Məhkəmə qərarları › İş №2(103)-8077/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8077/2020

16.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8077/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, həmçinin nümayəndəsi X4, Cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun nümayəndəsi və vəkili X3m iştirakı ilə, İddiaçı cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavoduna qarşı “əmək haqqının və ödənişin hesablanıb verilməsi, gecikdirilən hər günə görə kompensasiyanın tutulması, əmək haqqının yenidən hesablanmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulması, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və elektron bildirişin ləğv edilməsi və yenidən əlavə işinə bərpa olunması, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-198/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavoduna qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Radioquraşdırma” zavodunun əmək haqqı ödənişləri üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək İddiaçı olan əmək haqqının işəgötürən tərəfindən tərtib olunan Məcburi Dövlət Sosial Sığortası haqları üzrə rüblük hesabatlarda öz əksini tapmaqla yenidən hesablanmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulması və iddiaçıya olan 1477,17 manat əmək haqqı borcunun “Radioquraşdırma” zavodundan tutularaq iddiaçının xeyrinə ödənilməsi; “Radioquraşdırma” zavodu tərəfindən əmək haqqı ödənişinin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq, yəni xx xxxxxx 2019-cu il tarixdən faktiki hesablaşma günü daxil olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqlarının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində kompensasiyanın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi; iddiaçının əvəzçilik üzrə bağlanmış xx xxxxxx 2013-cü il tarixli əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilməsi barədə 01k saylı, xx xxxxxx 2019-cu il tarixli əmrin və xx xxxx 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin ləğv edilməsi və iddiaçının əlavə işinə (həmin vəzifəyə) bərpa olunması; işçiyə-iddiaçıya vurulan mənəvi zərərin əvəzi olaraq 7.000 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2013-cü il tarixdən “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olaraq əvəzçilik üzrə bağlanmış əmək müqaviləsinə əsasən əsas iş vaxtı ərzində Kadrlar şöbəsinin rəisi vəzifəsində işləmiş və şöbə rəisinin vəzifə təlimatına uyğun bütün funksiyaları həyata keçirmişdir. xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək (xx xxxx 2019-cu il tarixindən hamiləliyə və doğuşa görə sosial məzuniyyətə çıxmışdır) Kadrlar şöbəsinin rəisi vəzifəsini icra etməsinə baxmayaraq, ona heç bir məlumat verilmədən, ona əmək müqaviləsinin və ştat cədvəlinə uyğun Kadrlar şöbəsinin 13-cü dərəcəli şöbə rəisinin aylıq əmək haqqının 50 faizi aylıq 298 manat olmaqla əmək haqqı hesablanıb ödənilməmişdir. Cavabdeh 2018-ci ilin sonundan hazırlanmış əmri əsas gətirərək əmək haqlarının hesablanmasını rədd etmişdir. İşəgötürən qanunsuz olaraq iddiaçının məlumatı olmadan əmək haqlarının tam şəkildə hesablanmamasına sərəncam vermişdir. Həmçinin əlavə iş yerindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə heç bir müraciət etmədiyinə və işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı heç bir xəbərdarlıq almadığına baxmayaraq iddiaçıya ünvanlanmış 24/147 nömrəli xx xxxx 2019-cu il tarixli məktubda da bu haqda heç bir məlumat öz əksini tapmamışdır Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-198/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx xxxx 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin ləğv edilməsi, İddiaçı əlavə işinə (həmin vəzifəyə) bərpa olunması, cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əmək haqqı ödənişləri üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək İddiaçı olan 1.477,17 (bir min dörd yüz yetmiş yeddi manat on yeddi qəpik) manat əmək haqqının ödənilməsi, cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun üzərinə 2019-cu il üçün Məcburi Dövlət Sosial Sığorta haqları üzrə rüblük hesabatlarda əksini tapmaqla əmək haqqının yenidən hesablanması öhdəliyinin qoyulması, cavabdeh tərəfindən əmək haqqı ödənişinin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq, yəni xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində 2.481,64 (iki min dörd yüz səksən bir manat altmış dörd qəpik) manat kompensasiyanın iddiaçıya ödənilməsi, iddiaçıya vurulan mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat pul vəsaitinin cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodundan alınaraq İddiaçı ödənilməsi, cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodu tərəfindən 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manatın cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodundan alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmə iclaslarında iştiraklarının təmin edilməməsi və iddia tələbində göstərilənlərin həqiqəti əks etdirməməsi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı həm əsas iş yeri kimi, həm də əvəzçilik qismində çalışdığı yerlər eyni iş yeri olmuşdur. İddiaçı əsas iş yerindən məzuniyyətə çıxdıqdan sonra, əvəzçilik əsasında işlədiyi yerdən də məzuniyyətə çıxmaq istəmişdir. İddiaçı zavoda aid elektron imza, möhür və sənədləri özündə saxlayaraq əmri icra etməmiş, bu vəziyyətdən faydalanmağa çalışmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndələri, həmçinin vəkili iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin qismən təmin edilən hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissələrlə əlaqədar apellyasiya şikayəti vermişdir.Beləliklə qətnamənin, iddia tələbinin təmin edilməyən hissələri hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Kollegiya izahatları bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodu arasında xx xxxxxx 2013-cü il tarixdə əvəzçilik üzrə bir il müddətinə əmək müqaviləsi bağlanmış, iddiaçı həmin tarixdən Kadrlar şöbəsinə 13-cü dərəcəli şöbə rəisi vəzifəsinə təyin edilmişdir. Onun aylıq əmək haqqı 224 manat təşkil etmişdir. Daha sonra iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi hər il əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanan son müddətli müqavilənin müddəti xx xxxxxx 2018-ci il tarixdə başa çatmışdır. Lakin tərəflər arasında müqavilənin müddətinin bitməsinə baxmayaraq etibarlı işgüzar münasibətlər xx xxxx 2019-cu il tarixədək davam etmişdir. İddiaçı xx xxxx 2019cu il tarixdə ərizə ilə fəaliyyət göstərdiyi zavoda müraciət edərək, xx xxxx 2019-cu il tarixindən sosial məzuniyyətə çıxması ilə əlaqədar yanvar-may aylarının əmək haqlarının hesablanmasını xahiş etmişdir. Məhz bu müraciətdən sonra tərəflər arasında mübahisələr yaranmış və nəticədə xx xxxx 2019-cu il tarixdə İddiaçı ilə “Radioquraşdırma” zavodu arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, xx xxxxxx 2013-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 01k saylı xx xxxxxx 2019-cu il tarixli əmrə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması əsas gətirilərək işçi işdən azad edilmişdir. Bununla belə Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Göründüyü kimi iddiaçı xx xxxxxx 2013-cü il tairxdən cavabdeh təşkilatda işə başlamış və işin materiallarından məlum olur ki, xx xxxxxx 2019-cu il tarixədək (yəni 6 il) fasiləsiz olaraq orada işləmişdir. Belə olan halda “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun tək tərəfli olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilə bilməzdi. Həmçinin qeyd olunmalıdır ki, əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxx 2019cu il tarixli əmr X2 daxil olunmamışdır. Eyni zamanda, xx xxxxxx 2013-cü il tarixli əmək müqaviləsinin 9-cu bəndində işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən işçinin qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilməsi qeyd olunsa da, çıxarılmış əmr barədə iddiaçı əvvəlcədən məlumatlandırılmamış, onun məlumatlandırılması və çıxarılmış əmrin ona təqdim olunması və ya tərəfindən imzalanması barədə hər hansı sübut məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin X2 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Kollgiya onu da qeyd edir ki, işəgötürən tərəfindən müvafiq elektron sistemə işçi ilə bağlanmış əmək müqaviləsinə xx xxxx 2019-cu il tarixdə xitam verilməsinə dair qeydiyyat aparılsa da, belə bir qeydiyyatın aparılmasına əsas ola biləcək işəgötürənin əmri mövcud deyildir. Sözügedən əmr iş materiallarına daxil edilməmişdir. Bildirişdə müqaviləyə xitam verilməsi barədə əmrin nömrəsi 18ş olaraq qeyd edilmişdir. İşəgötürən işdən azad olma ilə bağlı bildirişi sistemə daxil edərkən işçinin işdən azad olunması barədə müstəqil əmrə istinad etmək əvəzinə, sosial məzuniyyətin verilməsi haqqında 18ş nömrəli, xx xxxx 2019-cu il tarixli əmrə əsaslanmışdır. Bununla da əmək qanunvericiliyinin tələbləri işəgötürən tərəfindən kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən tərəflər arasında olan əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. (83-cü maddə) Həmçinin, xx xxxx 2019-cu il tarixli elektron bildirişə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndi üzrə, yəni tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilmişdir. Lakin İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə heç bir müraciət edilməmişdir. Eyni zamanda, işəgötürən tərəfindən işçiyə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı heç bir xəbərdarlıq olunmamışdır. Eyni zamanda, iş materiallarından da aydın olduğu kimi, hazırkı iş üzrə iddiaçı 14 iyun tarixində hamilə vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına əsasən işəgötürən tərəfindən hamilə qadınlarla müqaviləyə xitam verilməsinə yol verilmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən hamilə qadınların əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi bu Məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər. Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur. Yuxarıda göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Həmçinin kollegiya belə hesab edir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əgər əvəzçilik qaydasında işləyən işçi əsas iş yeri üzrə məzuniyyətə çıxmışdırsa (iş materiallarına əlavə edilmiş məktubdan görünür ki əsas iş yeri üzrə 18ş nömrəli əmrə əsasən işçiyə sosial məzuniyyət verilmişdir) əvəzçilik üzrə işlədiyi iş yerində də ona sosial məzuniyyət verilməli idi və birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir. Kollegiya iddia tələbinin “cavabdehin əmək haqqı ödənişləri üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək iddiaçıya olan 1.477,17 manat və cavabdeh tərəfindən əmək haqqı ödənişinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində 2.481,64 manat kompensasiyanın “Radioquraşdırma” zavodundan tutularaq iddiaçının xeyrinə ödənilməsi” hissəsi barədə birinci instansiya məhkəməsinin gəldiyini nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin ”Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. İşin müəyyən olunmuş hallarına əsasən iddiaçıya 2019-cu ilin yanvar ayından 2019-cu ilin iyun ayının 11-dək olan dövr üçün əmək haqqı ödənilməmişdir. İşçiyə ödənilməli olan əmək haqqının məbləğinin hesablanması üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Məhkəmə xx xxxxxx 2020-ci il tarixli ekspert rəyini sübut qismində qəbul etməmişdir. Belə ki, ekspert rəyi tərtib olunarkən iddiaçıya ödənilməli olan əmək haqqının məbləği hesablandığı zaman onun 2013-cü ildə bağlanmış əmək müqaviləsi üzrə aldığı əmək haqqı, yəni 224 manat pul nəzərə alınmaqla hesablanmışdır. Halbuki iş materiallarında mövcud olan elektron bildirişlərdə işçinin 2018-ci il üçün nəzərdə tutulan əmək haqqı 298 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya ödənilməli olan əmək haqqı borcu və kompensasiyanın məbləğinin yenidən hesablanması üçün işə müstəqil ekspert cəlb etmiş və xx xxxxxx 2020-ci il tarixli rəyi ilə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinə qədər olan müddət üçün 1.477,17 manat əmək haqqının cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodundan İddiaçı ödənilmədiyi, həmçinin iddiaçıya kompensasiya məbləğinin 2.481,64 manat miqdarında olduğu müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin “cavabdeh “Radioquraşdırma” zavodunun əmək haqqı ödənişləri üzrə xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək İddiaçı olan əmək haqqının işəgötürən tərəfindən tərtib olunan Məcburi Dövlət Sosial Sığortası haqları üzrə rüblük hesabatlarda öz əksini tapmaqla yenidən hesablanmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulması” hissəsi ilə bağlı gəldiyi nəticəni də əsaslı hesab edir. Belə ki, əmək qanunvericiliyinə əsasən, məzuniyyət haqqının ödənilməsi üçün işçinin tam əmək haqqına aid edilən bütün növ ödəmələr nəzərə alınmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, işçinin 2019-cu il üçün əmək haqqı ödənilmədiyindən o sosial müavinəti alarkən onun əvəzçilik üzrə işlədiyi iş yerinin əmək haqqı ödəmələrə daxil edilməmişdir. Odur ki, iddia tələbi əmək haqqı ilə bağlı hissədə təmin olunduğundan cavabdeh “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun üzərinə 2019-cu il üçün Məcburi Dövlət Sosial Sığorta haqları üzrə rüblük hesabatlarda əksini tapmaqla əmək haqqının yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından cavabdehin nümayəndəsinin əvvəlki məhkəmə proseslərində iştirak etdiyi, sonuncu məhkəmə iclasının keçirildiyi tarixi və yeri özündə əks etdirən bildirişin cavabdehin məhkəməyə məlum olan ünvanına göndərildiyi, lakin onun nümayəndəsinin məhkəmə iclasına gəlmədiyi aydın olur – məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməməyin məsuliyyətini cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-198/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. . Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar