Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8063/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əmrin ləğvi, işə bərpa və pul tələbləri” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 avqust 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə cavabdeh Birliyin 25.02.2020-ci il tarixli. SOCAR**********00070020B00096 saylı əmrinin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq cavabdeh Birlikdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia əsasında icraatı başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 14.08.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. İş üzrə cavabdeh Birlik həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 26.11.2020-ci il tarixli qətnamə (İş № 2(103)- 8312/2020) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən cavabdeh Birlik tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 02.06.2021-ci il tarixli qərarla (İş № 2(102)-2561/2021) kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsini qərara almışdır. Göstərilən səbəbdən, cavabdeh Birliyin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. İşə apellyasiya qaydasında yenidən baxan Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 19.04.2018-ci il tarixdən cavabdeh X5 Qaz İstismar İdarəsində rəis müavini vəzifəsində işləmiş, 13.02.2020-ci il tarixdən Birliyin rəhbərliyin tapşırığına əsasən Göyçay Xidmət sahəsində rəis müavini vəzifəsində işə başlamışdır. 25.02.2020-ci il tarixdə Birliyin baş direktorunun Satış və İstismar üzrə müavini Cahid Hüseynovun iş otağında Hüquq Departamentinin rəisi Vüqar Eyvazovun diktəsi ilə zor tətbiq edilərək, göstərilən səbəb araşdırılmadan ona məcburən işdən çıxma barədə ərizə yazdırmışlar, baxmayaraq ki, 24.02.2020-ci il tarixdən əmək qabiliyyətinin olmaması barədə işdən azad edilmişdir. Bu barədə 682350 saylı bülleten vərəqəsi də var. Lakin az müddətdən sonra 10.03.2020-ci il tarixdə ərizəsinin geri götürülməsi barədə Birliyə yeni ərizə ünvanlamışdır. Cavabdeh tərəfindən ikinci ərizəsi nəzərə alınmamış və 25.02.2020ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “a” bəndi ilə azad olunması barədə əmr bu günədək ləğv edilməmişdir. Cavabdeh Birliyin iddia tələbinə və iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə qəbul edilmiş qətnaməyə qarşı etirazı ondan ibarətdir ki, iddiaçının işdən azad olunması Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun və iddiaçı ilə Birliyin razılaşması əsasında həyata keçirilmiş, iddiaçı ilə Birlik arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Cavabdeh Birliyin hazırki iş üzrə apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini, habelə mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, barəsində apellyasiya şikayəti verilmiş qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə iş üzrə qətnamə qəbul edilməlidir. Belə ki, Birlik ilə iddiaçı arasında bağlanmış “Əmək müqaviləsindən” görünür ki, iddiaçı 19.04.2018-ci il tarixdən X5 Qaz İstismar İdarəsində rəis müavini vəzifəsinə qəbul edilmişdir. İddiaçının cavabdeh Birliyə ünvanladığı 25.02.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, tutuduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Birlik üzrə verilmiş 25.02.2020-ci il tarixli əmr əsasında X5 Qaz İstismarı İdarəsinin rəis müavini olan iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı ilə) xitam verilmiş və bununla bağlı məlumat elektron informasiya sistemində eyni tarixdə qeydiyyata alınmışdır. Kürdəmir Rayon Prokurorluğunun 14 mart 2020-ci il tarixli qərarından görünür ki, həmin qərar ilə X1 Qaz İstismarı İdarəsində işlə təmin olunması məqsədi ilə (iddiaçı) İddiaçı və X3 pul verməsi ilə və İddiaçı Sakit Həşimovun ona satış xidmətinin rəisi Taleh Mehdiyevə 6 ay əvvəl 1000 manat pul verdiyi ilə bağlı xüsusatlar araşdırma zamanı toplanmış materiallarla öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı 25 fevral 2020-ci il tarixli ərizəsini geri götürməsi və etibarsız hesab edilməsi barədə ərizə vermişdir. İddiaçı tərəfindən Birliyə ünvanlanmış 10.03.2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı 25.02.2020-ci il tarixdə yazdığı ərizənin etibarsız hesab edilməsi barədə cavabdehə ərizə göndərmiş, Birlik isə 06 aprel, 22 iyun və 04 avqust 2020-ci il tarixlərdə həmin ərizə ilə bağlı iddiaçıya müvafiq cavablar göndərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hazırki iş üzrə qəbul etdiyi 02.06.2021-ci il tarixli qərarında aşağıdakıları göstərmişdir: “İddiaçı 19 aprel 2018-ci il tarixli əmək müqaviləsi ilə “Azəriqaz” X2 X6 İdarəsində rəis müavini vəzifəsinə qəbul edilmişdir. Əmək Məcəlləsinin 75-ci maddəsi ilə əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi əsasları müəyyən edilmişdir. Həmin maddədə təsbit edilmişdir ki, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə halları kimi tərəflərin qarşılıqlı razılığı ilə ona xitam verilməsi barədə halı nəzərdə tuta bilər. Qeyd edilən normada nəzərdə tutulmuş həmin müddəanın tərəflər arasında bağlanmış əmək müqaviləsinə daxil edilməsi və iddiaçının məhz həmin müddəanı rəhbər tutaraq Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsini xahiş etməsi işin mübahisələndirilməyən hallarıdır. Başqa sözlə, iddiaçı tərəfindən cavabdeh müəssisəyə təqdim edilmiş ərizənin məzmunundan mübahisəsiz qaydada görünür ki, sözügedən ərizə iddiaçının öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə deyil, tərəflərin qarşılıqlı razılığı ilə xitamı üçün iddiaçının yazılı razılığının ifadə edilməsi barədədir. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını, 75-ci maddəsi isə əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsini müəyyən edir. Deməli Əmək Məcəlləsinin 69 və 75-ci maddələri ilə əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsasları müəyyən edilməklə qanunverici həmin maddələrdən biri ilə nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verildiyi halda digər maddə ilə nəzərdə tutulan əsaslara istinad etməni istisna edir. Əmək Məcəlləsinin 75-ci maddəsinin tələblərinə görə tərəflərin müəyyən etdiyi hallar əmək müqaviləsinə daxil edilməklə işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsində həmin maddəyə istinad edilməklə maddədə nəzərdə tutula bilən hal kimi tərəflərin qarşılıqlı razılığı halında əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyən edilmişdir. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edən 69-cu maddəsinin tələblərinə görə işçinin hüquqlarının təminatı kimi ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçinin işə çıxmamaqla son haqq-hesabının aparılmasını tələb etmək və bir ay müddətində ərizəsini geri götürmək hüququ, eyni zamanda işəgötürənin hüquqlarının təminatı kimi işçinin ərizə verdiyi gündən bir ay müddətində əmək vəzifələrini icra etmək vəzifəsi müəyyən edilmişdir. Deməli işçi tərəfindən müqavilənin ləğv edilməsi qaydasını müəyyən edən həmin maddə ilə tərəflərin qarşılıqlı hüquq və vəzifələri müəyyən edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əmək müqaviləsində tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinə xitam verilməsinin müəyyən edilməsi işçiyə Əmək Məcəlləsinin 69-cu maddəsonə uyğun olaraq yazılı ərizə verməklə əmək müqaviləsinə xitam verilməsi hüququnu istisna etmir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının ərizəsinin məzmunundan mübahisəsiz qaydada görünür ki, o, əmək qanunvericiliyi ilə müəyyən edilən hüquqlarından istifadə etməklə məhz əmək müqaviləsinə və Əmək Məcəlləsinin 75-ci maddəsinə istinad etməklə qarşılıqlı razılıq əsasında əmək müqaviləsinə xitam verilməsi barədə ərizə vermişdir. Beləliklə, əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə ərizənin verildiyi tarixdən xitam verilməsi Əmək Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun olmaqla işçinin və işəgötürənin əmək qanunvericiliyi ilə müəyyən edilən hüquqlarının təminatı prinsiplərinə zidd hesab edilə bilməz”. Məhkəmə yuxarıda göstərilənləri, apellyasiya şikayətinin dəlillərini, mülki işin materiallarını nəzərə alaraq mövcud mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Məcəllənin 75-ci maddəsinin 1-ci hissəsinə görə, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə, əmək müqaviləsində ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı halı nəzərdə tutula bilər. Hazırki işin hallarından görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “a” bəndinə istinad olunmuşdur. Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd edilən maddi hüquq normalarının tələblərinin işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, apellyasiya şikayəti vermiş cavabdeh Birlik ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Birliyin qəbul etdiyi iddiaçı tərəfindən əsaslılığı mübahisələndirilən əmr qanunidir. Belə ki, tərəflər arasında əmək müqaviləsinə işçi (iddiaçı) ilə cavabdeh Birliyin qarşılıqlı razılığı əsasında xitam verilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 25.02.2020-ci il tarixli əmrin surətindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası tərəflərin qarşılıqlı razılığı olmuşdur. İşə baxmış Rayon Məhkəməsi iddia tələbini təmin edərək, hesab etmişdir ki, 25.02.2020-ci il tarixli əmr iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə qanunla müəyyən edilmiş xəbərdarlıq müddəti gözlənilmədən qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi maddi hüquq normasının tətbiqdində səhvə yol vermişdir. Belə ki, hazırki iş üzrə əmək müqaviləsi (Əmək Məcəlləsini 69-cu maddəsi ilə) işçi tərəfindən birtərəfli ərizə əsasında ləğv edilməmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin maddədə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin iki qaydası nəzərdə tutulmuşdur. Birinci qaydaya görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur (Əmək Məcəlləsinin 69-cu maddəsinin 1 və 2-ci bəndləri). Bu qaydaya əsasən işəgötürən işçinin əmək müqaviləsini xəbərdarlıq müddəti başa çatanadək ləğv edə bilməz. Çünki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir (Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndi). İkinci qaydaya görə isə işçi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istədiyi günü və səbəblərini ərizəsində göstərməlidir. Əmək müqaviləsinin ləğv edilməsi səbəbləri işçinin yaşa, əlilliyə görə əmək pensiyasına çıxması, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olması, yeni yaşayış yerinə köçməsi, başqa işəgötürənlə əmək müqaviləsi bağlaması, seksual qısnamaya məruz qalması və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar ola bilər. Bu halda işçi ilə bağlanmış əmək müqaviləsi ərizəsində göstərdiyi gün ləğv edilə bilər (Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi). Lakin həmin ərizənin məzmunundan da görünür ki, iddiaçı tərəflərin razılığına əsasən işdən azad olunmasını xahiş edir. Bu halda işəgötürənin 1 aylıq xəbərdarlıq müddətini gözləmək vəzifəsi yoxdur. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı bildirdi ki, həmin ərizə ona zor tətbiq edilməklə yazdırılmışdır, onun iradə ifadəsini əks etdirmir. Bu mübahisəli halın həlli ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-nin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddələr 14.2. və 77.1.). Buna baxmayaraq, iddiaçı ərizənin onun iradə ifadəsini əks etdirməməsini təsdiq edəcək sübutları Məhkəməyə təqdim etməmişdir. Beləliklə hesab edilməlidir ki, işəgötürən olan cavabdeh Birlik işçi olan iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin tələbinə riayət etmişdir. Odur ki, bunları nəzərə alan Məhkəmə hesab edir ki, iddia əsassızdır. Beləliklə apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi işin qeyd edilən hallarını müəyyən edə bilməmiş, iddianı təmin etməklə maddi və prosessual hüquq pozuntusuna yol vermiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə, apellyasiya baxışı ilə müəyyən edilmiş hallara, habelə MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdeh Birliyin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İB-nin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 avqust 2019-cu il tarixli qətnamə ləğv edilsin. İddiaçı cavabdeh “Azərqaz” İB-nə qarşı “əmrin ləğvi, işə bərpa və pul tələbləri barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8063/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8063/2021
20.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver