Məhkəmə qərarları › İş №2(103)-8069/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8069/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8069/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-198/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh firması arasında bağlanmış tarixsiz icarə müqaviləsinin etibarsız hesab edilməsi, onun tərəfindən Cavabdeh firmasına ödənilmiş 45 000 manat, dəymiş zərərə görə 20 000 manat, əldən çıxmış faydaya görə 135.000 manat pulun və mənəvi ziyana görə 20 000 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-198/2020 saylı, 08 iyun 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsi etibarsız hesab edilmiş, iddiaçı tərəfindən cavabdehə icarə ödənişi qismində ödənilmiş 45000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilmişdir. Qətnamədən həm iddiaçı, həm də cavadeh apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətində iddia tələbində göstərdiklərinə istinad edərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddia müddəti keçməsinə baxmayaraq, məhkəmə qanunsuz və əsassız olaraq iddianı qismən təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6737/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)- 2729/2021 saylı, 24.05.2021-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6737/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən – dəymiş maddi zərərə görə 20000 manat pulun tutulması tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə əldən çıxmış faydaya görə 135000 manat pulun və mənəvi ziyana görə 20000 manat pulun tutulması tələblərinin təmin olunmaması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, Ali Məhkəmənin qərarındakı göstərişlərə əsasən 20000 manata dair hissədə də tələbin təmin olunmasını xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan icarə müqaviləsinin surətindən görünür ki, bir tərəfdə icarədar qismində ARAZAVİA firmasının, digər tərəfdə icarəçi qimsində İddiaçı iştirak etməklə icra müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən icarədar yeni bazar ticarət kompleksində fiziki şəxslərə işləmək üçün anbar, mağaza, iaşə obyektləri tikmək, yeni bazar ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra orada ümumi sahəsi 40 kv.m olan anbar icarəçiyə müdətsiz olaraq istifadəsinə verilməsinə dair, icarəçi isə icarə haqqının vaxtında ödənilməsinə dair öhdəlik götürmüşdür. Mülki iş materiallarında olan 13 mart 2008-ci il tarixli 98B/08 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC İddiaçı 50000 manat məbləğində krediti 24 faiz ödəmək şərtilə 36 ay müddətinə 13/03/2011-ci il tarixədək vermişdir. Həmin tarixli kassa məxaric orderindən( 98B/8) məlum olur ki, iddiaçı 50000 manat pulu bankdan nəğd şəkildə almışdır. Tərəflər arasında bağlanmış 13.03.2008-ci il tarixli həmin kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən borclu İddiaçı götürdüyü 50000 manat kreditin müqabilində faiz kimi banka 20617 manat ödəməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən Arazavia MMC-yə ünvanlanmış 21.10.2019-cu il tarixli ərizənin surətindən görünür ki, öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə onun ödədiyi 45 000 manat pulun geri qaytarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan 14 mart 2008-ci il tarixli kassa mədaxil oredinin qəbzinin məzmunundan aydın olur ki, Cavabdeh firması tərəfindən İddiaçı 40 kv.m üçün icarə məbləği qismində 45000 (40000+5000) manat pul vəsaitinin tam ödənildiyi qeyd olunmuş və Cavabdeh firmasının möhürü və baş mühasibin imzası ilə təsdiq edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya baxışının predmeti olan hissədə, yəni “dəymiş maddi zərərə görə 20.000 manat pulun tutulması tələbi” hissəsində iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli və qətnamə qismən, “dəymiş maddi zərərə görə 20.000 manat pulun tutulması tələbi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə ilə qəbul edilməli, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsinin bundan öncəki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 2(102)-2729/2021 saylı, 24.05.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “... apellyasiya instansiyası məhkəməsi dəymiş maddi zərərə görə 20000 manat tələbinin təmin olunmaması hissəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Mülki Məcəlləyə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 443.1 və 445.1). Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin dispozisiya şərtlərinə görə zərərin tam həcmdə ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Baxılan iş üzrə tərəflər arasında 2008-ci ilin mart ayında “İcarə müqaviləsi” adlandırılan əqd bağlandığı, həmin əqdə əsasən cavabdehin “Yeni bazar” ticarət kompleksində iddiaçıya işləmək üçün anbar, mağaza, iaşə obyektləri tikmək, ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra orada ümumi sahəsi 40 kv.m olan anbarın iddiaçıya müddətsiz olaraq istifadəsinə vermək öhdəliyi götürdüyü, iddiaçının həmin müqavilə üzrə cavabdehə 45000 manat pul verdiyi, lakin cavabdehin müqavilə öhdəliyini yerinə yetirmədiyi işin mübahisə olunmayan hallarıdır. İddiaçı öz tələbində, həmçinin cavabdehin təqsirli hərəkətləri nəticəsində ona dəymiş real zərərə görə cavabdehdən 20000 manat pul tələb edir”. Kollegiya Ali məhkəmənin qərarında qeyd edilən göstərişlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehin təqsirli hərəkətləri nəticəsində ona dəymiş real zərərə görə cavabdehdən 20000 manat hissəsində əsaslıdır və təmin edilməlidir. Çünki iddiaçı hazırkı tələbi ilə bağlı bildirmişdir ki, o, cavabdehə həmin pulu ödəmək üçün bankdan 50000 manat kredit götürmüş və götürdüyü kreditə görə banka faiz olaraq 20000 manat ödəmişdir. İddiaçı ilə "xxxx"ASC arasında bağlanmış 13.03.2008-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən də məlum olur ki, həmin kreditin faizləri 20617 manat təşkil edir. Rayon məhkəməsində iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi işin bu halını mübahisələndirməmişdir. Ali Məhkəmənin 2(102)-2729/2021 saylı, 24.05.2021-ci il tarixli qərarında qeyd etdiyi ...məhkəmələr sübut qismində təqdim edilmiş müqavilənin surətinin mötəbər sənəd kimi qəbul edilib-edilməməsi (cavabdeh tərəfindən mübahisələndirilibmübahisələndirilməməsi) ilə bağlı tərəflərlə hər hansı müzakirə aparmamış, təqdim olunan müqavilənin əslinin məhkəməyə təqdim olunmasını iddiaçıya təklif etməmişlər. Halbuki MPM-in 14.1 və 77.3-cü maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Bu zaman işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi, o cümlədən surəti məhkəməyə təqdim edilmiş sənədin əslinin təqdim olunmasını tərəflərə təklif edə bilər. Bununla bağlı, Kollegiya qeyd edir ki, Ali Məhkəmənin həmin göstərişinə əsasən İddiaçıla "xxxx" ASC arasında bağlanmış 13.03.2008-ci il tarixli kredit müqaviləsi və həmin müqaviləyə əsasən onun bankdan 50000 manat məbləğində pulu almasına dair 13.03.2008-ci il tarixli kassa məxaric orderlərinin əsllərinin təqdim olunması iddiaçı tərəfə təklif olunmuş, buna əsasən də həmin sənədlərin əslləri onun tərəfindən məhkəməyə təqdim edilmişdir. Nəticə: Göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qətnamənin hazırda yoxlanılan hissəsində əsaslı olduğundan təmin edilməli, qətnamə yoxlanılan hissədə, yəni “dəymiş maddi zərərə görə 20.000 manat pulun tutulması tələbi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə ilə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabdehə aid edilməlildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Qaradağ Rayon Məhkəməsinin 2(002)-198/2020 saylı, 08 iyun 2020-ci il tarixli qətnaməsi yoxlanılan, yəni “dəymiş maddi zərərə görə 20.000 manat pulun tutulması tələbi” hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilsin. Cavadeh Cavabdeh MMC-dən 20.000 manat alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar