Məhkəmə qərarları › İş №2(103)-8050/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8050/2020

11.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8050/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Ərizəçi və apelyatorun nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Maraqlı şəxs2 publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Maraqlı şəxs2 Suraxanı rayon Şöbəsinə qarşı “əmək stajının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər Ermənistan Respublikası Ararat rayonu Şidli kəndində N.Nərimanov adına kolxozun fermasında hesabdar işləməsi barədə iş stajının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş №2(010)-930/20) ərizə qismən təmin edilərək, Ərizəçi xx.xx.1984-cü ildən 1988-ci ilə qədər Ararat rayonu Şidli kəndi N.Nərimanov adına kolxozda hesabdar işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmiş, ərizə qalan hissədə təmin olunmamışdır. Maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Maraqlı şəxs2 publik hüquqi şəxs apellyasiya şikayəti verərək Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər Ermənistan Respublikası Ararat rayonu Şidli kəndi N.Nərimanov adına kolxozun fermasında hesabdar işləyib və bu barədə əmək kitabçasında işə qəbul olunduğu tarix qeyd edilsə də, lakin işdən çıxmağı barədə heç bir qeyd olunmayıb. O, azərbaycanlıların deportasiyası ilə əlaqədar olaraq xx xxxxxx 1988-ci ildə yaşadığı Ermənistan Respublikası Ararat rayonu Şidli kəndini məcburi surətdə tərk etmişdir. xx.xx.1984-cü ildən xx.xx.1988ci ilədək iş stajının məhkəmə qaydasında müəyyən edilməsi ona pensiyaya çıxmaq üçün lazımdır. O, bu barədə Azərbaycan Respublikası Maraqlı şəxs2 Suraxanı rayon Şöbəsinə müraciət etmişdir. Suraxanı rayon Şöbəsinin onun müraciətinə verdiyi xx.xx.2019-cu il tarixli cavabında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə uyğun olaraq 64 yaş 6 aya çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin cavabda bildirilmişdir ki, sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Ərizə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iş materiallarında olan əmək kitabçasına əsasən Ərizəçi xx xxxxxxxx 1984-cü ildə Ermənistan Respublikası Ararat rayonu, Şidli kəndi, N.Nərimanov adına kolxozda hesabdar vəzifəsində işə qəbul olunmuş, lakin, onun işdən azad edilməsi barədə əmək kitabçasında heç bir qeyd aparılmamışdır. Şahidlər ərizəçini birgə işdən tanımalı və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin işləməri barədə sənədləri olmalıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud, itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin işləməsini təsdiq edən əmək kitabçası mövcud olduğundan işə məhkəmə qaydasında baxılmamalıdır. Bu hal işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Apelyatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Ərizəçi isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Ərizəçi xx.xx.1955-ci ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, 1988-ci ildə məlum hadisələrlə əlaqədar yaşadığı doğma torpaqları məcburi surətdə tərk etmiş, qaçqın düşmüşdür. Əmək itabçasında olan qeydlərə əsasən o, xx.xx.1984-cü ildə Ararat rayonu, Şidli kəndində, N.Nərimanov adına kolxozda fermaya hesabdar təyin olunmuşdur. Əmək kitabçasında onun işdən azad olunmasına dair qeydiyyat aparılmamışdır. Ərizəçi 2019-cu ildə yaşa görə pensiya təyin olunması barədə ərizə ilə Maraqlı şəxs2 Suraxanı Rayon Şöbəsinə müraciət etmiş, lakin həmin orqan pensiya təyin olunmasından imtina etmiş və öz imtinasını ərizəçinin sosial sığorta stajında və fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalının olmaması ilə əsaslandırmışdır. Ərizəçi bundan sonra xx.xx.2020-ci il tarixdə hazırkı iş üzrə tələblə məhkəməyə müraciət etmişdir. Onun tələbi xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər Ermənistan Respublikası Ararat rayonu Şidli kəndində N.Nərimanov adına kolxozda hesabdar işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədədir. Birinci instansiya məhkəməsi ərizəni qismən - xx.xx.1984-cü ildən 1988-ci ilə qədər Ermənistan Respublikası Ararat rayonu Şidli kəndində N.Nərimanov adına kolxozda hesabdar işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi hissəsində əsaslı saymış və təmin etmişdir. Məhkəmə bu qənaətə gələrkən ərizənin izahatı ilə yanaşı, şahid ifadələrini və xx.xx.2020-ci il tarixli ekspert rəyini nəzərə almışdır. 1966-cı ildən 1978-ci ilədək Ararat rayonu, Şidli kəndi, N.Nərimanov adına kolxozda əvvəlcə kolxozçu, 1979-cu ildən isə iqtisadçı vəzifəsində çalışmış X8, 1968-ci ildən 1988ci ilədək həmin kolxozda mexanizator işləmiş X4 və 1968-ci ildən 1988-ci ilədək həmin kolxozda kolxozçu işləmiş X2 birinci instansiya məhkəməsində işə baxılarkən şahid kimi dindirilmiş və öz ifadələrində Ərizəçi xx.xx.1984-cü ildən 1988-ci ilə qədər Ermənistan Respublikası Ararat rayonu Şidli kəndində N.Nərimanov adına kolxozda hesabdar işləməsini təsdiq etmişlər. Şahidlərin özlərinin qeyd olunan vəzifələrdə işləmələri onların əmək kitabçalarında olan qeydlərlə təsdiq olunur. Birinci instansiya məhkəməsi həmin əmək kitabçalarının surətlərini iş materiallarına əlavə etmişdir. Birinci instansiya məhkəməsi ərizəçinin əmək kitabçasında müvafiq dövrlə bağlı qeydin üzərinə vurulmuş möhür əksindəki yazıların yaxşı oxunmadığını nəzərə alaraq onun həqiqiliyinin müəyyən olunması üçün iş üzrə məhkəmə texniki ekspertizası təyin etmiş və xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə Ərizəçi adına olan əmək kitabçasındakı xx.xx.1984-cü il tarixli möhür əksinin sənəd üzərinə birbaşa vurulduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi işin araşdırılan və müəyyən edilən hallarına əsaslanaraq bu qənaətə gəlmişdir ki, ərizəçinin xx.xx.1984-cü ildən 1988-ci ilə qədər Ararat rayonu Şidli kəndi N.Nərimanov adına kolxozda işləməsi faktının müəyyən edilməsi məhkəmədə müəyyən edilməli olan faktdır və bununla bağlı sübutlar mövcud olduğundan ərizə qismən təmin edilməlidir. Məhkəmə maraqlı şəxsin iş üzrə icraata xitam verilməsinə dair mövqeyi ilə bağlı qeyd etmişdir ki, ərizəçinin əmək kitabçası mövcud olsa belə, onun işdən çıxması ilə bağlı əmək kitabçasında qeyd olmadığından ərizəçinin həmin faktı başqa qaydada əldə edə bilməsi məlum səbəblərdən qeyri-mümkündür. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası MPM-nin 307.1, 307.2.11, 308-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Apellyasiya şikayətinin dəlillərinə görə: - şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləməri barədə sənədləri olmalıdır; - ərizəçinin əmək kitabçası mövcud olduğundan işə xüsusi icraat qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası birinci dəlili əsassız sayır və qeyd edir ki, iş materiallarına dindirilmiş şahidlərin əmək kitabçalarının təsdiq edilmiş surətləri əlavə olunmuşdur və həmin əmək kitabçalarında olan qeydlərlə dindirilən şahidlərin hüquqi əhəmiyyətli faktın müəyyən edildiyi 1984-1988-ci illərdə ərizəçi ilə eyni kənddə, eyni kolxozda işləmələri təsdiq olunur. Apellyasiya şikayətinin digər dəlilinə gəldikdə isə, birinci instansiya məhkəməsinin göstərdiyi kimi ərizəçinin əmək kitabçası mövcud olsa belə, onun işdən çıxması ilə bağlı əmək kitabçasında qeyd olmadığından və ərizəçinin həmin faktı başqa qaydada əldə edə bilməsi qeyri-mümkün olduğundan ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etməkdə və birinci instansiya məhkəməsi həmin ərizəni icraata qəbul edib baxmaqda və yekun qərar qəbul etməkdə haqlı olmuşdur. Göründüyü kimi, apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar