Məhkəmə qərarları › İş №2(103)-8060/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8060/2022

19.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8060/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh Xesed "Qerşon" X3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3392/2022 saylı, 03 oktyabr 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı xx.xx.2010-cu il tarixli, 24 saylı əmr ilə Xesed “Qerşon” X4 tibb proqramının rəhbəri vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, 28 saylı əmr ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “kurator” vəzifəsindən azad edilmişdir.

2. X7 X1 in Azerbaıjan “JOİNT BAKU”-nun Azərbaycandakı nümayəndəliyi tərəfindən “Qerşon” Xesedinin direktoru Şaul Davıdova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4 nömrəli bildirişdə, dünyada baş verən və vəsaitlərin toplanmasına mənfi təsir edən qlobal vəziyyətlərlə əlaqədar 2022ci il üçün “Qerşon” Xesedinin proqram maliyyələşdirilməsinin 2021-ci il büdcəsi ilə müqayisədə azaldığı, vəsaitlərin toplanması şöbəsinin proqnozlarına əsasən onlar cari ildə büdcənin əlavə olaraq azaldılmasının gözləndiyi bildirilmişdir. Qəyyumluq altında olan ahıl insanlar üçün təqdim edilən xidmətlərin həcminə və keyfiyyətinə xələl dəymədən ən yaxın vaxtda proseslərin optimallaşdırılması xahiş edilmiş, həmçinin bu bildirşin nəzərə alınmasını, Xesedin cari büdcəsində müvafiq dəyişikliklər hazırlanması və büdcənin azaldılması layihəsini təsdiq edilməsi üçün 31 yanvar tarixində günün sonuna qədər göndərilməsi xahiş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xesed "Qerşon" X6 tərəfindən qəbul olunmuş 19 saylı, 2 mart 2022-ci il tarixli və 28 saylı, 06 may 2022-ci il tarixli əmrlərin ləğv olunması və onun işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, xx.xx.2010-cu il tarixdən etibarən Xesed “Qerşon” X4 Tibb proqramın rəhbəri vəzifəsində çalışmışdır. Lakin 01 mart 2022-ci il tarixdə cavabdeh tərəfindən ona ünvanlanan xəbərdarlıq məktubunda son dövrlərdə dünyada yaranmış qlobal şəraitlə əlaqədar olaraq yaranan çətinliklər səbəbilə, çalışdığı "Kurator" vəzifəsi üzrə ştat vahidinin ixtisarı və bağlanması zərurəti yarandığı qeyd olunmuşdur. 02 mart 2022-ci il tarixli, 19 saylı əmrlə isə çalışdığı "Kurator" vəzifəsinin ixtisarı əmr olunmuşdur. Beləliklə, 06 may 2022-ci il tarixdə 28 saylı daha bir əmrə əsasən onun Xesed “Qerşon” X4 tutduğu "Kurator" vəzifəsindən azad edilməsi və əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Lakin işin əsli ondan ibarətdir ki, 2021-ci ilin dekabr ayında İsrail dövləti tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsi ilə XESED "QERŞON" X5 və orada mövcud olan ştat vahidlərinə təqdim olunması üçün büdcə ayrılmışdır. Yekunda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən XESED "QERŞON" X5 təqdim olunmuş büdcənin təyinatında onun və onun tutduğu "Kurator" vəzifəsinin də adları qeyd olunmuşdur. Göstərilənlərə əsasən, XESED "QERŞON" X6 tərəfindən qəbul olunmuş 19 saylı, 02 mart 2022-ci il tarixli və 28 saylı 06 may 2022-ci il tarixli əmrlər ləğv olunmalı, İddiaçı tutduğu "Kurator" vəzifəsinə bərpa olunmalıdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3392/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim Cəmilə Musayeva) ilə iddia tələbi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixli, 24 saylı əmr ilə Xesed “Qerşon» X4 tibb proqramının rəhbəri vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli 19 nömrəli əmrə əsasən “kurator” vəzifəsi üzrə ştat vahidinin qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi əmr edilmişdir. Bunun nəticəsində, İddiaçı tərəf olduğu əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 28 saylı əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xesed "QERŞON" X6 tərəfindən qəbul olunmuş 19 saylı, 2 mart 2022-ci il tarixli və 28 saylı, 6 may 2022-ci il tarixli əmrlərin ləğv olunması və onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, ixtisar edilmənin məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırılmış, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisar edilməsi səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə vaxtında xəbərdar edilmiş, əmək funksiyasının icrasından tam azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmışdır. Bundan başqa, MMC tərəfindən 28 saylı, 6 may 2022-ci il tarixli əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir. İddiaçının xx.xx.2021 - xx.xx.2022-ci illəri əhatə edən dövr üzrə formalaşdırılmış büdcədə ona və tutduğu “kurator” vəzifəsinə birbaşa aid bəndin olmasına, ştatın ixtisar edilməsinin cavabdeh Xesed "QERŞON" X3 əməkdaşları tərəfindən ona qarşı edilən ayrıseçkilik və qərəzlilik zəminində baş verməsinə dair irəli sürdüyü dəlillər ilə əlaqədar isə məhkəmə qeyd edir ki, sözügedən dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətində qeyd edir ki, xx.xx.2022-ci il tarixli X9 əsasən, 2022-ci il tarixi üçün "Kurator" vəzifəsinin adı qeyd olunmaqla illik büdcə ayrılmış olması nəzərə alınmaqla Xesed "Qerşon" X6 tərəfindən qəbul olunmuş 19 saylı, 02 mart 2022-ci il tarixli və 28 saylı, 06 may tarixli əmrlər ləğv olunmalı və iddiaçı X2 işə bərpa olunması barədə qərar qəbul olunmalıdır. Cavabdeh tərəfindən əmrlərin qəbuluna əsas olmuş hallar məhkəmə tərəfindən verilmiş sorğularla və əldə edilmiş sənədlərlə təkzib olunur. Lakin birinci instansiya məhkəməsi iş materiallarında olan sənədlər və sübutlar əsasında deyil, öz mülahizələri ilə qətnamə qəbul etmişdir. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Hesab edir ki, xx.xx.2022-ci il tarixli Ştat Cədvəlindən aydındır ki, iddiaçının işdən azad olunması maliyyə çətinlikləri ilə əlaqədar olmayıb, qərəzli xarakter daşımaqdadır. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. "Kurator" vəzifəsinin icrasına Xesed "Qerşon" X6 tərəfindən aylıq 770,30 manat olmaqla illik 9,243,60 manat büdcə ayrılmış olmasına baxmayaraq, X2 işdən çıxarılmasının zəruriliyi əsaslandırılmalıdır. Qətnamə iş üzrə əhəmiyyət kəsb edən xx.xx.2022-ci il tarixli X9 münasibət bildirilmədən çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

8. Cavabdeh Xesed "Qerşon" X3 apellyasiya şikayətinə qarşı verdiyi yazılı etirazında iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək etirazda göstərilir ki, "Cavabdeh" İB qeyri-kommersiya təşkilatıdır, heç bir gəlir əldə etmir və 20 ildən artıq müddətdir ki, tam şəkildə donor təşkilat X8 Dağıtım Komitəsi (bundan sonra "Donor" adlandırılacaq) tərəfindən qrant müqavilələri vasitəsi ilə maliyyələşdirilir. (təşkilatın nümayəndəliyi Azərbaycan Respublikasında qeydiyyatdan keçərək fəaliyyət göstərir, VÖEN **********). Cavabdeh qrant müqaviləsi üzrə vəsaiti ancaq bu müqavilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçdikdən sonra əldə edə bilir. Belə ki, 2021-2022-ci illər üçün nəzərdə tutulan qrant müqaviləsi 2021-ci ilin oktyabr - 2022-ci ilin oktyabr aylarını əhatə edən müddət üçün nəzərdə tutulmuşdur. Lakin qrantın Ədliyyə Nazirliyində qeydiyyatı, cavabdehdən asılı olmayan səbəblərdən gecikmə ilə, yəni 7 yanvar 2022-ci il tarixində faktiki olaraq həyata keçirilmiş və bu, qrant müqaviləsi üzrə maliyyələşdirməyə uyğun olaraq xidmətlərin vaxtında göstərilməsinə və maliyyə ilinin sonunadək vəsaitdən istifadə etmək üçün donor qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsinə imkan verməmişdir Cavabdehin hesabına bu müddət ərzində heç bir mədaxilin olmadığına dair müvafıq bankdan çıxarışlar məhkəməyə təqdim olunmuşdur. 2022-ci ilin yanvar ayının 7də qrant müqaviləsi qeydiyyata alındıqdan sonra cavabdeh 2021-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün borcları ödəməyə başladı, bunlar maddi yardım şəklində xidmətlər, təşkilat işçilərinin maaşları, eləcə də kontragentlərə olan borclar idi. Bundan başqa, Donor vəsait toplamaqda çətinliklərin olmasını səbəb gətirməklə 2022-ci il yanvar ayında büdcəyə yenidən baxmaq məqsədilə cavabdehə rəsmi olaraq müraciət etmişdir. Beləliklə, 2022-ci ildə fəaliyyət göstərməyə, yəni əhalinin aztəminatlı təbəqəsinə yardım göstərməyə davam etmək üçün Donorun tələbi ilə cavabdeh təşkilatın büdcəsinə yenidən baxmalı oldu. Bununla əlaqədar qəbul edilən qərarlardan biri də maddi proqramlarda ştatın ixtisar edilməsi olub. İxtisar Əmək Məcəlləsinin tələblərinə riayət olunmaqla həyata keçirilmişdir. Qeyd edilən hallar məhkəmə tərəfındən verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə işdə olan bütün sənəd və sübutları araşdıraraq, onlara hüquqi qiymət verərək qətnamə çıxarmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və şikayətin təmin edilməsini xahiş edib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 11. Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. Maddə 70-ci maddəsinin «b» bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 77.1-77.3. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə şəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Maddə 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadlarına (ərlərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

14. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Belə ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslı hesab edilə və qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən ştatlar ixtisar olunduğuna görə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsini ləğv etməzdən əvvəl cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilməsinə dair işdə sübutlar mövcuddur. İddiaçı da ona xəbərdarlıq edilməsini mübahisələndirmir. Mübahisələndirdiyi hal cavabdehin onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, ştatın ixtisarı ilə əlaqədar xitam verilməsinin maliyyə çətinlikləri ilə əlaqədar olmayıb qərəzli xarakter daşıması ilə bağlı olduğunu bəyan etməsi ilə bağlıdır.

23. İddiaçının düşdüyü vəziyyət anlaşılan olsa da göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün kifayətedici əsas deyildir. Çünki, cavabdeh qurum qrant hesabına fəaliyyət göstərən, təşkilatı hüquqi forması İctimai Birlik olan qeyrikommersiya təşkilatıdır və iddiaçının işlədiyi vəzifə ştatı ixtisar olunmuş, yəni artıq mövcud deyildir. İddiaçının bildirdiyi dəlillər, iddianın təmin edilməsi üçün birbaşa əsas ola bilmir. Çünki, iddia hansısa təsdiq olunmayan fikirlərə görə yox, əsaslılığına və qanuniliyinə görə təmin oluna bilər. Ancaq hazırki iddia əsaslı olmamışdır.

24. Cavabdeh qurumda 2022-ci ildə yeni açılmış ştat üzrə, yeni işçilərin işə qəbul olunması halı(baxmayaraq ki bu dəlil cavabdehin təqdim etdiyi sübutlarla təkzib edilir) həqiqi olsa belə bunlar hazırki iddianın əsaslılığına dəlalət etmir. Çünki, həmin şəxslər göstərdiyi vəzifəyə məhkəmə qərarı ilə bərpa edilməmişlər. Bu məsələ işəgötürənlə işçi arasında könüllü qaydada həll edilən münasibətlərə aiddir. İddiaçının bu vəzifədə uzun müddət işləməsi, əmək intizamının pozulmasına yol verməməsi və intizam məsuliyyətinə cəlb edilməməsi də hazırki iddianın təmin edilməsini bilavasitə labüd etmir. Çünki, iddiaçı ilə olan əmək müqaviləsi göstərdiyi hallara yol verdiyinə görə ləğv edilməmişdir.

25. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ştatlar deyil, işçilərin sayı ixtisar edilərkən həmin Məcəllənin 78-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda bəzi kateqoriyadan olan işçilərin işdə saxlanılmasına üstünlük verməlidir. Lakin hazırki halda iddiaçının işlədiyi ştat ixtisar olunmuş, başqa sözlə bütövlükdə “kurator” ştatı ləğv edilmişdir. Buna görə də bu vəziyyət cavabdeh tərəfindən qanunun tələbinin pozulması kimi qiymətləndirilə bilməz.

26. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3392/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3392/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar