Məhkəmə qərarları › İş №2(103)-805/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-805/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-805/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1, (qarşılıqlı iddiaçı) Cavabdeh2 və Cavabdeh3 qarşı qarşı iş üzrə (Açar sözlər: öhdəliyin icrası qaydasında pul; pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh X4, Cavabdeh2 və onun nümayəndəsi-vəkili, eyni zamanda digər Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı “öhdəliyin icrası qaydasında pul tələbinə dair” ilkin, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 290/2023 nömrəli 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 xx.xx.2019-cu il tarixli İddiaçı ünvanladığı ərizədə göstərilmişdir ki, o, Abşeron rayonu, X6 ərazisində 3 sot torpaq sahəsində ümumi sahəsində 66 kv.m sahəsi olan layihəyə uyğun fərdi yaşayış evinin tikilməsinə köməklik edilməsini xahiş etmiş, ödənişi ödəniş cədvəlinə əsasən ödəməyə razıdır.

2. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış podrat müqaviləsinə görə Əliyeva X5 rayonu, X6 ərazisində 0,03 ha torpaq sahəsində ümumi sahəsi 66 kv.m müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin tam təmirli tikintisini İddiaçı sifariş etmişdir.

3. 16.10.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən “Podratçı” İddiaçı ilə “Sifarişçi” Cavabdeh2 arasında bağlanan müqavilə ilə əlaqədar Cavabdeh2 öz zamini kimi Cavabdeh3 təqdim etmişdir, “Zamin” “Podratçı” və “Sifarişçi”nin arasında müəyyən edilmiş tarixdə tikiliyə dair bağladığı müqavilənin öhdəliklərni yerinə yetirmədikdə, “Podratçı”ya dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün “Sifarişçi” ilə eyni həcmdə məsuliyyət daşıyır.

4. 16.11.2019-cu il tarixli qəbzə görə Cavabdeh2 xx.xx.2019-cu ildə bağladığı müqaviləyə əsasən xx.xx.2019-cu il tarixində 3000 AZN verməli idi, üzürlü səbəblərə görə 2000 AZN, 500 AZN də aylıq ödədi. xx.xx.2019-cu il tarixdə qalan məbləği ödəyəcək.

5. 16.11.2019-cu il tarixli bildirişə görə Cavabdeh2 xx.xx.2019-cu ildə ödəyəcəyi 3000 AZN tam ödənilməmişdir.

6. 16.06.2020-ci il tarixli qəbzə görə Cavabdeh2 podrat müqaviləsində göstərilən ödəniş cədvəlində 40 ay müddətində ödəyəcəyi məbləği 2 ay müddətinə ayda 1000 AZNdən az olmayaraq ödəyəcəyini öhdəsinə götürür.

7. xx.xx.2021-ci il tarixli podrat müqaviləsində görülən işlərə əlavəyə əsasən Cavabdeh2 və İddiaçı arasında xx.xx.2019-cu il tarixində bağlanan Podrat müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində görülən işlərə əlavə olunan işlər aşağıdakılardır: Dam örtüyünün sökülməsi və ikinci mərtəbənin hörgüsü. Ümumi dəyəri 6920 (altı min doqquz yüz iyirmi) azn təşkil edir. xx.xx.2021-ci il tarixində ümumi məbləğdən 1200 (min iki yüz) azn ödədi. Yerdə qalan 5.720 (beş min yeddi yüz iyirmi) azn məbləği xx.xx.2021-ci il tarixinə qədər tam ödəyəcəyini öz öhdəsinə götürür.

8. xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə görə «Podratçı» İddiaçı ilə “Sifarişçi” Cavabdeh2 arasında 3 sot 66 kv.m. təmir tikinti üçün müqavilə bağlanmış, bağlanan müqavilə ilə əlaqədar Cavabdeh2 öz zamini kimi Cavabdeh1 təqdim etmişdir, “Zamin” “Podratçı” və “Sifarişçi”nin arasında müəyyən edilmiş tarixdə tikiliyə dair bağladığı müqavilənin öhdəliklərni yerinə yetirmədikdə, “Podratçı”ya dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün “Sifarişçi” ilə eyni həcmdə məsuliyyət daşıyır.

9. xx.xx.2021-ci il tarixli qəbzə görə Cavabdeh2 İddiaçı tərəfindən göndərilən bildirişdə 3-cü bəndi seçir. Fevral ayına qədər 13.000 AZN ödəyib 1 mərtəbə evi tam təmir edəcək. İİ mərtəbədə hörgü və kəmər. Qalan məbləğdə bölünəcək fevraldan sonra.

10. “Sifarişçi” Cavabdeh2 və "Podratçı" İddiaçı arasında xx.xx.2021-ci ildə bağlanmış "Podrat müqaviləsi"nə görə həmin müqaviləyə əsasən görülən işlər sıyahısından müəyyən olunur ki, müqavilə üzrə aşağıdakı işlər görülməlidir: Damın sökülməsi, birinci və ikinci mərtəbə arası beton kəmər (yalnız çöl divar), ikinci mərtəbənin inşası kənar divarlar çöldən üç metr.

11. Suraxanı rayon Pİ-nin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X2 xx.xx.2021-ci li tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarına əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh2 30-cu PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 16:00-da Hövsan qəsəbəsində yerləşən Firutan adlı şəxsə məxsus “Günəşli İnşaat" ofisində ev məsələsi ilə bağlı Firutan adlı şəxslə aralarında mübahisə baş vermiş və bu mübahisə zamanı Firutan onun qolundan tutaraq küçəyə çıxartmış və qoluna xəsarət yetirmişdir. Həmin qərarla, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 oktyabr 2019-cu il tarixli Podrat Müqaviləsi üzrə ödənilməyən 27020 manat və dövlət rüsumu qismində ödənilmiş 171 manat, ümumilikdə isə 27191 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Eyni zamanda Cavabdeh2 qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Əsgər oğlu ilə aralarında Abşeron rayonu, X6 ərazisində 0,03 ha torpaq sahəsində Cavabdeh2 üçün 66 kv.m fərdi yaşayış evi inşa edilməsi ilə əlaqədar bağlanmış xx.xx.2019-cu il tarixli Podrat müqaviləsinin ləğv edilməsi (müqaviləyə xitam verilməsi) və həmin müqavilə üzrə tərəfindən ödənilmiş 22.400 manat pul vəsaitinin (muzdun) İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi belə əsaslandırılmışdır ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, X6 ərazisində Cavabdeh2 məxsus 0,03 ha torpaq sahəsi üzərində 66 kv.m sahəsi olan 1 mərtəbəli fərdi yaşayış evinin tam tikintisi ilə əlaqədar onunla Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli Podrat Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən cavadeh Cavabdeh2 40 ay müddətinə 42500 manat məbləğində pul vəsaitini ona ödəməli, həmin ödənişin 50-70% ödənildikdə o tikilini başa çatdırıb cavabdehə təhvil verməli idi. O həmin yaşayış evinin tikintisini başa çatdırıb qurtardığı ərəfədə Cavabdeh2 podrat müqaviləsi üzrə əlavə işlərin görülməsini, o cümlədən ikinci mərtəbənin yan divarlarının inşa edilməsini və dəmir-beton kəmər atılmasını sifariş etmiş, bununla əlaqədar aralarında tərtib edilmiş ödəniş cədvəlinə dəyişiklik edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə edilən dəyişikliklərə görə aralarında yeni Ödəniş cədvəli tərtib edilmiş, həmin cədvələ əsasən tikinti işlərinin dəyəri 49420 manat, həmin tarixdən isə kreditin müddəti 21 ay müəyyən edilmişdir. Həmin tarixədək Cavabdeh2 tərəfindən ödənilən 22400 manat məlbəğində pul vəsaiti ödəniş cədvəlində ilkin ödəniş kimi göstərilmiş, cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 1000 manatdan aşağı olmamaq şərti ilə 21 ay müddətinə qalan 27.020 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Onunla Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli Podrat Müqaviləsi bağlanan zaman Cavabdeh3, Cavabdeh2 onun qarşısında götürdüyü öhdəliklərə görə zamin durmuş, bununla əlaqədar onunla Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 Podrat müqaviləsi üzrə əlavə sifarişlər verdiyi zaman isə öz öhdəliyinin təminatı kimi əlavə olaraq Cavabdeh1 zamin kimi təqdim etmiş, bununla əlaqədar onunla Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 ilə arasında xx.xx.2019-cu il tarixli Podrat Müqaviləsinə xx.xx.2021-ci il tarixdə dəyişilik ediləndən sonra o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək, həmin müqavilə üzrə ödəməli olduğu pul vəsaitlərini ödəməmişdir. Bundan sonra isə Cavabdeh2 müqavilə öhdəliklərini yerinə yetirmədiyini görüb tikintini dayandırmış, pulun ödənilməsi ilə əlaqədar onunla danışıqlar aparmağa çalışmışdır. Lakin cavabdeh hər dəfə müxtəlif vədlər vermiş, sonradan isə ofisə gələrək onu təhdid etməyə başlamış, pulu ödəyə bilmədiyini görüdükdə isə ona verdiyi ödənişi geri tələb etmişdir. Cavabdeh3 və Cavabdeh1 sifarişçi Ş,Əliyevanın evin tikintisi üçün ödəməli olduğu məbləği ona ödənilməsinə zaminliyi öz öhdəsinə götürdüyündən Cavabdeh2 isə öz öhdəliyini yerinə yetirmədiyindən bu barədə cavabdehlərə bildiriş göndərib, onlara qarşı məhkəmədə iddia qaldıracağını bildirmişdir. Buna baxmayaraq cavabdehlər müqavilə üzrə heç bir məbləğdə pul ödəməmişlər, yəni tərəfindən həmin müqavilənin şərtləri tam yerinə yetirilərək, evin tikintisi müqavilənin şərtlərinə uyğun aparılmış, buna baxmayaraq xx.xx.2021-ci ildən cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, cavabdehin ona 27020 manat məbləğində borcu qalmışdır.

15. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ilə arasında Abşeron rayonu, X6 ərazisində 0,03 ha torpaq sahəsində 66 kv.m ərazisində fərdi yaşayış evi tikmək üçün xx.xx.2019-ci il tarixdə “Podrat müqaviləsi” bağlanmışdır. Müqavilə əsasında həmin evin tikintisi və torpaq sahəsi ücün 42500 (qırx iki min beş yüz) manat məbləğində pulun ödənilməsi barədə razılığa gəlinmişdir. Bağlanan müqaviləyə əsasən İddiaçı torpağın onun adına sənədləşdirilməsi ücün 6.000 (altı min) manat pul ödənildikdən sonra həll edəcəyini vəd vermişdir. Müqavilənin şərtlərinə görə o ilkin ödəniş kimi xx.xx.2019-ci il tarixdə İddiaçı 3000 (üc min) manat, xx.xx.2019-cu il tarixdə yenidən 3000 (üc min) manat olmaqla, cəmi 6000 (altı min) manat məbləğində pul ödəmişdir. Qalan 39500 (otuz doqquz min beş yüz) manat pulu isə ödəniş cədvəlində qeyd olunan ödənişlərlə 40 ay müddətinə qrafiklə ödənilməsi barədə razılaşma əldə etmiş, tikintinin başlanmasına razılaşmışlar. Beləliklə, razılşamaya uyğun olaraq İddiaçı 22400 manat məbləğində pul ödənilmişdir. Lakin, İddiaçı onu aldadaraq torpaq sahəsini Cavabdeh2 adına keçirməmişdir. Bundan başqa, İddiaçı evin başlanmış tikintisini də yubatmağa başlamış, həmçinin, müəyyən olunmuşdur ki, tikinti keyfiyyətsiz aparılır. Ona görə də İddiaçı ilə cavabdehlər onun ofisində görüşmüşlər. Torpağın sənədlərinin və evin tikintisinin nə üçün yubanması ilə maraqlanmış, lakin, əvəzində İddiaçı Cavabdeh2 nalayiq sözlərlə təhqir etməyə və döyməyə başlamışdır. İddiaçı ona fiziki təzyiq, zorakılıq tətbiq edərək xəsarət yeririb ərazidən çıxartmış, əraziyə buraxmamışdır. Fiziki zorakılıqla bağlı Suraxanı RPİ-nin 30-cu PB-də araşdırma aparılmışdır. Həmin gündən sonra tərəflərin münasibəti pozulmuş, İddiaçı tikintini saxlamış, nə öhdəliyini yerinə yetirməmiş, nə də ödədiyi 22400 manat pulu qaytarmamışdır. Sonradan məlum olmuşdur ki, "xxxx" MMC-nin direktoru İddiaçı ona guya 0,03 ha torpaq sahəsi ayrılması, həmin sahənin ona satılması barədə yalan vəd vermiş, orada guya onun üçün ev inşa edəcəyi barədə müqavilələrə imza etdirib 22.400 manat pulunu hissə-hissə alıb, keyfiyyətsiz tikili inşa edib, nəticədə onu həmin evdən və torpaq sahəsindən məhrum edərək pul vəsaitini ələ keçirmişdir.

16. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/1576 saylı rəyindən görünür ki, mülki iş materiallarında olan müqavilədə görüləcək işlərlə bağlı hər hansı məlumat olmadığından görülən işlərin müqavilə ilə müəyyən olunmuş siyahıda göstərilən işlərə uyğun olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsində inşası yarımçıq saxlanılmış yarımtikili üzrə yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyəri təqribən 10935,0 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X6 ərazisində yerləşən 0,03 ha torpaq sahəsində inşası yarımçıq saxlanılmış yarımtikilidə yerinə yetirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, tikili üzrə aparılmış təmir-tikinti işlərinin tikinti-texniki baxımdan tikinti-texnologiyalarına uyğun yerinə yetirilmədiyi müəyyən olunmuşdur.

17. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 sentyabr 2023-cü il tarixli 2(010)-290/2023 nömrəli qətnaməsi ilə (hakim Rübabə Qafarova) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı Əsgər oğlu ilə Cavabdeh2 arasında Abşeron rayonu, X6 ərazisində 0,03 ha torpaq sahəsində Cavabdeh2 üçün 66 kv.m fərdi yaşayış evi inşa edilməsi ilə əlaqədar bağlanmış xx.xx.2019-cu il tarixli Podrat müqaviləsinin ləğv edilməsi, İddiaçı Əsgər oğlu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh2 tərəfindən ödənilmiş 22400 (iyirmi iki min dörd yüz) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 166 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.

18. Məhkəmə göstərmişdir ki, tərəflər arasında tikinti işlərinin aparılması ilə bağlı podrat müqaviləsinin bağlanması və cavabdeh tərəfindən 22400 manat məbləğində ödəniş edilməsi işin mübahisəsiz halıdır. İddiaçı podrat müqaviləsi üzrə 27020 manat məbləğində tikinti işləri apardığını iddia edir, lakin məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində aparılan tikinti işlərinin dəyərinin 10935.0 manat olduğu müəyyən edilmiş, eyni zamanda həmin torpaq sahəsində inşası yarımçıq saxlanılmış yarımtikilidə yerinə yetirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, tikili üzrə aparılmış təmir-tikinti işlərinin tikintitexniki baxımdan tikinti-texnologiyalarına uyğun yerinə yetirilmədiyi müəyyən olunmuşdur.

19. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı podrat müqaviləsi əsasında üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, 22400 manat məbləğində ödəniş edildiyi halda 10935 manat dəyərində tikinti işləri aparmışdır. Eyi zamanda apardığı tikinti işləri texniki norma və göstəricilərə uyğun aparılmadığından müqavilə üzrə qalıq borcun tutulması tələbinə dair ilkin iddia ərizəsi təmin edilə bilməz.

20. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, hazırda isə sifarişçi məmulatın lazımi keyfiyyətdə və qaydada hazırlanmaması, podratçının ona olan münasibəti nəticəsində podrata olan marağını itirmişdir və bu səbəbdən tərəflər arasında yaranmış podrat münasibətlərinə xitam verilməlidir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh Firutan Məmməmdov tərəfindən tikinti işlərinin tam və texniki normalara uyğun aparılması razılaşdırılmışdır. Lakin ekspert rəyi ilə müəyyən edilmişdir ki, aparılmış tikinti işləri texniki normalara uyğun aparılmamışdırş

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 389.1, 442, 443.1, 472.1, 472.2, 752.1, 759.1, 762.1, 762.2, 763.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.3 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında yaranmış podrat münasibətlərinə düzgün qiymət verilməmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

31. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

32. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

33. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

34. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

35. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

44. Göründüyü kimi tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

45. Cavabdeh tərəfindən podratçıya 22400 manat məbləğində ödəniş edilmişdir.

46. Podratçı 27020 manat məbləğində tikinti işləri apardığını iddia etsə də, keçirilmiş ekspertiza nəticəsində aparılan tikinti işlərinin dəyərinin 10935.0 manat olduğu müəyyən edilmişdir. Həmçinin həmin torpaq sahəsində inşası yarımçıq saxlanılmış yarımtikilidə yerinə yetirilmiş işlərdə qüsurlar olduğunu nəzərə alaraq, tikili üzrə aparılmış təmir-tikinti işlərinin tikintitexniki baxımdan tikinti-texnologiyalarına uyğun yerinə yetirilmədiyi müəyyən olunmuşdur. Tikilidə beton kəmərdən istifadə edilməmiş, aparılmış hörgü işlərində əyriliklər var, ovulan mişar daşlarından istifadə olunmuşdur.

47. Qanunvericiliyin tələbinə əsasən podratçı podratı qüsurlardan azad şəkildə icra etməli və sifarişçiyə təhvil verməlidir.

48. Göründüyü kimi podratçı podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazimınca yerinə yetirməmiş, müqavilə üzrə podratın nəticəsi şərtləşdirilmiş qaydalara uyğun olmamışdır.

49. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

50. Görülən işlər qüsurlu olduğundan, aparılmış təmir-tikinti işləri texniki norma və göstəricilərə uyğun olmadığından, podratçının hərəkətləri nəticəsində və sifarçinin podrata olan marağını itirməsindən tərəflər arasında yaranmış podrat münasibətlərinə xitam verilmişdir.

51. Belə olan halda sifarişçinin podrat müqaviləsi üzrə ödənilməyən məbləği tələb etməsi əsassızdır.

52. Qeyd olunanlara əsasən eyni zamanda qarşılıqlı iddia tələbi əsaslı olduğundan məhkəmə iddianı təmin etməkdə qanuni və əsaslı nəticəyə gəlmişdir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-290/2023 nömrəli iş üzrə 14 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar