Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8066/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ Rayon Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-576/2020 saylı işi üzrə 10.06.2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixində Ermənistan SSR Əzizbəyov rayonunun Zeytə kəndində anadan olmuş, əmək fəaliyyətinə həmin kənddə başlamışdır. Belə ki, ilk öncə 1971-1974-cü illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda işləmişdir. Hazırda gözləri görmədiyinə, kənar şəxsin yardımı ilə hərəkət etdiyinə görə ərizəni yazan şəxsin həmin illərdə onun guya 1971-1974-cü illərdə Qənnadı məmulatları fabrikində işlədiyini qeyd etməsini bilməmiş, lakin sonradan bununla bağlı düzəliş olunmasına dair ərizə təqdim etmişdir. Daha sonra 1974-1976-cı illərdə Ermənistan SSR Əzizbəyov rayonu Gomur kənd orta məktəbində müəllim, 1976-1977-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Saravan kənd orta məktəbində müəllim işləmişdir. Həmin dövrdə qiyabi ali təhsil almış, ona görə də müəllim kimi işləməsinə maneçilik olmamışdır. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 1980-1988-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda briqadir və mexanizator işləmişdir. 1988-ci ildə məlum hadisələrlə əlaqədar Ermənistandan qaçqın düşərkən əmək kitabçasını özü ilə götürə bilməmiş, buna görə də qeyd etdiyi yerlərdə işlədiyi müddətin əmək stajına daxil edilməsində problem yaranmışdır. Bundan əlavə, 1988-ci ildə Ermənistandan qaçqın düşdükdən sonra Naxçıvan Muxtar Respublikasında məskunlaşmış və həmin vaxt Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyində olan "Azərrabitəinşaat" Trestində 1988-1996-cı illərdə müxtəlif vəzifələrdə, o cümlədən iş icraçısı kimi işləmişdir. Bu barədə arxiv arayışının verilməsi üçün 28.10.2019-cu il tarixli müraciətinə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Mərkəzi Arxivinin MA-57 saylı 29.10.2019-cu il tarixli məktubu ilə cavab verilərək, "Azərrabitəinşaat" Trestinin ("Azərrabitəinşaat" LTB) 1987-1996cı illər üzrə kadr əmrlərinin Nazirliyin Mərkəzi arxivinə təhvil verilmədiyi bildirilmişdir. Məlumat üçün bildirir ki, "Azərrabitəinşaat" Trestində adına açılmış əmək kitabçası da trestdə qaldığından və trestin bir neçə dəfə yenidən təşkil edilərək ləğv olunması zamanı itdiyindən Trestdə işlədiyi müddətin əmək stajına daxil edilməsində problem yaranmışdır. Yuxarıda qeyd etdiyi halları onunla Ermənistan SSR-də yaşamış və bir yerdə işləmiş, eləcə də "Azərrabitəinşaat" Trestində onunla birgə işləmiş bütün şəxslər təsdiq edə bilərlər. Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə etdiyi müraciətə cavab olaraq 09 yanvar 2020-ci il tarixli məktubla əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən əmək kitabçası təqdim edilə bilmədikdə sosial sığorta stajının məhkəmə qaydasında müəyyən edilməli olduğu ona izah edilmişdir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-576/2020 saylı işi üzrə 10.06.2020-ci il tarixli qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, Ərizəçi 1972-1974-cü, 1980-1988-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda, habelə 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində işləməsi faktı müəyyən edilməsi, ərizə qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Ərizəçi apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir. Eyni zamanda maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş idarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(103)-6437/2020 saylı qətnaməsinə əsasən Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-576/2020 saylı işi üzrə 10.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6437/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(102)-2348/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6437/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi Ərizəçi 1989-1996-cı illərdə “Azərrabitəinşaat” Trestində işləməsi faktının müəyyən edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş idarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən hazırkı iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini hesab edirlər, Qaradağ rayon məhkəməsinin həmin qətnaməsi qanunsuzdur və aşağıdakı hüquqi əsaslara görə ləğv olunmalıdır. Belə ki, məhkəmə işə baxarkən hüquqi faktın müəyyən olunması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X2 maraqlı şəxsin apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini, ərizənin rədd edilməsi və ərizəçinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ərizəçi məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(102)-2348/2021 nömrəli qərarına uyğun olaraq ərizənin "Azərrabitəinşaat" Trestində işləmə faktına aid hissədə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən maraqlı şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi məxsus AZE No 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1955-ci il tarixdə Ermənistanın Əzizibəyov rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Ərizəçi ünvanlanmış 29.10.2019-cu il tarixli məktubdan görünür ki, “Azərrabitəinşaat” Trestinin (“Azərrabitəinşaat” LTB) 1987- 1996-cı illər üzrə kadr əmrləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Arxivdə saxlanılan 1997-1999-cu illər üzrə kadr əmrlərində isə onun əmək fəaliyyəti ilə bağlı məlumat aşkar edilməmiş, bu səbəbdən arxiv arayışının verilməsi mümkün olmamışdır. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə ünvanlanmış 13.02.2020-ci il tarixli, 02/142 saylı məktubun surətindən görünür ki, “Azərrabitəinşaat” Trestinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət arxivinə təhvil verilmədiyindən vətəndaş Ərizəçi iş stajını yoxlamaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin 09.01.2020-ci il tarixli məktubundan görünür ki, əmək kitabçası təqdim edilə bilmədikdə sosial sığorta stajının məhkəmə qaydasında müəyyən edilməli olduğu ərizəçiyə izah edilmişdir. İT seriyalı ******* saylı X4 məxsus əmək kitabçasının surətindən görünür ki, X7 01.01.1989-cu ildən 19.10.1999-cu ilədək “Azərrabitəinşaat” trestində (“Azərrabitəinşaat” LTB) işləmiş, həmin müəssisə bir neçə dəfə yenidən təşkil edilmişdir. X5 məxsus əmək kitabçasının surətindən görünür ki, X8 01.01.1989-cu ildən “Azərrabitəinşaat” trestində (“Azərrabitəinşaat” LTB) işləmiş, həmin müəssisə bir neçə dəfə yenidən təşkil edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o, Ərizəçi iş yoldaşı olmuşdur. Belə ki, ərizəçini 1989-cü ildən tanıyır. Ərizəçi 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində iş icraçısı işləmişdir. Özü də "Azərrabitəinşaat" Trestində işləmiş və işlədiyi dövr əmək kitabçasında əks olunmuşdur. "Azərrabitəinşaat" Tresti bir neçə dəfə yenidən təşkil edilmiş, həmin dövrün arxiv sənədləri qalmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, o, Ərizəçi iş yoldaşı olmuşdur. Belə ki, özü 1980-ci ildən 1998-ci ilədək "Azərrabitəinşaat" Trestində işləmişdir. Ərizəçi isə 1980-ci illərdən 1996-cı ilədək "Azərrabitəinşaat" Trestində iş icraçısı vəzifəsində işləmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, təqdim edilmiş sübutlar əsasında Ərizəçi yalnız 1972-1974-cü illərdə, habelə 1980-1988-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda, habelə 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində işləməsi faktı təsdiq olunur. Belə ki, izahatlar, şahidlər Ş.Quliyevin, R.Hümbətovun əmək kitabçalarına əsasən qeyd olunan müəssisədə işləmələri, şahidlər M.İmanovun, R.Əhmədovun təvəllüdü, şəxsiyyət məlumatlarına əsasən ərizəçi ilə həmyerli olmaları, ərizəçinin 1988-ci ildə qaçqın vəziyyətinə düşməsi halları nəzərə alınmaqla, qeyd olunan hissədə ərizənin təmin edilməsi qanuni və əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə görə, “ərizəçinin 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində işləməsi faktı müəyyən edilərkən prosessual hüquq normalarına əməl edilməmişdir. Belə ki, ərizəçinin Azərbaycan Respublikasındakı "Azərrabitəinşaat" Trestində işləməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmək imkanına malik olmaması lazımi şəkildə əsaslandırılmamış və sübuta yetirilməmişdir. Kollegiya nəzərə alır ki, "Azərrabitəinşaat" Trestinə aid arxiv sənədlərinin əldə edilməməsinin, ərizəçinin müstəqillik dövrünə təsadüf edən illərdəki iş stajına dair qeydlərin əmək kitabçasında aparılmamasının səbəbləri tam və hərtərəfli yoxlanılmamış, ərizəçinin adı çəkilən Trestdə işləməsinə dair şahid ifadələrinin digər yanakı sübutlarla (ərizəçinin həmin iş yerində çalışmasına işarə edən və oraya bağlılığına dəlalət edən hər hansı arayış, əmr və ya digər sənədlə) təsdiqlənməsi lazımi şəkildə araşdırılmamışdır. Belə olan halda, apellyasiya məhkəməsinin həmin faktın müəyyən edilmiş sayılması barədə gəldiyi qənaət prosessual hüquq normalarına uyğun yanaşma hesab edilə bilməz. Çünki, məhkəmə işdəki sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə, habelə məhkəmə iclasında tədqiq olunmuş sübutlara uyğun əsaslandırılmalıdır.” Kollegiya Azərbaycan Respublikası AliMəhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin qərarın 13.2-ci bəndində göstərilmişdir ki, “Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.3-cü bəndində göstərilmişdir ki, “Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmin qərarın 13.4-cü bəndində göstərilmişdir ki, Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib- edilməməsinə xüsusi diqqət yetirilməlidir. Kollegiya qeyd edir ki, Ərizəçi ərizəsində yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əməl etməmiş, onun iş stajını təstiq edə biləcək hər-hansı əlavə sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, ərizəçinin ərizəsində göstərilən hallar dindirilmiş şahid ifadələri tam sübuta yetirilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Belə olan halda, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-576/2020 saylı işi üzrə 10.06.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və Ərizəçi 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində işləməsinə dair hissədə ərizəsi rədd edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ərizəçinin 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində işləməsi faktı müəyyən edilməsi hissəsində ləğv edilməli və ərizə həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-576/2020 saylı işi üzrə 10.06.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. Ərizə “ərizəçinin 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində işləməsi faktı müəyyən edilməsi” hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8066/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8066/2021
16.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver