Məhkəmə qərarları › İş №2(103)-8052/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8052/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8052/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı Cavabdeh İB-nə qarşı qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1636/2021 saylı 26.04.2021-ci il tarixli qətnaməsi iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə İddiaçı adına (abonent kodu: **********00000) əsassız hesablanmış 756 manat məbləğində borcun silinməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış cərimənin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azəriqaz» İstehsalat Birliyi tərəfindən ******* saylı, 28.02.2020-ci il tarixli akta əsasən qanunsuz hesablanmış 756 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının yaşadığı ünvan 1-da fevral ayının sonu mart ayının əvvəli gündüz saatlarında təbii qazın verilməsi dayandırılmışdır. İddiaçı qaz sayğacına yaxınlaşdıqda vintelin bağlı olduğunu və qaz sayğacının üzərində plombun olmadığını görmüşdür. Həmin vaxt iddiaçı ”185”ə zəng edərək plombun qırıldığını və bundan xəbərinin olmadığını bildirmişdir. Onlar iddiaçının zəngini qeydə almışlar. Bundan sonra X1 əməkdaşları ünvana gəlmiş və yeni plomb vurulmuşdur. Həmin vaxt 21.04.2020ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Daha sonra 29 oktyabrda karta pul yükləndikdən sonra İddiaçı borc pul çıxılmışdır. İddiaçı ”185”ə zəng etdikdə qeyri-qanuni qaz xətti aşkar olunduğu və 756 manat cərimə hesablandığı bildirilmişdir. İddiaçının bu hadisədən heç bir məlumatı yoxdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları ona xəbər etmədən sayğaca baxış keçirmiş və iddiaçının iştirakı olmadan plombu qırıb ******* saylı, 28.02.2020-ci il tarixli akt tərtib etmişlər. İddiaçının bu aktdan heç bir xəbəri olmamışdır. İddiaçıya bu barədə heç bir məlumat verilməmişdir. Hesab edir ki, iddiaçının yaşadığı ünvana təbii qazın verilməsinin dayandırılması iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Təbii qazdan böyük həcmdə istifadə edilmir. Bunu işə əlavə edilmiş saldodan da görmək olar. Sayğacın zədələnməsində iddiaçının heç bir təqsiri olmamışdır. Buna görə hesab edir ki, həmin borc əsassızdır. Qeyd olunanları nəzərə alıb, iddia tələblərinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1636/2021 saylı 26.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC-nin səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək qətnaməni ləğv edib, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı və Cavabdeh ASC-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrltk edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Sabunçu rayon Məhkəməsinin 2(008)-1636/2021 saylı 26.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İş materiallarına əlavə edilmiş ******* saylı, 28.02.2020-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş, təbii qazdan kənar xətt vasitəsi ilə istifadə edildiyi aşkar edilmişdir. İddiaçı akt tərtib edilən zaman həmin prosesdə iştirak etməmiş və aktı imzalamamışdır. İşdə olan 21.04.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, X1 əməkdaşları tərəfindən ünvan 1 ünvandakı sayğaca baxış keçirilmiş və abonentin müraciəti əsasında yeni plomb vurulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının cavabdeh tərəfindən hesablanmış borcun silinməsini tələb etməsinə baxmayaraq, borcun qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla yaranmasını sübut etmə vəzifəsi iddiaçının deyil, Cavabdeh üzərinə düşür, cavabdeh isə qeyd olunan vəzifəni icra edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən kollegiya Binəqədi rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar