödəyəcəyi 2000 manat məbləğində kredit borcunun cavabdehlər tərəfindən ödənilməsinə razılaşmışlar. Cavabdehlərə 2 ha sahəni verməklə yanaşı 1 ədəd “Şantu SL50W Frontal” yükləyici (Kon), 1 ədəd şırım açan avadanlıq, 2 ədəd daş kəsən maşın tam işlək vəziyyətdə, 1 ədəd 250 kilovoltluq transformator, 1 ədəd qaynaq aparatı, 2 ədəd laqonda, 1 ədəd itiləyici (Taçila) daşı dəzgahı ilə birlikdə, 10 ədəd bütöv P-38 markalı rels, 13 ədəd bütöv P-43 markalı rels, 1 ədəd bütöv P-50 markalı rels, şırım açan avadanlığın 36 metrlik relsi, 1 ədəd vaqon, 2 tonluq su çənini onların istifadəsinə vermişdir. Cavabdehlər işə başladığı vaxtdan hal-hazıradək ona cəmi 2500 ədəd mişar daşı vermişlər ki, o da həmin mişar daşını sataraq əldə etdiyi 500 manat məbləğində pulu vergi xərclərinə ödəmişdir. Sonradan ona heç bir ödəniş etməmişlər. Daş karxanasına baxış keçirən zaman Frontal yükləyici və ona məxsus 1 ədəd təkər, 1 ədəd qaynaq aparatı, 100 metrlik ölçüdə 35-lik yumşaq kabel, 100 metr ölçüdə üç qanadlı alüminium kabel, 8 ədəd 10 sm qalınlığında maçalkadan hazırlanmış fəhlələr üçün yataq döşəklərinin orada olmadığı aşkar edilmişdir. Su çəni isə dağıdılmış vəziyyətdə olmuşdur. Cavabdehlər daş karxanasını iki hissəyə bölərək şırım açmış, tullantı məhsulları da həmin sahədə qalmışdır. Dəymiş zərərlə bağlı akt tərtib edilmiş, aktın surəti cavabdehlərə də təqdim edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(002)- 2783/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 Mənaf oğlunun onun icarəsinə verilmiş Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 hektardan ibarət daş karxanasından çıxarılması, Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 hektardan ibarət daş karxanasının və həmin daş karxanasında olan 17 adda texnika, qurğu və avadanlıqların iddiaçıya geri qaytarılması, texnika, qurğu və avadanlıqların geri qaytarılması mümkün olmadığı halda onların dəyəri olan 26660 manat məbləğində zərərin əvəzinin Cavabdeh1 Mənaf oğlundan iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh1 Mənaf oğlu qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib tələbin rədd edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonu Dilağarda kəndində qeydiyyatdadır. İş aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Qətnamə əsassız və qanunsuzdur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli 2(103)- 3856/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(102)- 6478/2019 saylı qərarı ilə sonuncu qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə öz qərarını belə əsaslandırmışdır ki, “apelyasiya məhkəməsi xx xxxxxx 2015-ci il tarixli sadə yazılı formada tərtib edilmiş tərəflərin hüquq və vəzifələrinin, eləcə də müqavilə şərtlərinin qeyri-müəyyən olduğu razılaşmanı “icarə müqaviləsi” kimi qiymətləndirməklə və iddiaçının icarəyə götürdüyü torpaq sahəsini üçüncü şəxsə icarəyə verməyə hüququ olmadığına ümumiyyətlə hüquqi qiymət verməməklə, icarə müqaviləsinin forma və məzmununun əsaslarını müəyyən edən qanunvericiliyin tələblərini pozmuş və tərəflər arasında mövcud olan münasibətlərin xarakterini müəyyən etməmiş, mövcudluğu və iddiaçıya məxsusluğu lazımi şəkildə təsdiq edilməyən əmlaklara cavabdehlər tərəfindən zərər vurulduğuna istinad edərək mülkiyyətin və sübutetmənin əsaslarını müəyyən edən qanunvericilik normaları baxımından tələbə düzgün hüquqi qiymət verməmiş, iddiaçının lisenziya tələb edilən fəaliyyət növü ilə məşğul olduğunu göstərdiyi halda və sonuncunun həmin fəaliyyətinin qanuni olması ümumiyyətlə təsdiq edilmədiyi halda, iddianı təmin edərək mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir.” Apelyasiya qaydasında təkrarən işə baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə əlavə təqdim edərək izahatında bildirdi ki, iddiaçı qeydiyyatdan keçmədən sahibkarlıqla məşğul olur, vergidən yayınır. Nə onunla, nə də ki oğlu ilə iddiaçı icarə müqaviləsi bağlamamışdır. Çünki həmin torpaq sahəsi dövlət mülkiyyətindədir, onunla bağlanan icarə müqaviləsində qeyd edilir ki, qeyd olunan sahə üçüncü şəxsə icarəyə verilə bilməz. İddiaçı isə iddia edir ki, torpağı ona icarəyə vermişdir. Avadanlıq və texnikanın hamısını iddiaçıya təhvil vermişdir. O həmin sahədə xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2016-cı ilədək fəaliyyət göstərmiş, sonradan aralarında narazılıq yarandığına görə daş karxanasını tərk etməyə məcbur olmuşdur. Abbas Hünbətov daş karxanasını ondan alıb başqa şəxsə icarəyə vermişdir. Əgər iddiaçının dediyi avadanlıqlar orada olmasaydı, ondan sonra daş karxanasını götürən şəxs oranı işlədə bilməzdi. İşlədiyi qısa müddətdə elektrik enerjisinə, fəhlələrə, torpaq daşınmasına, mühərrikin təmirinə, ehtiyat hissələrinin alınmasına və başqa xırda xərclərə 8000 manata yaxın pul sərf etmiş, Abbas Hünbətova 3338 manat dəyərində mişar daşı vermişdir. Bu barədə o, məhkəməyə qarşılıqlı iddia versə də, iddia ərizəsi geri qaytarılmışdır. İşlədiyi müddətdə çəkdiyi xərclərlə bağlı Abbas Hünbətovla heç bir sənədləşmə aparılmamışdır. xx xxxx 2016-cı il, xx xxxx 2016-cı il və xx xxxxxx 2016-cı il tarixli yoxa çıxan texnika və avadanlıq, habelə vurulmuş ziyan barədə aktların tərtibində onun iştirakı təmin olunmamış, həmin aktlar Abbas Hünbətova yaxın olan 2-3 nəfərin iştirakı ilə tərtib olunmuşdur. Aktlarda qeyd olunanların heç biri həqiqəti əks etdirmir. Qeyd edilənlərə əsasən o, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh2 də apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdehlər ona qısa müddətdə xeyli ziyan vurmuş, bu barədə aktlar tərtib olunmuş, aktın surəti Cavabdeh1 göndərilmişdir. Lakin cavabdehlər bu günə qədər ona vurulmuş ziyanı ödəməkdən boyun qaçırırlar. Hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Buna görə də apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(002)-2783/2016 saylı qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan sənədlərdən görünür ki, xx xxxx 2006-cı il tarixli icarə müqaviləsinə əsasən “xxxx” ASC-nin “Yerli tikinti materialları” filialı tərəfindən X2 Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 ha-dan ibarət torpaq sahəsi 25 il müddətinə icarəyə verilmişdir. xx xxxxxx 2015-ci il tarixdə X3 ilə Cavabdeh1 Mənaf oğlu arasında özünə məxsus daş karxanasında işlərin aparılması üçün sadə yazılı formada əqd, xx xxxx 2016-cı il tarixdə isə iddiaçı və digər 2 şəxsin imzası ilə təsdiq edilmiş “yoxa çıxan texnika və avadanlıq” barədə akt tərtib edilmişdir. İddia tələbinin əsasını icarəyə verilmiş torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən avadanlıqlar və texnikanın və ya onların dəyərinin geri qaytarılması, vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. xx xxxx 2006-cı il tarixli icarə müqaviləsinin 6.2-ci bəndində göstərilmişdir ki, müqavilə üzrə qəbul edilmiş öhdəliklər üçüncü tərəfə tapşırıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 712.1.1-ci maddəsinə görə, icarəyə verənin icazəsi olmadan torpağı üçüncü şəxslərin istifadəsinə verməyə, o cümlədən ikinci əldən icarəyə verməyə icarəçinin hüququ yoxdur. Göründüyü kimi, iddiaçının icarəyə götürdüyü əmlakı üçüncü şəxsə icarəyə vermək hüququ olmadığından həmin əmlak icarəyə verilə bilməz. Bundan başqa, tərəflər arasında əlyazma müqavilə qanunvericiliyin tələblərinə cavab vermədiyindən “icarə müqaviləsi” hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706-cı maddəsində torpaq icarəsi müqaviləsinin məzmunu müəyyən edilmişdir. Həmin maddəyə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində torpaqların icarəyə verilməsinin ümumi qaydaları, həmin Qanunun 12-ci maddəsində isə torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının əsasları müəyyən edilmişdir. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərin dairəsini müəyyən edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, tərəflər arasında sadə yazılı formada bağlanmış razılaşma qanunvericiliyin tələblərinə uyğun olmamış, habelə müqavilə adlandırılan həmin razılaşmada tərəflərin hüquq və vəzifələri, habelə müqavilənin şərtləri qeyri-müəyyən şəkildə qeyd olunmuşdur. Buna görə də həmin əqd tərəflər arasında heç bir hüquq və vəzifənin yaranmasına əsas deyildir. Eyni zamanda iddiaçı torpaq sahəsi ilə bərabər 17 adda avadanlığın da cavabdehlərə istifadəyə verildiyini bildirmişdir. İddiaçının qeyd edilən tələbi ilə bağlı yeganə sübutu özü tərəfindən tərtib olunmuş və “yoxa çıxan texnika və vadanlıq” adlanan xx xxxx 2016-cı il tarixli aktdır. İddiaçının məhkəməyə təqdim etdiyi xx xxxx 2016-cı il, xx xxxx 2016-cı il və xx xxxxxx 2016-cı il tarixli yoxa çıxan texnika və avadanlıq, habelə vurulmuş ziyan barədə aktların məzmunundan görünür ki, aktların heç birinin tərtibində cavabdehlərin iştirakı təmin olunmamışdır. İddia ərizəsində xx xxxx 2016-cı il tarixli aktın Cavabdeh1 Mənaf oğlu tərəfindən şəxsən imzalanması qeyd olunsa da, həmin aktda Cavabdeh1 imzasına rast gəlinməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarında qeyd olunmuş yazılı göstərişlərə uyğun olaraq, apelyasiya icraatı qaydasında təkrarən işə baxılarkən X4a iddia ərizəsində qeyd olunan avadanlıqların mövcudluğu, qiyməti və iddiaçıya məxsusluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuş, lakin bu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Halbuki, qeyd olunan avadanlıqlar mürəkkəb konstruksiyalı qurğular olmaqla, onların mövcudluğu, iddiaçıya məxsusluğu, sonuncu tərəfindən cavabdehlərə verilməsi və cavabdehlərin həmin avadanlıqlara ziyan vurması yalnız iddiaçının izahatı və təqdim etdiyi aktla təsdiqlənə bilməz. Digər tərəfdən, iddia ərizəsinin, eyni zamanda xx xxxxxx 2015-ci il tarixli yazılı razılaşmanın məzmunundan göründüyü kimi, iddiaçı özünün mişar daşının emalı ilə bağlı fəaliyyət növü ilə məşğul olduğunu, həmçinin cavabdehlərin də həmin fəaliyyət növü ilə məşğul olmaq məqsədilə ona məxsus “daş karxanası”nı icarəyə götürdüklərini göstərmişdir. Halbuki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci bəndində və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində həmin fəaliyyət növü xüsusi icazə əsasında həyata keçirilməli olan fəaliyyət növü kimi təsbit edilmişdir. İş materiallarından iddiaçının mişar daşı emal etməklə bağlı fəaliyyətini həyata keçirmək üçün qanunla müəyyən edilmiş qaydada lisenziya alması müəyyən edilmir. Mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Göründüyü kimi, mülki prosessual qanunvericilik iddiaçının qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verir, eyni zamanda iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx xxxx 2006-cı il tarixli icarə müqaviləsinə əsasən icarəçi kimi həmin əmlakın ona geri qaytarılmasını tələb etmək hüququ olduğundan birinci instansiya məhkəməsi Cavabdeh1 Mənaf oğlunun daş karxanasından çıxarılıb karxananın iddiaçı X2 qaytarılması hissəsində düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə göstərilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, qanunda zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin real olması və bununla əlaqədar əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbinin maddi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən texnika, qurğu və avadanlıqların mövcudluğu, qiyməti, iddiaçıya məxsusluğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyinə görə birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməkdə haqlı olmamışdır. Apelyator şikayətində qeyd edir ki, o, Füzuli rayonunda qeydiyyatda olduğundan, işə baxılarkən ərazi aidiyyəti pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddiaya düzgün olaraq qanunvericiliyin tələblərinə əsasən müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmış, başqa sözlə iddia tələbinin icraata qəbul edilməsində pozuntu müəyyən edilməmişdir. Bundan başqa apelyator şikayətində iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Hazırkı iddia tələbi üzrə ərizənin baxılmamış saxlanılmasına heç bir əsas yoxdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbləri ilə bağlı təqdim etdiyi sübutlar iddia tələbinin qismən təmin olunması üçün yetərlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 Mənaf oğlunun apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(002)- 2783/2016 saylı qətnaməsi qismən, Bakı şəhəri Qaradağ rayonu Səngəçal Şimal ərazisində yerləşən 2 hektardan ibarət daş karxanasında olan 17 adda texnika, qurğu və avadanlıqların iddiaçıya geri qaytarılması, həmin texnika, qurğu və avadanlıqların geri qaytarılması mümkün olmadığı halda onların dəyəri olan 26660 manat məbləğində zərərin əvəzinin Cavabdeh1 Mənaf oğlundan iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar