Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8057/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «X6 Azərbaycan» QSC-yə qarşı «artıq ödənilmiş pulun qaytarılması» tələbinə dair ilk, həmçinin «X6 Azərbaycan» QSC-nin cavabdeh İddiaçı qarşı «borcun tutulması» tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-903/2020 saylı qətnaməsindən cavabdeh «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh «X6 Azərbaycan» QSC-yə (bundan sonra, cavabdeh) qarşı «artıq ödənilmiş pulun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh «X6 Azərbaycan» QSC-dən iddiaçının xeyrinə 40000 manat pulun və 30 manat dövlət rüsumunun tutulması, həmçinin iddiaçının adına Azərbaycan Respublikası Maliyyə X3 Mərkəzləşdirilmiş Kredit Reyestrində gecikmiş günlər və borc məlumatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2014-cü il tarixdə İddiaçıla «X6 Azərbaycan» QSC arasında «Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə» imzalanmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli sözügedən qarışıq müqavilədə tərəflər arasında ödəniş pul vahidi kimi məhz Azərbaycan manatı nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq, iddiaçı tərəflər arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli qarışıq müqaviləsinin müddəalarını tam və şərhsiz icra edərək, cavabdehə manatla ödənişlər etmiş və hətta bunun nəticəsində 40000 manat məbləğində artıq ödəniş də etmişdir. Lakin cavabdeh bunları inkar edərək 40000 manat məbləğində pulu iddiaçı tərəfindən edilmiş ödənişləri qaytarmaqdan imtina edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda, «X6 Azərbaycan» QSC cavabdeh İddiaçı qarşı «borcun tutulması» tələbinə dair qarşılıqlı iddia verərək, İddiaçı əsas məbləğ üzrə borc 10825,67 manat, hesablanmış və ödənilməmiş faiz borcu 1068,01 manat, cərimə borcu 7616,58 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 7,57 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 1,30 manat, cəmi 19519,13 manat məbləğində borcun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun «X6 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il ildə «X6 Azərbaycan» QSC və İddiaçı arasında «Bank hesabı, Debet kartı, Kredit Kartı və zaminlik» haqqında qarışıq müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə bank tərəfindən İddiaçı istehlak yönümlü 20000 manat məbləğində kredit kart limiti ayrılmışdır. O, həmin kredit kart limiti üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri, komissiyaları və s. müqavilə ilə müəyyən edilmiş şərtlərlə, qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək Banka qaytarmağı öhdəsinə götürmüşdür. «X6 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan İddiaçı kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən qarşılıqlı iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 903/2020 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) ilk iddia qismən təmin olunmuş, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) «X6 Azərbaycan» QSC-dən 17792,52 (on yeddi min yeddi yüz doxsan iki manat, əlli iki qəpik) manat məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17822,52 (on yeddi min səkkiz yüz iyirmi iki manat, əlli iki qəpik) manat məbləğində pulun alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməsi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı adına Azərbaycan Respublikası Maliyyə X3 Mərkəzləşdirilmiş Kredit Reyestrində (İddiaçı ilə «X6 Azərbaycan» QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə) gecikmiş günlər və borc məlumatının ləğv edilməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pulun cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) «X6 Azərbaycan» QSC-dən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməsi qət olunmuşdur. Cavabdeh «X6 Azərbaycan» QSC məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti – qarşılıqlı iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq xəstə olması ilə əlaqədar məhkəmə iclasına gələ bilməməsini göstərmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, ilk iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan «X6 Azərbaycan» QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli «bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında» qarışıq müqaviləyə əsasən bank tərəfindən İddiaçı 5 il müddətinə, 20000 manat məbləğində kredit kartı limiti açılmışdır. İşdə olan «X6 Azərbaycan» QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı kredit kart müqaviləsi üzrə istifadə edilmiş olduğu əsas məbləği və ona hesablanmış faizlərin ödənilməsini gecikdirmişdir və onun Banka olan borcu xx.xx.2019-cu il tarixə əsas məbləğ üzrə 10825,67 manat, faiz məbləği üzrə 1068,01 manat, cərimə məbləği üzrə 7616,58 manat, digər xərclər 7,57 manat, poçt xərci 1,30 manat məbləğində təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31702 saylı, xx xxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən - iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı və tərəflər arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli «bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında» qarışıq müqavilənin şərtləri nəzərə alınmaqla İddiaçı müqavilə müddəti bitən xx xxxxxxx 2017-ci il tarixə və həmin tarixdən sonraki xx.xx.2017-ci il tarixdə edilən ödənişlər nəzərə alınmaqla cavabdeh «X6 Azərbaycan» QSC-yə ümumilikdə borcun tam ödənildiyi və 17792,52 manat məbləğində artıq ödənişlərin olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi işdə olan sübutları qiymətləndirərək haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli müqavilə bağlanmış, iddiaçı tərəfindən cavabdehə artıq ödənişlər edilmişdir. Hazırda iddiaçı artıq ödənilmiş pulun qaytarılmasını tələb edir. Ekspertiza rəyinə əsasən İddiaçı müqavilə müddəti bitən xx xxxxxxx 2017-ci il tarixə və həmin tarixdən sonraki xx.xx.2017-ci il tarixdə edilən ödənişlər nəzərə alınmaqla, cavabdeh «X6 Azərbaycan» QSC-yə ümumilikdə borcun tam ödənildiyi və 17792,52 manat məbləğində artıq ödənişlərin olduğu müəyyən edilir. İddiaçının «X6 Azərbaycan» QSC qarşısında xx xxxxxxx 2014-cü il tarixli müqavilə üzrə heç bir öhdəliyi yoxdur. Bu səbəbdən də qarşılıqlı iddia təmin oluna bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi ekspertiza təyin etməkdə kredit borcunun mövcudluğunu dəqiqləşdirmiş, nəticədə iddiaçının xx.xx.2014-cü il tarixli müqavilə üzrə kredit borcunun qalması müəyyən olunmamış, əksinə 17792,52 manat artıq ödənişin həyata keçirilməsi məlum olmuşdur. Cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh iddiaçı tərəfindən öhdəliyn pozulması və kredit borcunun ödənilməsi ilə bağlı sonuncuya xəbərdarlıq (pretenziya və s.) edilməsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə işdə olan pretenziyadan görünür ki, məhz iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə yazılı qaydada müraciət edərək müqavilə üzrə öhdəliyinin tam yerinə yetirilməsini, bu zaman artıq ödəniş etməsini göstərərək, ödədiyi artıq pulun qaytarılmasını tələb etmişdir. İşin qeyd edilən halları işdə olan sübutlarla (ekspertiza rəyi və s.) birlikdə bir daha iddiaçı tərəfindən kredit öhdəliyinin tam yerinə yetirilməsi nəticəsinə gəlməyə əsas verir. Cavabdeh apellyasiya şikayətində ekspertiza rəyinin əsassız olmasını göstərmiş, lakin bunun nədə ifadə olunmasını əsaslandırmamış, bu istiqamətdə sübutlarını təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza rəyi ilə tanış olub, ona münasibət bildirilməsi üçün imkanlar yaradılmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ekspertiza rəyi birinci instansiya məhkəməsinə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş və tərəflərə məhkəmə baxışının yeri və vaxtı barədə bildiriş göndərilmiş, lakin cavabdehin nümayəndəsi bu müddət ərzində ekspertiza rəyi ilə tanış olmağa təşəbbüs göstərməmiş (işdə bu istiqamətdə hər hansı müraciət yoxdur), məhkəmə iclasında iştirak etməmişdir. Bununla yanaşı, hətta cavabdehin dəlili şərti olaraq qəbul edilsə belə, işdən görünür ki, qətnamə qəbul edildikdən sonra cavabdehin nümayədəsi iş materialları ilə tanış olmuş, lakin keçən uzun müddət ərzində (yəni, cavabdehin qətnamədən apellyasiya şikayəti verməsi, işin apellyasiya instansiyasına göndərilməsi, məhkəmə baxışının təyin olunması və s.) cavabdeh tərəf ekspertiza rəyinin əsassızlığı ilə bağlı konkret dəlillərini (sübutlarını) məhkəmə kollegiyasına təqdim edə bilməmiş, bunu formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Apellyasiya baxışı zamanı isə ekspertiza rəyinin mötəbərliyinə şübhə yaranmamışdır. Belə olan halda isə, məhkəmə kollegiyası əlavə və ya təkrar ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, bununla bağlı mötəbər sübutlar təqdim olunmalı və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Qeyd edilməlidir ki, prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. MM-nin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. MM-nin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «X6 Azərbaycan» QSC-yə qarşı «artıq ödənilmiş pulun qaytarılması» tələbinə dair ilk, həmçinin «X6 Azərbaycan» QSC-nin cavabdeh İddiaçı qarşı «borcun tutulması» tələbinə dair qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-903/2020 saylı qətnaməsindən cavabdeh «X6 Azərbaycan» QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 903/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-8057/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8057/2020
17.11.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver