Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-807/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçı Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh Tahir Həmidovun vəkili (nümayəndəsi) Vəkil Gəray oğlunun iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 033/09 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 132.000 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 10.032 manat məbləğində pulun, “İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişinin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun hər 3 cavabdehdən müştərək qaydada tutularaq Banka ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş və cavabdehlər Cavabdeh2, Ə.Dadaşovaya və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsində istifadədə olan 0,018752 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 5 otaqlı, 78 kv.m yaşayış, 51.4 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, ev satıldığı halda evdə yaşayanların evdən 1 aydan gec olmayaq çıxarılmaları və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən Cavabdeh1 iddiaçı Bankdan illik 12 faiz dərəcəsi ilə 12 ay müddətinə 132.000 manat məbləğində kredit almışdır. İş üzrə digər cavabdehlər Cavabdeh1 qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq birgə mülkiyyətlərində olan mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı Bank ilə cavabdehlər qarasında xx.xx.2009-cu il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Göstərilənlərə və “Kredit müqaviləsi” üzrə öhdəliklərin son icra tarixi xx.xx.2010-cu il tarixdə bitməsinə baxmayaraq Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca və vaxtında icra edilməmiş və nəticədə onun Banka 132.000 manat məbləğində əsas kredit borcu, 10.032 manat məbləğində isə faiz borcu yaranmışdır. Bank tərəfindən Cavabdeh1 edilmiş xəbərdarlıq nəticə verməmiş, o, Banka olan borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman “İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişinin” qeydə alınması üçün 30 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumlarını ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iddia müddətinin keçməsi səbəbindən iddianı təmin etməmiş və iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxmış Rayon Məhkəməsi iddia müddətini tətbiq edərkən, sübutları ətraflı araşdırmamışdır. Cavabdeh T.Həmidovun vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı Bankın nümayəndəsi və digər cavabdehlər apellyasiya baxışının iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, bu müqaviləyə əsasən Cavabdeh1 illik 12 faiz dərəcəsi ilə Bankdan 12 ay müddətinə 132.000 manat məbləğində kredit almış və üzərinə öhdəlik götürmüşdür ki, həmin krediti ödəmək üçün kredit məbləğini və kredit məbləğinə hesablanmış faizləri aybaay, hissə-hissə, Bank ilə aralarında razılaşdırılmış qrafik üzrə Banka ödəyəcək. Cavabdehlər ilə Bank arasında xx.xx.2009-cu il tarixdə bağlanmış “İpoteka müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, “Kredit müqaviləsi” üzrə Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq iş üzrə cavabdehlər Cavabdeh2, Ə.Dadaşova və Cavabdeh3 özlərinin birgə mülkiyyətlərində olan fərdi yaşayış evini Bankın xeyrinə ipoteka ilə yüklü etmişlər. Bu yüklülük “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmış və bu barədə reyestrdən müvafiq “Çıxarış” verilmişdir. İşin hallarından müəyyən edilir və Cavabdeh1 tərəfindən mübahisə edilmir ki, o, “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş Banka olan borcunu ödəməmiş və nəticədə onun Banka 132.000 manat məbləğində əsas kredit borcu, 10.032 manat məbləğində isə faiz borcu yaranmışdır. İşin müəyyən edilmiş halını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh1 iddiaçı Bank qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. Buna baxmayaraq işə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı Bankın iddiası iddia müddətinin ötürülməsi səbəbindən təmin edilə bilməz. Bank apellyasiya şikayətində qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia müddətini tətbiq edərkən, sübutları ətraflı araşdırmamışdır. Məhkəmə bildirir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən görünür ki, Rayon Məhkəmə müzakirə edilən məsələni araşdırarkən “Kredit müqaviləsinin” qüvvədə olduğu müddəti, iddia ərizəsinin verilmə tarixini, iddia müddətinin axımının dayandıran halların mövcud olub-olmamasını araşdırmış və belə qənaətə gəlmişdir ki, Bankın iddiası iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməlidir. Məhkəmə, Rayon Məhkəməsinin mövqeyini əsaslı hesab edir. Belə ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış “Kredit müqaviləsi” xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş, Cavabdeh1 tərəfindən Banka heç bir ödəniş olmamış, Bank pozulmuş hüququnun bərpası ilə bağlı iddia ilə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman Cavabdeh1 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək Bankın iddiasına iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı Bank müddətinin üzürlü səbəbdən buraxılmasını və ya iddia müddətinin axımını dayandıran halların mövcud olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Məhkəmə bildirir ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə görə, bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilənlərə əsasən Məhkəmə iddiaçı Bankın dəlilini əsassız hesab edir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-807/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-807/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver